Kamran Əsədov :"...Sonradan ailə saxlamaq məsuliyyətinə, çətinliyinə düşdükdə isə bunun öhdəsindən gələ bilmirlər. Ona görə kişilərin məktəblərə cəlb olunması aktuallaşır "
"Azərbaycan orta və ali məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində çalışanların əksəriyyəti qadınlardır”.
Bunu Sherg.az-a təhsil müəssisələrində kişi müəllimlərin az olmasının nəticələrindən danışarkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, hazırda dövlət bağçalarında çalışanların sayı 16 min nəfərə yaxındır, onların hamısını xanımlar təşkil edir:
"Ümumi sayı 4481 olan orta ümumtəhsil məktəblərində isə 151 min müəllim çalışır. Onların 73 faizini qadınlar, 27 faizini isə kişilər təşkil edir. Təəssüfləndirici məqam ondan ibarətdir ki, orta məktəblərdə çalışan kişi müəllimlərin yaşı 45-dən yuxarıdır. Bu da onu göstərir ki, onlar gənc nəsillə işləməkdə problem yaşayırlar.
Ali təhsil müəssisələrində də problem qalmaqdadır. Xüsusi təyinatlı ali təhsil ocaqlarını çıxmaq şərtilə, ümumi ali təhsil müəssisələrində gender bərabərliyi ciddi pozulmasa da faiz fərqi 60-ın 40-adır. Xarakterin formalaşması sərt qaydalardan irəli gəlir.
Reallığı danışaq ki, bu gün evdə kişilər daha çox işdə olurlar, övladın tərbiyəsi ana sayəsində formalaşır. Uşaqlar bağçaya gedəndə qadın müəllimə görür, ibtidai siniflərdə qadınlardan dərs alır. Sözsüz ki, onlar bizim ana-bacılarımızdır, amma şəxsiyyətin formalaşmasında kişilərin rolu danılmazdır”.
Azərbaycanda işə qəbul zamanı hətta cinsi azlıqların nümayəndələrinə məhdudiyyət nəzərdə tutulmadığını diqqətə çatdıran ekspertin sözlərinə görə, qanunvericilikdə elə bir ayrı seçkilik yoxdur:"Xüsusi təyinatlı müəssisələri çıxmaq şərtilə ümumi iş yerlərində də cinsi fərq qoyulmur. Kişilər bəzi müəssisələrdə ona görə çalışmırlar ki, verilən əməkhaqqı çox cüzidir. Xüsusilə təhsil müəssisələrində verilən əməkhaqqı ailə başçısının ailənin ehtiyaclarını ödəmir. Kişilər ona görə məcbur olur ki, daha uzun vaxt itkisi ilə, əziyyətli bir işə girsin yüksək gəlir qazana bilsin. Beləliklə, bir sahəni düzəldəndə digər sahədə problem yaşayırıq.
1960-cı illərdə Çində "Sərçə müharibəsi” adlanan islahat aparıldı. Hazırda bizdəki bu problem ciddi görünmür. Gələcəkdə ailələrin dağılmasının da əsas səbəbinin məhz kökündə bu durur ki, kişilər artıq möhkəm xarakterə malik deyil. Onlar evdə qadın, məktəbdə qadın, universitetdə qadın kimi yüngül psixologiya, sərt olmayan qaydalarla yaşayırlar. Sonradan ailə saxlamaq məsuliyyətinə, çətinliyinə düşdükdə isə bunun öhdəsindən gələ bilmirlər. Ona görə kişilərin məktəblərə cəlb olunması aktuallaşır. Bu həm də gender qoruyuculuq funksiyasıdır.
Bununla bağlı Ailə, qadın və uşaq problemləri komitəsi xüsusi layihələr həyata keçirməlidir. Necə ki, müəllimlərin işə qəbulu zamanı həvəsləndirici tədbirlər həyata keçirilir, ali məktəblərə qəbulda 500-dən çox bal toplayıb, müəllimliyi seçənlərə 100 manat əlavə təqaüd ödənilir, müəyyən işlərdə həvəsləndirmək üçün 60 manat əlavə pul ödənilir, işlədiyi məktəb 20 kilometr uzaqdadırsa, 100 manat əlavə pul verilir, bu cür layihələr genişləndirilməlidir. Beləliklə, kişi müəllimləri məktəblərə cəlb edə bilərik. Azərbaycan müharibə şəraitində yaşayır. Belə vəziyyətdə isə xarakterin formalaşmasında kişilərin rolu artırılmalıdır.
Mən pedaqoq olaraq deyə bilərəm ki, apardığım araşdırmalar nəticəsində, kişi və qadın müəllimlərdən alınan biliklərin müqayisəsində fərqlər aşkarlamışam. Şagirdlərin kişi müəllimlərdən aldığı biliklər və nəticələri daha yüksəkdir. Kişi müəllimlərin təhsildə uğuru qadın müəllimlərlə müqayisədə daha üstündür. Ona görə, dövlət xüsusi proqram hazırlamalı, kişi müəllimlərin məktəbə cəlb etməlidir”.
Aysel Aslan