Amerikadakı seçkilərdə rus barmağı var

Tofiq Abbasov: “Bu dövlətlərin özlərinə xas qarşıdurma formatları mövcuddur”


"Rusiya ABŞ-da keçirilən seçkilərə müdaxilə edib və bu hal gələcəkdə təkrarlana bilər”. Bunu Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, amerikalılar Rusiyanın seçkilərə müdaxiləsini ciddi qəbul etməlidirlər: "Çünki xarici dövlət bizim seçki prosesimizə zorla müdaxilə edərək nəyi düşünməyimizə və necə səs verməyimizə təsir edib”. Komi bildirib ki, məsələ tək demokratlar və ya respublikaçılara deyil, bütün ölkəyə aiddir. Xatırladaq ki, ABŞ Rusiyanı 2016-cı ildə Demokratlar Partiyasının resurslarına hücum etməkdə və məlumatları "WikiLeaks” saytına ötürməkdə suçlayıb. Rusiya tərəfi isə bütün ittihamları rədd edib. Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin "vətənpərvər xakerlər ABŞ-dakı seçkilərə müdaxilə edə bilər” şəklində açıqlama vermişdi. 

İddialarla bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Tofiq Abbasov deyib ki, Amerika və Rusiya kimi güclü dövlətlər başqa ölkələrin daxili işlərinə qarışmaq üçün kifayət qədər texniki-maddi resurslara sahibdirlər. Onun sözlərinə görə, ABŞ və Rusiyanın biri-birinə rəqib münasibətdə olması heç kimə sirr deyil: 

"Bu dövlətlərin özlərinə xas qarşıdurma formatları mövcuddur və istədikləri zaman qarşı tərəfin seçki proseslərinə nüfuz edə bilirlər. Amma hər dəfə də bunu inkar edirlər. Rusiyanın sabiq prezidenti Boris Yeltsin ikinci dəfə seçiləndə ABŞ-ın müəyyən qurumları seçkiyə ciddi müdaxilə etdilər. Onların seçkiyə müdaxiləsi və baş verən saxtakarlıq Yeltsinin yenidən qələbə qazanmasına səbəb oldu. Vaşinqton Yeltsinin hakimiyyətdən getməsini istəmirdi, çünki keçmiş rəhbər içkiyə qurşanmışdı və proseslərə nəzarət edə bilmirdi. Ətrafındakı qondarma demokratlar da meydan sulayırdılar və ABŞ-ın əlindən su içirdilər. Amerika ilə Rusiya əlaqələrinin bərbad vəziyyətdə olması onlar üçün əlverişli idi”.

Politoloqun fikrincə, artıq əks istiqamətdə proses gedir, indi seçkiyə müdaxilə edən tərəf Rusiyadır: 

"İddialar bu yöndədir, amma hələlik bunu sübut edəcək dəqiq faktlar mövcud deyil. Reallıq isə odur ki, baş verən müdaxilələri zərərsizləşdirəcək vasitələr, metodlar demək olar ki, yoxdur. İnformasiya və texnologiya əsridir. Bu sahədə inkişaf o qədərdir ki, texnoloji vasitələrlə qarşısı alınmaz əməliyyatlar həyata keçirmək mümkündür. Kompüter texnologiyasının inkişafı eyni zamanda casusluğun inkişafına da gətirib çıxarır. ABŞ-ın məsələyə hay-küylə yanaşmasının səbəbi var. Amerikada bəzi qüvvələr Hillari Klintonun məğlubiyyətindən hələ də özlərinə gələ bilmirlər. Onlar hesab edirlər ki, impiçmentlə Donald Trampı hakimiyyətdən devirmək mümkün olacaq. Ona görə də "Moskvanın seçkiyə müdaxilə” məsələsini qabardırlar”.

İsmayıl