Dəhşətli dalğa artıq İrana çatıb

Terror artıq region üçün ciddi təhlükəyə çevrilir
Tehrandakı qanlı hadisə ilə İŞİD göstərdi ki onlar üçün əlçatmaz dövlət yoxdur

İranda terror hücumları davam etməkdədir. Ötən gün Xomeyni türbəsinə, Tehran metrosunun "Xomeyni” stansiyasına və parlament binasına hücum edildi. Terror hücumu nəticəsində 17 nəfər həlak oldu, 40-a yaxın insan yaralandı. Terrorçular məhv edilsə də, hazırda İranda vəziyyət gərgin olaraq qalmaqdadır. Yeni aktların olacağı şübhəsizdir. Ekspertlərə görə, heç kim terrorçuların hücumlarından sığortalanmayıb.

Parlament binası və Xomeyninin məqbərəsi İranda xüsusi mühafizə olunan obyektlər idi. İranda bu cür terror hadisələri baş verirsə, deməli, digər yerlərdə də ola bilər. Bu baxımdan əsas diqqət terrora qarşı mübarizə sahəsində əməkdaşlığa yönəldilməlidir. Azərbaycan, İran və digər ölkələr sıx şəkildə əməkdaşlıq etməlidirlər ki, terrorçularla mübarizədə effektiv nəticə əldə olunsun. 

Kriminalist-tədqiqatçı İlqar Altay "Şərq”ə açıqlamasında deyib ki, regionu terror bürüdüyü halda bunun Azərbaycandan yan keçməyəcəyi və buna hazır olmağımız barədə dəfələrlə mətbuatda narahatlığını bildirib:

"Böyük güclərin mənfur maraqlarının Azərbaycan üzərində kəskin kəsişməsi ilə bu təhlükə son zamanlar ikiqat artıb. Bu gün artıq terror Suriya, İraq, Türkiyədən sonra İrana yetişib. İrandakı hadisələr, baş verən terrorlar insanların kütləvi yığışdığı yerdə yox, Parlament və Xomeyninin mavzoleyində baş verməsi bu qəsdlərin motivində İran hakimiyyəti və şiəlik ideoloji sistemini sarsıtmaq məqsədindən xəbər verir. Müəyyən mənada sünni-şiə məzhəbləri ilə bağlı problemin rezonansını vurğulayır. Ancaq nə səbəbdən olur-olsun, bu terrordur, terror qəbuledilməzdir, pislənməlidir”. Ekspertin sözlərinə görə, dəhşətli dalğa yaxın qonşumuz İrana çatıbsa, bizim ölkədə olma ehtimalı da artıq reallığa çevrilə bilər. Bu təhlükəni biz müxtəlif tərəflərdən gözləyə bilərik. Düşmən ermənilərin vəziyyətdən sui-istifadə edərək İŞİD adından terror törədə bilərlər. Müxtəlif anti-Azərbaycan və ya Azərbaycanda marağını gerçəkləşdirə bilməyən qüvvələrin, dövlətlərin terroru sifariş etməsi da ehtimal edilir. Ona görə də dayanmadan müvafiq dövlət orqanları bu barədə qabaqlayıcı tədbirlərini görməlidirlər. İctimaiyyət mətbuat, QHT-lər, ziyalılar və orqanlar tərəfindən bu məsələyə hazırlanmalıdır”.

İsmayıl