Ölkədə dərman qıtlığı yaşanmayacaq

Depoların kifayət qədər dərman ehtiyatı var


"Allah dərd verəndə dərmanını da verir” misalını yəqin ki, hamı eşidib. Lakin indiki dövrdə bu deyim heç də yerinə düşmür. Yəqin atalarımız indiki şəraiti bilsələr, ümumiyyətlə, dərman adını çəkməzdilər. Çünki müasir dövrdə xəstələnən şəxs canının dərdindən çox cibinin dərdini çəkir.

Bundan sonra isə xəstələrin dərman dərdi bir az daha böyüyəcək. Çünki Rusiya dərman ixracını dayandırıb. Təbii olaraq, Rusiyanın dərman ixracını dayandırması ilə bağlı qərarı bu ölkədən

dərman alan MDB ölkələrində narahatlığa səbəb olub. Azərbaycanın Rusiyadan dərman idxal etdiyini nəzərə alsaq, deməli, yaranmış problemin bizə də təsiri qaçılmazdır. Odur ki, yaranmış vəziyyətin Azərbaycanın dərman bazarında bahalaşmaya səbəb olub-olmayacağı cəmiyyətdə suallar doğurur. Səhiyyə Nazirliyindən isə əmin edirlər ki, narahatlığa əsas yoxdur. Çünki Azərbaycan Rusiyadan cəmi 14 faiz dərman idxal edir ki, onları da digər MDB ölkələrinin məhsulları ilə əvəz etmək olar. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Azərbaycanın dərman bazarının 14 faizini Rusiyanın istehsal etdiyi dərman preparatları təşkil edir: "Azərbaycanın dərman bazarında Rusiya istehsalı olan dərman preparatları 14 faiz təşkil edir. Amma həmin dərmanların tərkibcə və keyfiyyətcə eyni olanları Azərbaycana Ukraynadan, MDB ölkələrindən də gətirilir. Ona görə də Rusiyanın müvəqqəti xarakter daşıyan bu qərarı Azərbaycanda dərman qıtlığına səbəb olmayacaq. Üstəlik, depoların kifayət qədər dərman ehtiyatı da var”.

İqtisadçılar isə hesab edir ki, Rusiyanın bu qərarı süni qiymət artımına səbəb ola bilər. Qiymət artımının qaçılmaz olduğunu söyləyən İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramovun qənaətincə, Rusiyanın dərman ixracını dayandırması müəyyən qiymət artımlarına gətirib çıxaracaq: "Azərbaycana idxal olunan dərman preparatlarının təxminən 12 faizə qədəri Rusiyanın payına düşürdü. Təbii olaraq, Rusiyanın dərman ixracını dayandırması Azərbaycana idxal olunan dərmanların sayının azalmasına gətirib çıxaracaq. Eyni zamanda Rusiyadan idxal olunan dərmanların bir qisminin alternativi olmadığı üçün onun digər ölkələrdən gətirilən dərmanlarla əvəz edilməsi texniki baxımdan xeyli çətindir. Çünki Rusiyadan idxal olunan dərmanların qiyməti digərlərinə nisbətən ucuzdur. Ancaq həmin dərmanlara alternativ olaraq xaricdən gətirilən dərmanlar çox bahalıdır”. Rusiyanın dərman ixracını dayandırmasının apteklərdə Rusiya istehsalı olan dərmanların qıtlığı ilə nəticələnəcəyini vurğulayan iqtisadçının sözlərinə görə, dərman qıtlığı isə eyni zamanda apteklərdə qiymət artımı ilə müşahidə olunacaq. "Bu qaçılmazdır. Əgər və idxal bərpa olunmazsa, qadağalar daxili bazarlarda dərman preparatlarının 5 faiz bahalaşmasına səbəb olacaq. Hətta güman edirəm ki, biz yaxın vaxtlarda apteklərdə qiymət artımlarının şahidi olacağıq”.

Şəymən