Ziya Məmmədovun tapşırığı...

Nəqliyyat müfəttişlərinin özbaşınalığına son veriləcəkmi?


Deyəsən, nəqliyyat müfəttişlərinin özbaşınalığı, artıq nəqliyyat naziri Ziya Məmmədovun səbir kasasını daşdırıb. Əks halda, ilin-günün bu çağında Z.Məmmədov işçilərini başına yığıb, müşavirə keçirməzdi.

Qeyd edək ki, nazirin sədrliyi ilə keçirilən müşavirədə sərnişin və yük daşınmaları sahəsində mövcud vəziyyət müzakirə edilib. Nazir bu sahəyə ciddi nəzarət edilməsi, daşıyıcılara xəbərdarlıq edilməsi barədə tapşırıq verib. Həmçinin o, lisenziyasız fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsi, avtobus və taksi parkının yenilənməsi, müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınması göstərişini verib. Nazir ehtiyat sürücü bazasının yaradılması, elektron ödəmələrin tətbiqi, avtobusların qrafiklərə uyğun hərəkətinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı mövcud olan nöqsanların aradan qaldırılması və bu istiqamətdə yeni standartların tətbiqi ilə bağlı da ciddi xəbərdarlıqlar edib.

"Deməli, nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətləri o qədər geniş vüsət alıb ki, nazir qəti şəkildə onlara xəbərdarlıq edib” bu sözləri nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov Z.Məmmədovun qəti xəbərdarlıqlarına münasibət bildirərkən deyib. Bu xəbərdarlığın nə dərəcədə perspektivli olacağına gəldikdə isə ekspert qeyd edib ki, hər şey nazirin səmimiyyətindən asılıdır: "Nazir göstəriş verdiyi halda Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün qurumlar da həmin tapşırığı icra etməlidirlər. Əgər nazirin xəbərdarlığının icrasında səmimiyyət olsa, effektli nəticələr əldə etmək olar. Nazirin bu addımı sadəcə görüntüyə hesablanıbsa, onda müsbətə doğru heç nə gözləməyə dəyməz. Ola bilsin ki, nazirin bu xəbərdarlığından sonra müvəqqəti olaraq, nəqliyyat müfəttişlərinin qanunsuz fəaliyyətlərində müəyyən "geriçəkilmələr” olsun. Lakin nazirlik bu problemi aradan qaldırmaq üçün ciddi tədbirlər aparmadıqca, onların özbaşınalığı daha da geniş vüsət ala bilər”.

Nəqliyyat sahəsində çox ciddi problemlərin olduğunu deyən Ə.Hüseynovun sözlərinə görə, çatışmazlıqlar qanunvericilikdə və praktikada açıq-aydın görünür. Qanunvericiliklə bağlı

problem odur ki, nəqliyyat müfəttişlərinin fəaliyyəti, nəzarət mexanizmi, xüsusən də departament işçilərinin yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücüləri məsuliyyətə cəlb eləməsi ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. Eyni zamanda, onları yüksək səviyyədə təlimatlandırmaq lazımdır ki, qanun adı altında özbaşınalıq etməklə vətəndaşların hüquqlarını pozmaq olmaz. Hər hansı bir dövlət məmurunun qanun çərçivəsindən kənara çıxmasının özü artıq cinayət sayılır. O ki qaldı nəqliyyat müfəttişlərinin sürücünün sənədlərini almaq, hələ bu azmış kimi onu döymək. Hesab edirəm ki, qanunvericilikdəki boşluğu aradan qaldırmaq və müfəttişləri təlimatlandırmaqla bu problemi aradan qaldırmaq olar. Əgər doğrudan da aidiyyəti qurum problemin həllində maraqlıdırsa?

Şəymən