Alim Qasımov: "Soyuqdan donuruq, belə də dərd olar?”





Xalq artisti Alim Qasımov yaşadığı rayonda işıqların yanmamasından və soyuqdan donduqlarında şikayətlənib. ANS PRESS-in məlumatına görə dünya şöhrətli muğam ifaçısı bu barədə açıqlama verərək: "Soyuqdan donuruq. Qar yağan gündən işıqlarımız heç bir saat da yanmayıb. Belə də dərd olar? Əgər bu gün də işıq yanmasa, bütün ailə üzvlərimizlə birlikdə donacağıq”.
Abşeron rayonu aşağı Güzdək qəsəbəsində atası, oğlu nəvəsi ailəsi ilə birlikdə yaşayan sənətçi soyuqlar düşməzdən öncə də işıqların yarım saatdan bir söndüyünü bildirib. Bu hadisə ilə əlaqəli Alim Qasımov əlaqədar təşkilatlara müraciət olunduğunu vurğulayıb:
"Problemin həll olunması üçün hər yerə müraciət etmişik. Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə Bakı Elektrik Şəbəkə işləməlidir. Amma mən bu evdə elektrikin yanmağını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur”- deyə sənətçi bildirib.