AKP fiaskoya uğrayacaq

Ərdoğanın partiyası Ankara və İstanbulda qalib gələ bilməyəcək
Elman Nəsirov: “Gülənin siyasi təşkilat yaratması və partiyanın seçkilərə qatılması barədə yayılan iddiaları təsadüfi saymıram”



Rüşvət əməliyyatından sonra qardaş Türkiyədə ictimai-siyasi mühit daha da ağırlaşıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan və tərəfdarları xaos içərisindədir. Xalq artıq hakim partiya olan AKP-yə etimad göstərmir.

Belə bir vəziyyətdə Gülən camaatının yaxın perspektivdə partiya yaradacağı gündəmdədir. Bu barədə Türkiyənin tanınmış qəzet yazarı Fehmi Koru bildirib. Onun fikrincə, tanınmış din adamı hazırda ABŞ-da yaşayan F.Gülənin adamları martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra, yaxud prezident seçkiləri ərəfəsində yeni partiya quracaqlar. F.Korunun yazdığına görə, siyasi proseslərin indiki gedişi də camaatın yeni partiya quracağını istisna etmir: "Camaatın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verməyəcəklərini bilirik. Ona görə yaxında yaradacaqları partiyanı da öyrənəcəyik”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Şərq”ə bildirib ki, məlum hadisələrdən sonra AKP hökumətinin nüfuzuna ciddi ziyan dəyib: "Korrupsiya əməliyyatından sonra partiyanın sıralarını tərk edənlər oldu. Martda keçiriləcək bələdiyyə seçkilərinə qatılacaq şəxslər də AKP-dən üz döndəriblər. Bu da o anlama gəlir ki, hakim partiya seçkilərdə fiaskoya uğrayacaq. Məxsusi olaraq Ankara və İstanbul kimi şəhərlərdə hakim partiya çox zəif səs üstünlüyü ilə qalib gələ bilirdi. Son hadisələrin fövqündə adıçəkilən şəhərlərdə qalib gəlməsi sual altına düşür. Bunu etiraf etmək lazımdır. Ərdoğan bunları çox gözəl dərk edir. İndi də ölkə mətbuatında belə bir məlumat yer alır ki, bələdiyyə və 2015-ci ildə gerçəkləşəcək prezident seçkilərinə qatılmaq üçün Gülən özünün yeni partiyasını təsis edəcək. Bu təşəbbüsün mümkün olub-olmamasını demək çox çətindir”.

Ekspertin sözlərinə görə, hər hansı bir planı həyata keçirməzdən əvvəl onu ictimai müzakirəyə buraxırlar: "Cəmiyyətin reaksiyasını öyrənirlər. Bu baxımdan Gülənin siyasi təşkilat yaratması və partiyanın seçkilərə qatılması barədə yayılan iddiaları təsadüfi saymıram. Bunların öncədən yayılması cəmiyyətin rəyinin öyrənilməsinə hesablanıb. Bilmək istəyirlər ki, belə addım atsalar, qurumun sıralarına neçə faiz adam qatıla bilər. Bu kimi sualların cavabını bilmək üçün partiya yaradılmazdan qabaq cəmiyyətə belə informasiya ötürülür”.

E.Nəsirov qeyd edib ki, Gülənin partiya yaratması cəmiyyətin rəyindən asılıdır: "İctimaiyyətin reaksiyası adekvat olarsa, təşkilatın təsisi baş tutacaq. Üstəgəl, Gülən AKP-dəki seyrəlməni nəzərə alıb, niyyətlərini reallaşdırmağa çalışacaq. Bir daha qeyd edirəm ki, cəmiyyət buna adekvat reaksiya verməsə, partiyanı yaratmağın heç bir effekti olmayacaq. Düşünürəm ki, proseslər bələdiyyə seçkisindən öncə aydınlığını tapacaq. Yaxın zamanlarda mübahisəli sualların cavabı tapılacaq”.

Ayyət Əhməd