“Təqaüdçü siyasətçiyə fikir verməyin”

“Azərbaycan tərəfi Sarkisyana qarşı edilən belə ittihamlara sevinməməlidir”


Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Libaredyan rəsmi İrəvana qarşı ağır ittihamlar səsləndirib. O, prezident S.Sarkisyanı Qarabağı rüşvətlə Rusiyaya satmaqda ittiham edib: "İndiki

hakimiyyət Dağlıq Qarabağ rəhbərliyi ilə birlikdə praktiki olaraq Ermənistanın müstəqilliyini və Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edib və bu, rüşvət formasında edilib”.

J.Libaredyanın fikrincə, Sarkisyanın Gömrük İttifaqına üzvlüyü qəbul etməsi də "satılmışlığın” bir nümunəsidir: "Əks halda nə baş verəcəkdi ki? Türkiyə Ermənistana hücum edəcəkdi, yoxsa Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcəkdi? Hamı yaxşı bilir ki, Türkiyənin bizə hücum etmək fikri yoxdur. Rusiya isə heç vaxt Qarabağı bizə vəd etməyib və etmir də”. Erməni siyasətçinin dediklərini şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev "Şərq”ə verdiyi açıqlamada bildirib ki, deyilənlər həqiqət olsa da, bu kimi fikirlərin Azərbaycana heç bir xeyri yoxdur: "Libaredyan Rusiya ilə Ermənistanın bu qədər inteqrasiya olmasının əleyhinədir. O, Ermənistanın müstəqil siyasət yeritməsini və bunun yollarının da qonşularla yaxşı münasibətdən keçdiyini deyir. Amma Libaredyan keçmiş prezident L.T.Petrosyanın müşaviri olub. Xatırlayırsızsa, 1996-cı ildə Petrosyan özü də bu cür fikirlər səsləndirirdi. O da deyirdi ki, Ermənistan ilk növbədə Türkiyə və Azərbaycanla qonşuluq əlaqələrini yenidən bərpa etməli və bu dövlətlərin müttəfiqinə çevrilməlidir. Eyni Libaredyan kimi o da kəskin dillə Rusiyanı ittiham edir və Dağlıq Qarabağla bağlı təkliflər səsləndirirdi. Amma sonrakı hadisələr göstərdi ki, söylənilənlərin reallaşması mümkün deyil. Hətta cəza olaraq, Petrosyanı prezidentlik kürsüsündən devirdilər”. Politoloq qeyd edir ki, Sarkisyan hakimiyyətinə qarşı söylənilən fikirlər bu gün erməni mətbuatında öz əksini tapır. Ancaq məsələ burasındadır ki, deyilənlər həqiqət olsa da, bu kimi fikirlər Dağlıq Qarabağ problemini həll etmir: "Azərbaycan tərəfi Sarkisyana qarşı edilən belə ittihamlara sevinməməlidir. Çünki yüz belə fikrin söylənməsi bir Azərbaycan kəndinin erməni işğalından azad olmasına gətirib çıxarmır”.

E.Mehdiyev Libaredyanın hansısa siyasi məqsədlər üçün danışdığını düşünmür: "Bu cür çıxış Rusiya və Ermənistan hökumətləri üçün faydasızdır. Fikrimcə, keçmiş müşavirin açıqlamaları təsadüfdən ortaya atılıb. Libaredyan siyasətdə deyil və indiki hökumətə müxalifdir. O, təqaüdə çıxmış siyasətçi kimi kənardan siyasi prosesləri sərbəst şəkildə şərh edir və deyir ki, indiki gediş Ermənistanın xeyrinə deyil. Müxalif tərəfdə olan bir adamın bu şəkildə açıqlama verməsi təbii qarşılanmalıdır. Bizim həmin şəxslə çoxlu söhbətlərimiz olub. Keçmiş müşavirin hansı fikirdə və niyyətdə olduğunu yaxşı bilirik”.

İsmayıl