Xəstə əsgərlər geri göndərilir

Millət vəkili bunu Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti arasında narazılıq kimi dəyərləndirməyin əleyhinə olduğunu bildirib

 

Müdafiə Nazirliyi daha 157 əsgəri geri göndərib. Yanvar ayında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan və hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xeylisində xəstəlik aşkarlanıb və 157 nəfər geri qaytarılıb. Qeyd edək ki, ilin əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti SQ-nin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir.

Xatırladaq ki, ötən ayda təkrar yoxlanış zamanı 106 əsgər evə göndərilmişdi. Təkrar yoxlamanın çox vacib olduğunu deyən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçılarda müəyyən xəstəliklərin aşkar edilərək geri qaytarılmasını Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti arasında narazılıq kimi dəyərləndirməyin əleyhinə olduğunu bildirib:

"Müdafiə Nazirliyinin bir müddət əvvəl əsgərliyə aparılan gənc çağırışçıların təkrar tibbi yoxlanışdan keçiriləcəyi ilə bağlı bəyanatını çox müsbət dəyərləndirirəm. Təqdirəlayiqdir ki, ölkəmizdə gənc çağırışçıların daha mükəmməl tibbi baxışdan keçirilməsinin vacibliyi dərk olunur. Şübhəsiz ki, bu prosesi iki qurum arasında etinadsızlıq kimi dəyərləndirməkdənsə, işə məsuliyyət və hərbi sahədə mövcud olan bu problemin daha köklü həlli istiqamətindəki təkliflərin gündəmə daşınmasının tərəfdarıyam. Səfərbərlik Xidməti keçmiş hərbi komissarlıqların yerində formalaşıb. Sözsüz ki, bu qurumun da zərurətdən yaradılmasını hər birimiz qəbul edirik. Xatırlayırsınızsa, həmin dövrdə komissarlıqların adı və imici cəmiyyətdə o dərəcədə aşınmışdı ki, insanların o quruma etibarı qalmamışdı. Vətənpərvərliyin ilk addımdaca bu qədər tapdalanması, müxtəlif komissarlıqlar qarşısında az qala ticari sövdələşmələr kimi dislokasiya və yerlərin müəyyənləşməsi probleminin qarşısını almaq üçün dövlət məhz bu qurumu meydana çıxardı. Lakin tibbi vəziyyətinə görə, insanların tam əsaslı və güclü bir şəkildə yoxlamadan keçməsinə hələ də nail olmaq mümkün deyil. Çünki keçmiş sovetlər dövründə Komissarlıqlar yanında yaradılmış hərbi tibbi komissiyalarda hər bir sahə üzrə xəstəlikləri aşkarlamaq üçün yetərli qurğular yoxdur. Yaxşı bilirsiniz ki, tibbi baxış zamanı yeniyetmələrə göndəriş vərəqəsi verilir ki, müxtəlif xəstəxanalarda müayinədən keçməklə sağlam olduqlarına dair arayış gətirsinlər. Bəzi gənclərin də bu arayışı özlərini sındırmamaq, yoldaşlarından seçilməmək üçün bəzən gözəyarı, bəzən də əlüstü yollarla əldə etdiyi hamımıza bəllidir. Bütün bu proseslərin nəticəsində də tibbi cəhətdən heç də hərbiyə yararlı olmayan gənclər xidmətə gedərək həm özləri, ailələri, həm də xidmət yoldaşlarını ciddi təhlükə qarşısında qoyurlar. Ordu məhz sağlam şəxslərin xidmət etdiyi bir məkana çevrilməlidir. Bu mənada ordumuzu cənginə alan bu problemin köklü həllinə nail olmaq üçün bütün hərbi-tibbi komissiyaları ləğv eləmək, bunun əvəzində isə hərbi klinika və ya poliklinikalar formalaşdırmaq lazımdır. Həmçinin ölkənin əksər ərazilərində fəaliyyət göstərən ixtisaslı xəstəxanalar, diaqnostik mərkəzlərin üzərinə bu səlahiyyətləri qoymaqla çağırışçıların tibbi durumu haqqında daha dəqiq məlumatlar almaq olar. Onda artıq xidmətə xəstəlik daşıyıcısı olan gənclər düşməyəcək”. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan və xəstəlik aşkarlanıb geri qaytarılan əvvəl 106, indi isə 157 gənc çağırışçının məsuliyyətinin hansı qurumun ayağına yazılacağına gəldikdə isə millət vəkili indiki halda məhkəmə rolunda çıxış etmək istəmədiyini deyib: "Ortada konkret faktlar varsa və bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac varsa, bu yöndə aidiyyəti qurumlar tərəfindən müxtəlif araşdırmalar həyata keçirmək olar”. Hərbi ekspert, psixoloq Azad İsazadə isə hesab edir ki, Müdafiə Nazirliyinin bu addımı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sıradan çıxarılmasına hesablanıb: "157 çağırışçının ordudan geri qaytarılması hərbi tibbi komissiyanın fəaliyyətsizliyindən xəbər verir. Hansı ki, həmin Komissiyanın birbaşa vəzifəsi çağırışçıları yoxlamaq və onlar arasından orduya yararlı olanları təyin etməkdir. Komissiyanın fəaliyyəti şəffaf olmadığı üçün əksər vaxtlarda səhhətində problemi olan gənclər hərbi xidmətə göndərilir. İstisna deyil ki, nazirliyin bir müddət əvvəl əsgərliyə aparılan gənc çağırışçıların təkrar tibbi yoxlanışdan keçiriləcəyi ilə bağlı bəyanatı Səfərbərlik Xidmətinə qarşı yönəlib. Düşünürəm ki, yeni müdafiə naziri həmin qurumu yenidən nazirliyə tabe etmək istəyir. Bunun üçün də əlində yetəri qədər arqument və faktlar var. Nazir həmin faktları ictimaiyyətə nümayiş etdirməklə cəmiyyətə çatdırır ki, yeni yaradılan qurum çağırışçıları normal müayinədən keçirmək iqtidarında deyil. Ancaq heç kəs zəmanət verə bilməz ki, Xidmət yenidən nazirliyə tabe olunsa belə, hərbi tibbi komissiyalar şəffaf fəaliyyət göstərəcək və xəstə uşaqları orduya göndərməyəcəklər. Hesab edirəm ki, hərbi xidmətə çağırış zamanı korrupsiya halları aradan götürülsə, indiki şəraitdə belə düzgün yoxlamaların aparılması mümkündür”.

Şəymən