Baş yazarlardan cavab gəldi

Aydın Quliyev: “Seymur Verdizadənin söylədiklərini uğurlu çıxış hesab etmirəm”
Natiq Məmmədli: “Püxtələşmiş baş redaktorların nəsə öyrənmək üçün başqa ölkəyə getmələri anlaşılan deyil”


Mətbuat Şurasında Azərbaycan-Türkiyə mediasının əlaqələri mövzusunda keçirilən tədbirdə narazılıq yaşanıb. Tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) rəhbəri Seymur Verdizadə Türkiyəyə KİV-lə bağlı tədbirlərə gedən tərkibin dəyişdirlməsini təklif edib:

"Türkiyəyə heyət göndərəndə ora sıravi jurnalistlərin də adları daxil edilməlidir. Həmişə eyni adamlar gedir, bu adamlar da baş redaktorlar olur”. S.Verdizadənin etirazına münasibət bildirən baş redaktorların məsələyə münasibəti isə birmənalı olmayıb. JAM rəhbərinin narazılığını haqlı görənlərlə yanaşı, jurnalisti etirazdan dolayı ittiham edənlər də olub.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, S.Verdizadənin etirazının tədbir mövzusuna, müzakirə apardığımız əsas məsələnin mahiyyətinə dəxli yox idi: "Düşünürəm ki, dostumuz Seymur bu məsələni qaldıranda ciddi taktikasızlığa yol verdi. Tədbir həmin məsələnin yeri deyildi. Fikrimcə, başqa formatda aparılan müzakirələr zamanı Türkiyəyə təcrübəyə gedənlərin kimliyi məsələsini qaldırmaq daha doğru olardı. O ki qaldı xarici səfərlərə göndərilən media nümayəndələrinin tərkibi məsələsinə, bu tərkib müxtəlif orqanlar tərəfindən müəyyən olunur. Bəzən Mətbuat Şurası və KİVDF, bəzən isə Azərbaycandakı səfirliklər tərəfindən müəyyənləşdirilir. Ona görə də həmkarımız S.Verdizadənin söylədiklərini uğurlu çıxış hesab etmirəm”.

"Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli isə qeyd edir ki, məntiqi baxımdan baş redaktorların təcrübə keçməsinə ehtiyac yoxdur: "Əgər bir adam kollektivə rəhbərlik edirsə, onun təcrübə toplamaq üçün xarici ölkələrə getməsinə lüzum yoxdur. Çünki həmin adamın kifayət qədər səriştəsi var ki, o artıq hansısa media qurumunun başında dayanır. Bu baxımdan qəzetin yaradıcı işinə rəhbərlik edən püxtələşmiş baş redaktorların nəsə öyrənmək üçün başqa ölkəyə getmələri anlaşılan deyil və bu, turist səfəri ilə eyni mahiyyət daşıyır”. N.Məmmədli deyir ki, gənc jurnalistlərin, xüsusən də, mətbuata yeni gələnlərin xarici ölkələrdə müəyyən biliklərə, yeniliklərə yiyələnməsi daha məqsədəuyğundur: "S.Verdizadənin fikirlərini və təklifini düzgün qəbul edirəm. İstərdim ki, qəzetin texniki heyəti xarici ölkələrə gedərək qəzet tərtibatında yenilikləri, reportyorlar isə meydanlarda düzgün çəkiliş aparmağı öyrənsinlər”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə vurğulayıb ki, Mətbuat Şurası ilə KİVDF-nin son iclaslarında gənc jurnalistlərin xarici ölkələrdəki seminarlarda iştirak etməsi məsələsi müzakirə olunub: "Hər iki qurum vasitəsilə bu ideya tezliklə həyata keçiriləcək. Biz də razıyıq ki, təcrübəsi az olan jurnalistlər tək Türkiyədə deyil, dünyanın inkişaf etmiş istənilən ölkəsində seminarlara qatılsınlar. Bu, mühüm və faydalı işdir”.

İsmayıl