“Sovetski” sakinləri evlərindən çıxmayacaq

“1500 manat bizi qane etmir, bu pulla hardan ev almaq olar?”


Paytaxtın "Sovetski” kimi tanınan ərazisində söküləcək tikililər Çingiz Mustafayev küçəsindən başlanacaq. Ç.Mustafayev küçəsindən Süleyman Rəhimov küçəsinə qədər ərazini əhatə edəcək ilkin söküntü bumu hissə-hissə başqa küçələrə də çatacaq. Mülk sahiblərinə isə kvadratına 1500 manat təklif olunur. Hökumətin təyin etdiyi məbləğ dəyişməz və şərhsiz elan edilib. İlk həmlədə yüzlərlə mənzilin buldozer qabağına verilməsi planlaşdırılır. Hələlik isə evlərin söküntüsünə nə vaxt başlanacağı bilinmir. Ehtimal olunur ki, icra işləri yaz aylarından start götürəcək. Bu zaman kəsiyində isə mənzil sahibləri ilə dialoq aparılır, bir-bir evlərə bildiriş göndərilir, hesablama işləri görülür.

Bakı şəhərinin Baş Planına uyğun olaraq paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanır.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov APA TV-yə deyib ki, sözügedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata keçiriləcək. Onun sözlərinə görə, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək: "Akademik Milli Dram Teatrının arxasından başlayan ərazi, Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı 2-ci mərhələdə, Təzə Pir məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən "Nizami” metrosunun arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək”.

Qış bulvarının davamı olaraq həmin ərazi abad bir parka çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onu da bildirib ki, yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni layihələndirmə işləri rayon icra hakimiyyəti, Maliyyə Nazirliyi, "Azəryolservis” ASC-nin nəzdində olan "Azərekspert” təşkilatı ilə birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki,

hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib: "Vətəndaşın istifadəsində olan mənzillər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri yoxdur. Amma oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək”.

Artıq qarşılıqlı razılaşma əsasında müvafiq vəsaitin 45 ailənin bank hesablarına köçürüldüyünü deyən Səməd İslamov bildirib ki, yaxın 2 ay müddətində söküntü işlərinə başlanacaq. "Köçürülən ailələrə ayda 500 manat olmaqla iki aylıq kirayə pulu da ödənilir. Ancaq sözügedən küçələrdə məskunlaşan sakinlər icra nümayəndəsi qədər optimist deyil. "Sovetski” məhəlləsinin sakinlərindən kimi danışdırsan, evlərinin söküləcəyindən, onlara verilən kompensasiyanın azlığından gileylənir. Hamısı da təklif olunan qiymətə ev ala bilməyəcəyindən rahatsızdır. Onlar küçədə qalma ehtimallarının böyük olduğu qənaətindədir”.

Salatın Əsgərova küçəsinin sakini Fazilə Məmmədova evinin təxmini 50 kvadrat metr olduğunu bildirib: "1500 manat məni qane etmir. Bu pulla harda ev almaq olar? Mən "Sovetski” adamıyam, mərkəzi prospektdə yaşayıram. Mən niyə şəhərin mərkəzini qoyub ucqarlarda yaşamalıyam? Burda böyük narazılıq qopacaq. Biz razılaşan deyilik. Heç olmasa, 2 min manatdan artıq pul versinlər, çıxım. 1500 manatla burdan çıxıb hara gedim? Hər yerdə evin kvadratı 1700-1800 manatdır. Qərar qəbul etməzdən əvvəl heç olmasa, kasıbları da fikirləşsinlər”.

Qeyd edək ki, "Sovetski”nin bir qrup sakini isə gözləmə mövqeyində dayandıqlarını vurğulayıblar.

Digər sakin Loğman Qoçiyev:

" 1500 manata nə etmək olar? 20 kvadrat metrə görə 30 min manat pul veriləcək. Bu məbləğə harada ev alım? Ailədə 8 nəfərik, uşaqlar böyüyüb. Normal pul versinlər ki, özümüzə bir yuva quraq. Razı deyilik, mənzilimizdən çıxmayacağıq. Evinin sahəsi az olan sakinlərə kömək edilməlidir. Dövlət büdcəsindən yardım ayrılmalıdır. Yoxsa camaat küçədə qalacaq. Heç olmasa, hər kvadrat metrə görə, 2000-2500 manatdan versinlər, biz də başımızı salmağa bir ev alaq”.

Birinci qrup əlil olduğunu vurğulayan Loğman dayı bu yaşdan sonra çöllərə düşüb, ev axtarmaq gücünün qalmadığını deyib: "İmkansız, xəstə adamam. Nolar, mənə can yandırsalar, evlə təmin etsələr? Yaşı keçmiş iki oğlumu, evimiz darısqal olduğu üçün hələ də evləndirməmişəm. Buraları söküb, nə tikirlər- tiksinlər. Özləri bilən məsləhətdir. Ancaq bizə yaxşı kompensasiya ödəsinlər. Əgər 1500-dən artıq pul verməsələr, evdən çıxan deyilik”.

Arif Abışov isə pul yox, evinin əvəzində ev istəyənlərdəndir: "Ailədə 9 nəfərik. 4 nəvəm, 2 oğlum, bir qızım və yoldaşımla birlikdə hamımız bir yerdə qalırıq. 1500 manatla mən kimi, harada yerləşdirə bilərəm? Heç olmasa, 2500 manat versinlər ki, biz də özümüzə bir gün ağlayaq. Ya da ki, oğlanlarımın hərəsinə bir ev versinlər. Eybi yox, yoldaşımla mən başımızı salmağa bir "deşik” taparıq. 73 yaşım var, pul mənim nəyimə gərək? Əgər bizim istəklərimiz yerinə yetirilməsə, çıxan deyilik. Tək biz yox, "Sovetski” sakinlərinin əksəriyyəti bu bölgüdən narazıdır. Ayın 16-na da 173 nömrəli məktəbin qarşısında mitinq təyin olunub. Deyəsən, aidiyyəti qurumdan da kimisə dəvət ediblər. Ona da sözümüzü çatdıracağıq. Biz onların işinə qarışmaq niyyətində deyilik. "Sovetski”ni söküb, əvəzində nə tikirlər- tiksinlər. Sadəcə bizi küçələrdə qoymasınlar”.

"Ümidimiz sizədir, bizə kömək edin” deyən "Sovetski” sakini Məlahət Əhmədova isə evsiz-ocaqsız qalacaqlarından nigarandır: "Axı 1500 manatla biz harada ev alaq? Hamıya hər kvadrat metrə görə, 2000-2500 manat pul verirlər. Bizə çatanda da deyirlər ki, prezidentin qərarı var, hər kvadrat metrə görə, 1500 manat kompensasiya verilməlidir. Onu da ki, Allah bilir axırda başımıza nə oyun açacaqlar. Hətta Nərimanov rayonunun sakinlərinə evin dəyərindən əlavə hər ay 400 manat olmaqla kirayə pulu da ödəyiblər. Bizə niyə bu cür qayğı göstərmirlər. Onlardan yüksək şəraitli ev istəmirəm ki? Lap köhnə binalardan da olsa, ev versin. Bir evdə 3 ailə yaşayırıq. Xəstə balam var. Bizi niyə ilin-günün bu çağında küçələrə atırlar. Mənə pul lazım deyil. 60 kvadrat metr civarında 2 otaqlı evim var. Özü də elə-belə bina deyil, qədim binadır. Öz

xoşumla çıxmağa hazıram, ancaq bizə ev versinlər. Heç olmasa, 3 dənə birotaqlı ev versinlər ki, düzdə qalmayaq”. Neçə illərdir "Sovetski”də yaşadığını deyən Məlahət xanımın sözlərinə görə, ona verilən evin harada olmasının heç bir önəmi yoxdur. Əsas odur ki, başlarını salmağa evləri olsun.

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, bu, vətəndaşın mülkiyyət hüquqlarının pozulmasıdır: "Burada söhbət mülkiyyət hüququndan gedir. Amma qanun qalıb kənarda, kobud qanun pozuntusu həyata keçirilir. Əhaliyə təklif olunan qiymətlər də bazara uyğun deyil, ərazilər də adekvat deyil. Deyək ki, "Sovetski” şəhərin mərkəzidir, Hövsan şəhərkənarı. Sovet vaxtı da köhnə məhəllələr sökülürdü, yeni binalar tikilirdi. Bəzən əhalinin çoxu getmək istəmirdi. O vaxt "Sovetski”də, lap elə İçərişəhərin özündə də yararsız evlərdən əhalinin köçürülməsinə başlanmışdı. Amma elə adam olurdu ki, köçmək istəmirdi. Köçmək istəməyən köçmürdü, ya da mərkəzə yaxın yerlərə razılaşırdılar. Yəni köçürülmə prosesində ilk növbədə sakinlərin maraqları nəzərə alınırdı. İndi isə özbaşınalıqdır. Vətəndaşa təklif olunan, onun malik olduğuna adekvat deyil. Hökumət vətəndaşların mülkiyyət hüququnu pozur, onlardan mənzili həddindən artıq ucuz qiymətə alır”.

S.Məmmədovun sözlərinə görə, vətəndaş şərtlərlə razı deyilsə, onun mənzili sökülə bilməz. Onu mütləq razı salmaq lazımdır.

Şəymən