Novruz bayramında əfv olacaqmı?

Çingiz Qənizadə: “Hələ bayrama çox var, indidən bu barədə danışmaq tezdir”
Səadət Bənənyarlı: “İnanırıq ki, martda əfv olacaq”


Hər bayram ərəfəsi olduğu kimi, Novruz bayramı qabağı da əfvlə bağlı söz-söhbətlər aktuallaşıb. Hətta Əfv fərmanı siyasi məhbuslara da şamil ediləcək. Hüquq müdafiəçilərinin fikrincə, barəsində məhkəmə hökmü olmayan məhbusların da əfv edilməsi mümkündür. Xəbərə görə, martda veriləcək Əfv fərmanına sabiq deputat Gülər Əhmədovanın da düşəcəyi istisna edilmir. Artıq bununla əlaqədar Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu ölkə başçısına məktub göndərməyə hazırlaşır.

Millət vəkili Çingiz Qənizadə isə "Şərq”ə əfvlə bağlı dəqiq məlumatı olmadığını bildirib: "Mən Novruz bayramı ilə əlaqədar əfv olub-olmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Bu barədə yayılan məlumatlar isə hələlik yalnız söz-söhbətlərdir. Əfv Komissiyası mütəmadi işləyir. Komissiya üzvləri toplaşmasa da, komissiyanın aparatdakı rəsmi şəxsləri fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan da prezident Əfv fərmanı imzalamaq istəsə, sənədlərə baxıb bir neçə günə qərar qəbul edə bilər. Həm də ki, hələ Novruz bayramına çox var, düşünürəm ki, indidən bu barədə danışmaq tezdir. Bir günün belə öz hökmü olduğunu nəzərə alsaq, bir aydan artıq vaxt qaldığı təqdirdə Novruz bayramı ilə əlaqədar Əfv fərmanından danışmaq yersizdir. Əgər bu istiqamətdə işlər aparılsa, nəticəsi də görünəcək. Əfv Komissiyasının üzvü olmadığım üçün onların fəaliyyətlərindən xəbərsizəm. Hər halda komissiya toplansa, bu barədə ilk xəbər tutan mətbuat olacaq”.

Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı ənənəyə uyğun olaraq bu bayram də əfv gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı imzalanacağı halda siyasi məhbusların azadlığa çıxacağı da istisna deyil: "İnanırıq ki, martda əfv olacaq. Bizim gözləntilərimiz budur ki, budəfəki əfv daha çox məhbusa şamil edilsin. Mütəmadi olaraq bizə edilən müraciətlərlə bağlı aidiyyəti qurumu məlumatlandırırıq. Düzdür, Əfv Komissiyası bu işlə bağlı müntəzəm olaraq işləyir. Müraciətçilərin özləri də əfvlə əlaqədar

müvafiq strukturlara müraciət edirlər. Biz də hüquq müdafiəçisi olaraq, həmin şəxslərin azadlığa buraxılmasını Komissiyadan xahiş edirik”.

S.Bənənyarlı əfv çıxarsa, ölkə başçısının siyasi məhbusları da nəzərə alacağına ümid edir: "Biz də istərdik ki, prezident fərmanı imzalayarkən köhnədən qalan siyasi məhbusların da adlarını ora əlavə etsin. Çünki həmin insanların azadlığa buraxılması çox vacib məsələdir. Çox istərdik ki, NİDA-çı gənclər də öz azadlıqlarına qovuşsun. Ancaq onların məhkəmələri başa çatmadığı üçün bu bir az inandırıcı deyil. Ən azından həmin gənclər haqqında da müəyyən humanist addımların atılması çox yaxşı olardı. Çünki bu tip məsələlər ölkəmiz üçün çox əhəmiyyətlidir”.

Şəymən