Ülvi Bünyadzadənin atası vəfat etdi





20 yanvar şəhidi Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə dünyasını dəyişib. Ailəsindən AzNews.az-a verilən məlumata görə, oğlunun vəfatından sonra 20 yanvar şəhidlərinin və yaralılarının hüquqlarının müdafiəsi ilə məşğul olan Y. Bünyadzadə bu məqsədlə 20 Yanvar Fondunu təsis edərək, bu qurumun sədri olub.
Xatırladaq ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. Fitri istedada malik Ülvi beş yaşından yazıb-oxumağı bacarıb, ilk şeirini isə altı yaşında yazıb.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu” poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.
Şəhid Ülvi Bünyadzadənin məzarı isə Bakıdakı Şəhidlər Xiyabanındadır.