Ölkədə heç bir güclü zəlzələ təhlükəsi yoxdur

"Hacıqabulda birbaşa qırılıb-düşmə olduğu üçün yeni təkanlar hiss olunmur"


"Fevralın 10-da Hacıqabul ərazisində baş vermiş zəlzələdən sonra respublika ərazisində seysmoloji aktivlik yoxdur və ərazilər fon səviyyəsindədir”.

Bu barədə "Şərq”ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində bu günlərdə yenidən zəlzələ olacağı məsələsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, ölkədə heç bir güclü zəlzələ təhlükəsi yoxdur: "Bəzi ərazilərdə çox zəif -1,4 - 0,5 bal gücündə təkanlar qeydə alınır. Bu da normal proses sayılır”. Q.Yetirmişli bildirib ki, fevralın 10-da zəlzələnin baş verdiyi ocaqda hələ yeni təkan-afterşoklar qeydə alınmayıb: "Adətən zəlzələdən sonra həmin ərazidə xırda afterşoklar qeydə alınır. Hacıqabulda isə birbaşa qırılıb-düşmə olduğu üçün yeni təkanlar hiss olunmur. Tektonik qırılmalar boyu blokların hərəkəti, sıxılma, genişlənmə mövcuddur. Onun nəticəsi olaraq da yer üzərində dalğa şəklində silkələyir və zəlzələ baş verir”.

Bundan sonra zəlzələnin olub-olmayacağına gəlincə, Q.Yetirmişli bildirib ki, Azərbaycan seysmoaktiv bölgədə yerləşir və burada tez-tez zəif təkanlar baş verir.

Son günlər hər kəsi narahat edən "8-9 ballıq zəlzələ olacaqmı” sualına gəldikdə isə Mərkəz rəhbəri yayılan informasiyaların şayiələrdən ibarət olduğunu deyib: "Azərbaycanda dağıdıcı gücə malik zəlzələnin olacağı ilə bağlı əsassız informasiyalar hər zaman yayılır. Heç kim zəlzələnin nə vaxt olacağı haqda məlumat verə bilməz. Kimsə, hansısa ballı zəlzələ haqda proqnoz verirsə, o özünün qeyri-ciddiliyini ortaya qoyur. Sizə deyim ki, Hacıqabulda zəlzələnin olacağı barədə bizdə heç bir məlumat yox idi. Hər şey gözlənilməz oldu. Həmin ərazidə nə aktivlik, nə də təkan vardı. Parametrlərin dəyişməsi kimi bir hal da yox idi. Bilirsiniz ki, qısamüddətli zəlzələ proqnozu çox problemli bir məsələdir və hətta onu əvvəlcədən müəyyən etmək qeyri-mümkündür”. Bu günə qədər Hacıqabul kimi ağlasığmaz dərəcədə sakit bir zonada indiki gücdə zəlzələ olmadığını qeyd edən Yetirmişlinin sözlərinə görə, Hacıqabulda qeydə alınan zəlzələnin dərinliyi 55 kilometr olub. Bu, Azərbaycan üçün çox böyük hesab olunur: "Əslində, zəlzələnin məhz 55 km dərinlikdə olması bizim üçün sevindirici haldır. Zəlzələ dərində qeydə alındığı üçün bütün ölkə ərazisini silkələyib. Zəlzələnin dərində olmasının müsbət xüsusiyyəti odur ki, onun dağıtma radiusu çox azdır. Ancaq hiss olunma və silkələnmə radiusu çox böyükdür. Əgər Hacıqabulda baş verən zəlzələ səthi, 8-10 km dərinlikdə olsa idi, fəsadları çox olardı. 2012-ci ilin mayında Zaqatalada baş verən zəlzələ ilə son zəlzələ eyni gücdədir. Fərq ondadır ki, Zaqatalada zəlzələ 8-10 km dərinlikdə olduğu halda, sonuncu zəlzələ dərində baş verib”. Mərkəz rəhbərinin sözlərinə görə, zəlzələnin məhz Hacıqabulda qeydə alınması Bakıda güclü zəlzələnin olacağı və 100 minlərlə insanın məhv olacağı ilə bağlı yayılan xəbərlərin təsadüf olduğunu göstərmiş oldu. Zəlzələ tamam başqa bir ərazidə baş verdi. Nəinki 100 min insan, heç bir quşun burnu da qanamadı.

Şəymən