İlham Mirzəyev “Etiraf”a dəvət olundu

Elgiz Əkbərin qaldırdığı məsələ, əslində çox ciddidir


"Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər həmkarı İlham Mirzəyevi "şarlatanlıqda” ittiham edib. Səriştəsiz psixoloqları qınayan E.Əkbər İ.Mirzəyevin psixologiya elmləri namizədi olmasına da şübhə ilə yanaşıb və onu psixologiyadan bixəbər adlandırıb. E.Əkbər İlham Mirzəyevin dələduz kimi təhqirlərə məruz qaldığının şahidi olduğunu da deyib:

"İnsanlar onun qapısında dayanıb, fala baxdırırlar. Veriliş aparır, camaata dərs keçir. Amma şarlatan, dələduz kimi təhqirlərə məruz qalıb. Mən bunu görmüşəm. Ona hansı fəaliyyətinə görə elmlər namizədi adı verildiyinin araşdırılması üçün alimlərə müraciət edəcəyəm. Şarlatanın, dələduzun böyüyüdür, aktyordur, adamları ağladır”.

Ümumiyyətlə, hazırda Azərbaycan telekanallarında adam ağlatmaq dəbdədir. Tək "Etiraf” verilişi deyil. Belə verilişlərin sayı 10-larladır. Bütün verilişlərin də dəyişməz ekspert kontingenti var: bir və ya iki müğənni (həm də mütləq şəkildə), psixoloq, hüquqşünas, ictimaiyyətdə az-çox tanınan birisi, son vaxtlar həm də din xadimi. Heç kim də maraqlanmır ki, bu psixoloq həqiqətən təsdiqlənmiş psixoloqdurmu və ya hüquqşünas həqiqətən də hüquq ixtisasını bitiribmi, haradasa çalışırmı? Eləcə din xadimi. Bu adamın dini savadı nə səviyyədədir, harada dini təhsil alıb və s. Elgiz Əkbərin qaldırdığı məsələ əslində, çox ciddidir. Axı, bu ekspertlərə efirə çıxıb insanları yönləndirmək səlahiyyətini kim verir? Deyəcəksiniz, özəl kanaldır, layihədir, layihənin rəhbəri, aparıcısı, prodüseri var, kimi istəyirlər, dəvət edirlər. Elə ona görə də belə "ağlamaq”, "dava-dalaş”, "saçyoldu” səhnələri ortaya çıxır. Verilişin reytinqi getdikcə artır. Hətta o həddə çatır ki, aparıcı İlham Mirzəyev hansısa məişət probelmini həll etməyi üzərinə götürür və "pasiyentinə” "get, özünü yandır, qanını tök onların üstünə, arxanda mən dayanmışam” deyib, aşkarcasına bir insanı ölümə, sui-qəsdə təhrik edir. Burada artıq cinayət tərkibi özünü göstərir.

Məsələnin ikinci tərəfi də ciddidir. Özünü elmlər namizədi adlandıran insanın elmi dərəcəsinin həqiqiliyini necə araşdırmaq olar? Bu, mümkündürmü?

Məsələ ilə bağlı "Şərq”ə danışan psixoloq Samir Əhmədov bunun mümkün olduğunu bildirdi:

- Azərbaycanda psixologiya ixtisası Bakı Dövlət Universiteti və Pedaqoji Universitetdə öyrədilir. Tibb Universitetində isə psixiatriya fakültəsi var, baza ixtisası da psixo-terapevtdir. Bunlar ayrı-ayrı sahələrdir. Elmi dərəcəni isə Milli Elmlər Akademiyası verir. Bunun üçün də ya gərək kiçik elmi işçi olasan, ya da doktoranturada təhsil alasan. Elmi mövzunu Elmi Şuralar təsdiqləyir. Elmi iş üzərində işləyən adam müəyyən prosedurlardan keçməlidir. Ona elmi rəhbər, assistent təyin olunur, minimum imtahanlar verməlidir və s. Özünü elmlər namizədi adlandıran (indi bu ad fəlsəfə üzrə doktor adıyla əvəzlənib) insanla bağlı Elmlər Akademiyasına sorğu göndərməklə cavab almaq tamamilə mümkündür. Amma belə də ola bilər ki, insan elmlər dərəcəsi diplomunu başqa bir ölkədə alsın. Bunu da qeyd olunan institut, yaxud akademiyaya sorğu göndərməklə müəyyənləşdirmək çətin deyil. Hazırda saxta ali təhsil diplomları olduğu kimi, saxta elmi dərəcə diplomları da var. Moskvada namizədlik diplomu metronun keçidlərində də satılır. Puluna minnət, ver, al. Bəs guya tədqiq etdiyin mövzu harada təsdiqlənib, sən o mövzunu işləmisənmi, bunların hamısını göstərilən ünvanlardan öyrənmək mümkündü.

Qaldı ki, telekanallarda dırnaqarası psixoloqların "at oynatmasına”, bilirsiz, hər malın alıcısı olduğu kimi, hər verilişin də tamaşaçısı var. İnsan xisləti etibarilə gizliliyə, sirliliyə meylli olur. Birinə desən ki, bu örtüyün altındakına baxmaq olmaz, fikri orada qalacaq ki, görəsən, orada nə var. Televiziya verilişləri də belədir. Kimlərinsə ailə "sirlərini” efirə çıxarırlar və bunu bir neçə gün əvvəldən anons edirlər. Tamaşaçıda maraq yaranır, görüm, bunun axırı nə olacaq? Axırda isə görür ki, demə, heç nə yox imiş. Tamaşaçı dəfələrlə aldanmasına baxmayaraq yenə də bu tip verilişlərə meyl edir. Çünki onu buna efir məcbur edir. Başqa seçimi də yoxdur. Bu tip verilişlərə müğənnilərin, ictimaiyyətdə az-çox tanınan adamların dəvət edilməsi yalnız reklam xatirinədir. Siz indiyədək görmüsünüz ki, "Etiraf” tipli verilişlərə ciddi bir ictimai xadim, elm adamı, həqiqi ziyalı, məşhur bəstəkar, rəssam gəlsin? Yox. Bu adamlar öz işləriylə məşğuldurlar. Belə şou xarakterli verilişlərə ancaq şou aləmində olan və ya ora qatılmaq həvəsində, istəyində olan və bununla da reytinq qazanmaq istəyənlər gəlir. Könüllü şəkildə ailə sirlərini açıb-tökürlər ortaya, özləri də başlayır ağlamağa. Bunlar hamısı reklam xatirinədir, həm dəvət olunanın reklamına işləyir, həm də kanalın. Müğənni üçün bu, piar işidir. Gündəmdə qalmaq, bununla da toy qiymətini qaldırmaq imkanıdır. Bu cür verilişlərdə gedən reklamların qiyməti "ağlasığmazdı”. Elə bilirsiz, verilişin "ən maraqlı” yerində reklamlara bağlanması təsadüfdür? Təbii ki, yox. Bunu prodüser, rejissor tərtib edir. Çünki o reklamlara görə, kanala nəhəng sərmayə axır. Əziyyət çəkənsə, yalnız tamaşaçıdır. Faktiki olaraq telekanallar tamaşaçıları istismar edir, onların hesabına nəhəng pullar qazanırlar. Tamaşaçı isə heç nə qazanmır, əksinə, itirir. Vaxtını, qiymətli zamanını və daha qiymətli olan sağlamlığını - əsəblərinin gərilməsi səbəbindən. Verilişlərə dəvət olunan psixoloqlar, falçılar, ekstrasenslər isə verilişə çıxmaq müqabilində fərdi konsultasiya saatlarının qiyməti qalxır. Deməli, tamaşaçıdan başqa hər kəs qazanır. Telekanallara, aparıcılara tamaşaçıların heysiyyatı ilə oynamaq, tamaşaçını istismar etmək hüququnu kim verib? Gərək, tamaşaçı özü bunları anlasın və bu tip verilişlərdən imtina etsin.

Məlahət Rzayeva