Nazirin saxta diplomlarla bağlı mövqeyi qətidir

“Belə hallarla rastlaşdıqda, həmin məlumatları hüquq-mühafizə orqanlarına göndəririk”


Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq "SABAH” qruplarının təqdimatı barədə Bakıda keçirilən tədbirdə Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında saxta diplomlardan da söz açıb. Nazir saxta diplomlarla bağlı mövqelərinin qəti və birmənalı olduğunu deyib:

- Bu hal təhsil sistemində baş verməməlidir. Hər bir sənəd saxtalaşdırıla bilər. Amma bu, müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir. Ona görə də belə hallara tamamilə fərqli prizmadan baxılır və baxılmalıdır. Belə "diplomlar” aşkarlanarkən məlum olur ki, hansısa qanuni sənədin saxta sürəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. İstər işə götürən, istərsə də təhsil məsələlərini tənzimləyən qurum kimi belə hallarla rastlaşdıqda, həmin məlumatları hüquq-mühafizə orqanlarına göndəririk. Belə arzuolunmaz hadisələrə qarşı sərt tədbirlər görülür. Gələcəkdə də belə önləyici tədbirlər davam etdiriləcək.

- Bəzən qanuni diplomların verilməsində qanunsuzluqlar aşkarlanır...

- Diplom özü-özlüyündə sənəd olaraq qanunidir. Dövlət tərəfindən hazırlanıb və verilir. Etiraf edək ki, onun verilməsində qanun pozuntuları baş verir. Beləliklə, hüquqi olmayan həmin sənəd verilir. Bu, birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır. Hər iki təhsil pozuntusuna qarşı TN-in mövqeyi birmənalıdır. Pozuntular aşkar olunduğu təqdirdə dövlət orqanları və TN tərəfindən müvafiq tədbirlər görülür.

- Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrə Azərbaycan hökuməti tərəfindən ayrılan təqaüdlərin verilməsində müəyyən ləngimələr var. Bu da tələbələrin etirazına səbəb olub . Gecikmələr nəylə bağlıdır?

- Həmin tələbələrə verilən təqaüdlərin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir. Təqaüdlərin vaxtlı-vaxtında verilməsi üçün son aylar ərzində TN tərəfindən addımlar atılıb. Bu prosesləri izləyirik. Əslində şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik. Bununla bağlı konkret şikayət və müraciətlər olarsa, TN-in "Qaynar xətti”nə, istər bu məqsədlə yaradılan İşçi Qrupuna müraciət edə bilərlər.

- Ölkəmizdəki ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı problemlər var...

- Ali məktəblərdə kəsri olan tələbələrin akademik borclarını ödəmək üçün alt qrupda yenidən dərs keçmələrinə görə vəsait ödəməlidirlər. Bakı Dövlət Universiteti, həm də digər ali məktəblərdə təhsil kreditləri ilə bağlı olan məsələlər Azərbaycan qanunvericiliyinə əsasən NK tərəfindən qəbul olunmuş və digər tənzimləyici aktlara uyğun olaraq həyata keçiriləcək.

- Hazırda bölgələrdə müəyyən fənlər üzrə kadr çatışmazlığı var. Regionlarda fəaliyyət göstərən müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulubmu?

- Əlbəttə, müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Ümumilikdə, bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığı bizə məlumdur. Müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır. Müəllim ixtisası üzrə hazırlanan tələbələrin gələcəkdə məcburi şəkildə orta məktəblərdə təcrübə keçməsi tətbiq olunacaq.

Ayyət Əhməd