Əli bəy Hüseynzadə Turan

Akif Aşırlı


Təkcə Azərbaycan xalqının deyil, türk-islam dünyasının övladı Əli bəy Hüseynzadə gördüyü böyük işlərdən dolayı öz həqiqi qiymətini almayan şəxsiyyətlərdəndir. Hələ Azərbaycan öz müstəqilliyini bərpa etmədiyi 1990-cı illərin əvvəlində Rafiq Zəka Xəndan bu böyük şəxsiyyətin, elm-ürfan insanının, filosofun bizlərə miras qoyduğu irsə rəğmən onun bilərəkdən unudulduğunu yazır və haqlı olaraq Əli bəy Hüseynzadəni "unudulmuş dahi” adlandırırdı. O dahi unudulurdu ki, türk-islam dünyasının inkişafını, diriliyini, həmişəyaşarlığının formulunu müəyyənləşdirib.

O dahi unudulurdu ki, islam əxlaqlı, Avropa təfəkkürlü, türkqanlı insanların yeni cəmiyyətinin mədəni-siyasi strukturunu formalaşdırıb, kanonlarını yazıya alıb. O dönəmlər Rafiq Zəka Xəndanın narahatçılığının əsası vardı. 1930-cu illərdən ta 1990-cı ilə qədər Əli bəy Hüseynzadə öz vətəni Azərbaycanda senzorların "qara kitabı”nda qeydiyyatda idi. Adı çəkilə bilməzdi. Çəkilsəydi belə, gərək onun ismi qarşısında panislamist, pantürkist, burjua mühərriri və millətçisi kimi "qırmızı yalanlara” bürünən sözlər, epitetlər yazılaydı. 30 ildən çox Qafqazın Şeyxülislamlığını həyata keçirən Əhməd Hüseynzadənin nəvəsi olduğundan və "Qurani-Kərim”i mükəmməl bilməsindən dolayı, bu böyük ədibin ədəbi-fəlsəfi irsinə xürafat damğası vurulurdu. Türklərin bu gün də bir araya gəlməməsinin əsas amilinə çevrilən vahid türkcə ətrafında fikir yürüdüb, dəlil və fakt ortaya qoyduğu üçün pantürkist adlandırılırdı. Çar Rusiyası da, Böyük Osmanlı imperatorluğu da, Sovetlər imperiyası da Əli bəy Hüseynzadədən qorxurdular. Ona görə ki, bu böyük şəxsiyyətin ortaya qoyduğu fəlsəfi-siyasi sistem türk-müsəlman dünyasının köləliyinə qarşı idi. İslamla türkçülüyü vəhdətdə götürüb Avropanın müasir siyasi sisteminə söykənən dövlətçilik xəttini irəli sürürdü. Türk-islam xalqlarının dövlətçilik sistemini, ideologiyasını bu gün bəzi alimlərin "3-lü düstur” kimi qəbul etdikləri "islamlaşmaq, türkləşmək, müasirləşmək” prinsipləri əsasında qururdu. Və qurdu, yaratdı da...

***

Kim idi Əli bəy Hüseynzadə?

Böyük mütəfəkkirin özünün 1935-ci ildə yazdığı, bir çox türk bilim adamlarının, azərbaycanlı tədqiqatçıların istifadə etdikləri "Bioqrafik müxtəsər məlumat” mənbəyinə istinadən Əli bəy Hüseynzadənin ömürlüyünə qısaca səyahət etmək olar: "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında, Kür çayı sahilində yerləşən Salyan şəhərində doğuldum. Atam Tiflis müsəlman məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə Qruzma bəylərindən Kazım bəy

Hüseynzadənin dörd oğlundan ən kiçiyidir. Annam Xədicə xanım Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır”.

Nəsil-şəcərəsi barədə faktları geniş sadalamayan Əli bəy bu iki-üç cümlədən sonra təhsil illərinə toxunur: "İlk təhsilim: türk, fars, ərəb və bir az da rusca Tiflis Müsəlman məktəbində; orta və lisə təhsilim: Tiflis 1-ci Klassik Gimnaziyasında (1875-1885); Mükafatla bitirdiyim bu məktəbdə sinif keçərkən bəzən "təhsinnamə” ilə hədiyyə aldığım da olurdu”.

Çox erkən yaşlarında atasını itirən Əli bəy babası Şeyxülislam Axund Əhməd Hüseynzadənin himayəsində böyüyür. Axund Əhməd Hüseynzadə dövrün ziyalıları, ruhaniləri içərisində böyük nüfuza sahib idi. Ə.Hüseynzadə irsinin tədqiqatçısı Azər Turan Əbilovun yazdığına görə, rus ədəbiyyatının böyük ustadı M.Lermontovun Rayevskiyə yazdığı məktubda adı keçən türk alim Əhməd, məhz Şeyxülislamın protipidir. M.F.Axundovla dostluq edən Axund Ə.Hüseynzadə dövrün tərəqqipərvər ziyalılarından hesab olunurdu. M.F.Axundov Şeyxülislam haqqında yazırdı: "Müxtəlif elmlər, fənnlər sahəsində astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz Şeyxülislamının tayı-bərabəri yoxdur”.

Nəvəsi Əli bəy Hüseynzadənin islamla yanaşı, müasir elmlərə yiyələnməsi üçün Qafqaz valisi knyaz Mixail Nikolayeviçə müraciət edən Şeyxülislam müsbət cavab alır. Əli bəy Hüseynzadənin mükəmməl təhsilinin təməli bax beləcə qoyulur. Amma dövrün ən yaxşı təhsil müəssisələrindən olan Tiflis gimnaziyasındakı təlim-tədris Əli bəyin ürəyincə olmur. O, bu barədə "Həyat” qəzetinin 1906-cı il avqustun 18-dən başlayaraq ardıcıl bir neçə sayda dərc etdirdiyi "Nümunə məktəbi”ndə yazır: "Əvvəla, mən Tiflisdə Şeyxülislamın təhti-idarəsində bulundum, təhsili-ibtidaimi orada keçirdim. Bu təhsili-ibtidaim "Qurani-Kərim”in qiraəti və farsi-ibarə, Tarixi-Nadir və Gülüstani-Sədinin mütaliəsinə münhəsir qaldı... Bir uşağın bu surətlə öz ana dili ta ibtidaidən ehmal olunub, ona zorla əcnəbi dilləri təhsil edərlərsə, nə nəticəsi hasil olur?.. İştə əməyim boşa getdi. Çünki türk olduğum halda, türkcə bilmədim. Müsəlman olduğum halda, Quranı anlamadım... Sonra isə gimnaziyada çalışmamızın böyük bir qismi havaya getdi. Çünki müddəti təhsillərimizin çoxunu bu gün bizə heç bir xüsusda lazım olmayan latın və yunan lisan və ədəbiyyatının təhsilinə sərf etdik. Bu məktəbdə qazandığım, istifadə etdiyim dərslər var idisə, o da fizika və riyaziyyat fənnləri ilə rus və fransız kimi yeni dillər idi”.

Əli bəy Hüseynzadə Tiflisdə təhsil aldığı illərdə bir çox dilləri də öyrənir. Burada fars, ərəb, rus, fransız, latın və yunan dillərini öyrənəndən sonra ingilis və çin dillərini qismən mənimsəyir. Demək olar ki, mütaliəsinin genişliyi, müxtəlif dillərdə sərbəst yazıb-oxumaq bacarığı onu türk dünyasının ensiklopedik biliyə sahib şəxsiyyət kimi tarix səhnəsinə çıxardı. Ə.Hüseynzadəni yaxından tanıyan, Hilmi Ziya 1969-cu ilin dekabrında çap olunan "Yaş insan” dərgisində yazır: "Əli bəy türkçülük idealının ən əski və ən qüdrətli mənsublarından, ensiklopedik məlumatlara sahib, bir zamanlar bu məmləkətdə (Osmanlı İmperatorluğu nəzərdə tutulur. - A.A.) əski yunan və latıncanın həqiqi uzmanı olan, barmaqla göstəriləcək bir alimdir”.

***

Tiflis Gimnaziyasını bitirdikdən sonra Əli bəy Hüseynzadənin həyatının Peterburq mərhələsi, ali təhsil illəri başlayır. Həmin illərə qayıdan Əli bəy xatiratında yazır: "Bu rus universitet gəncliyimin ən hümmalı və üsyankar zamanına təsadüf edir. Bulunduğumuz fakültənin tələbəsindən olan Saşa Ulyanov o sıralar edam olunmuşdu (1886). Əsl ailə adı Ulyanov olan Lenin bu Saşanın kiçik qardaşıdır”. Atasının xatirələrini sonralar qələmə alıb çap etdirən Səlim Turan Leninin böyük qardaşı Aleksandrla Əli bəyin şəxsi münasibəti olduğunu vurğulayır: "Leninqrada gedərək, öncə matematik, sonra tibbi elmlərlə məşğul olur. Eyni laboratoriyada təcrübə keçən Leninin böyük qardaşı Aleksandr Ulyanovla dost olur. O (yəni Aleksandr - A.A) kristallar üzərində çalışırmış. Ulyanov bu laboratoriyada çara sui-qəsd düzəltmək məqsədiylə partlayıcı hazırlayır. Ancaq çarın avtomobilinə partlayıcını atarkən tutulur. Sui-qəsd başarısız sonuclanır”.

Əli bəy Peterburq Universitetində D.Mendeleyev, Nikolay Menşutkin, Yeqor Vaqner və Nikolay Betekov kimi məşhur rus alimlərindən dərs alır.

Uşaqlıqdan rəssamlığa meyl göstərən Ə.Hüseynzadə Peterburqda təhsil yönünü dəyişmək, Rəssamlıq Akademiyasına daxil olmaq istəyir: "Bir vaxtlar rəssamlığa çox həvəsim vardı, hətta az qaldı Peterburqun sənayen-nəfisə akademiyasına daxil olum. Ancaq ümum və fünun təhsilinə meylim qalib gəldi, məni ayrı yollara sövq etdi”.

Əli bəy peşəkar rəssamlıq sənətinə yiyələnməsə də, heç də bu sahənin ustadlarından geri qalmayan sənət nümunələri yaratdı. Filosof, ideoloq, ədəbiyyatçı, dilçi, siyasətçi olan Ə.Hüseynzadənin yaratdığı rəsm əsərləri bu gün öz dəyərini qoruyub saxlamaqdadır. Türkiyə sənətşünası Özay Erkılıcın mülahizələrinə görə, Əli bəyin sehirləyici bir üslubu var. Sağlam cizgi və perspektiv anlayışı rənglərdə tez-tez ustaca bir-birini əvəz edir.

Böyük mütəfəkkirin 2025-dən çox rəsm əsəri var ki, bu əsərlərin bir çoxu əziz övladı Feyzavər xanımın evində qorunur.

***

Peterburq universitetində təhsil aldığı müddətdə çar üsul-idarəsinə qarşı tələbə birliklərinə qatılan Əli bəy həmin dönəmi və ictimai-siyasi təşkilatlanmanın millətin taleyində oynayacağı rolu dəqiq müəyyənləşdirərək yazır: "İqtima, ittifaq və ittihad, orqanizasiya nə böyük, nə əzəmətli, qüvvətli imiş!” Peterburq universitetində tələbələrin yaratdığı gizlin cəmiyyətdən hökumət qüvvələrinin çox qorxduğunu, bunun üçün tədbirlər gördüyünü xatırlayır. Çar rejiminin polis və xəfiyyə orqanlarından yayınmağın yolu gizli tələbə təşkilatının altılıq sistemlə yaradılmasıydı ki, Əli bəy bunu "kimya tədbirilə” qurulduğunu qeyd edir. Yəni qurulan təşkilat ayrı-ayrılıqda altı nəfərlik sistem əsasında birləşirdi: "...Hər altı cüzdən biri digəri ilə bir yerdə altı gizli cəmiyyət daha vücuda gətirdiyindən cəmiyyətin əzası otuz altı nəfər oluyordu”.

Peterburqda belə gizlin cəmiyyətdə iştirakı zamanı topladığı təcrübə Əli bəyin Türkiyədə karına gəldi. Ə.Hüseynzadə irsinin tədqiqatçısı Əli Heydər Bayata görə, Türkiyədə "İttihadi-tərəqqi”nin quruluşunda bu təcrübədən yararlanıldı.

Peterburqda təhsil illəri Əli bəyə həm də çar Rusiyasının tərkibində milli-siyasi hüquqlarından məhrum olan türk bölgələrinin vəziyyətindən hali olmağa imkanlar yaratdı. Ali təhsil dalınca Peterburqa gələn türk əsilli tələbələrlə əlaqələr qurdu və məlumatlıq səviyyəsi artdı. Gürcü dostlarından biri isə Əli bəyin mənsub olduğu türk millətinin dilinin gözəlliyi barədə dediyi sözlər ömrünün sonunadək yaddaşından silinmədi. İstanbuldan təhsil almaq üçün çar Rusiyasının mərkəzinə gələn Əhməd Sədat bəy Əli bəyin ən yaxın dostlarından biri oldu.

Ə.Hüseynzadənin Peterburq universitetini bitirməyərək Azərbaycana dönməsi haqqında Azərbaycanın sovet dönəmində uydurulan məlumatın isə heç bir əsası yoxdur. Bu cürə şayiələr Ə.Hüseynzadənin öz dilindən, xatirələrində təkzib olunur: "Peterburq universitetinin fizika-riyaziyyat fakültəsi tərəfindən mənə verilən "Şəhadətnamə”ni Peterburqda aldığım xarici pasportla birlikdə keçmiş günlərin xatirəsi kimi indiyə qədər sənədlərimin arasında saxlayıram”.

Turana gedən yolun əvvəli

Ə.Hüseynzadənin həyatının Peterburq dövründən sonra Türkiyə mərhələsi başlayır. Bu elə bir dövr idi ki, nəhəng Osmanlı imperatorluğu qürub çağını yaşayırdı. Türk ziyalıları bu çöküşü əngəlləmək üçün yeni ideoloji sistem, ideya axtarışlarına baş vururdular. Əli Heydər Bayat Əli bəyin İstanbula gəlişini belə qiymətləndirir: "Peterburq universitetindən sonra İstanbula gəlib, qaz lampası işığında, çətin-ağır şərtlər altında çalışmasının tək səbəbi Türkiyə sevgisi idi”.

Türkiyənin fars-ərəb təfəkkürlü, Osmançılıq ideyasından ikiəlli yapışan ziyalılar Rusiyadan gələn türklərə isti baxmırdılar. Ə.Hüseynzadə ilə yanaşı, Əhməd bəy Ağaoğlu da "cibində rus pasportu” daşıdığı üçün az məhrumiyyətlərə düçar olmadı.

Ə.Hüseynzadəni "rəsuli-həqq” adlandıran Abdulla Cövdət "İctihad” dərgisində Əli bəydən bir zaman sorduğu: "Nə üçün Türkiyəni seçdin” sualına cavabı dərc etdirib. Əli bəyin bu suala cavabı olduqca ibrətamizdir: "Mən türkəm, mən müsəlmanam, Türkiyə bir türk və müsəlman

hökumətidir. Bu hissiyyətlə Türkiyə digər ölkələrdən fərqli vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam”.

Bu böyük türk mütəfəkkirinin, yenilikçi alimin həyatının bütün mərhələlərinə işıq salan türk tarixçiləri Ə.Hüseynzadənin Türkiyəyə gəlişinin dəqiq tarixini də verirlər: 13 sentyabr 1889-cu il, çərşənbə günü.1890-cı ildə "köç etdiyindən” dolayı ona pasport verilib.

Ə.Hüseynzadə Türkiyəyə ali tibb təhsili almaq üçün gəldi. Sənədlərini öncə türkcə tibb təhsili verən, tədrisi bir çox milliyyətçi professorlar tərəfindən aparılan Tibbi-Mülkiyə məktəbinə vermək istəsə də, arzusu əngəlləndi. "Həyat” qəzetinin 1906-cı il avqust ayı boyunca dərc etdiyi "Nümunə məktəbi” yazısında Əli bəy İstanbul universitetinə qəbul olunmamasının səbəblərini belə izah edir: "Mən zənn edirdim ki, Tiflis Birinci Gimnaziyasından və Peterburq universitetindən aldığım şəhadətnamələrlə və bir də az-çox oxumuş olduğum müsəlman dilləri sayəsində məni asanlıqla İstanbul Məktəbi - Tibbiyəsinə qəbul edərlər. Lakin... Bir çox maneələr, əngəllər zühur etdi. Mənim bu əngəllərlə başlayan İstanbul sərgüzəştim qayət uzundur. Hekayə etsəm, uzun bir kitab olar”.


Ə.Hüseynzadənin Əsgəri-Tibb məktəbinə qəbul olunması bu əski Osmanlı məktəbinin ab - havası dəyişdi. Bir çox azərbaycanlı və türkiyəli alimin gəldiyi qənaət ondan ibarətdir ki, Peterburq universitetinin məzunu, bir çox dillərdə sərbəst yazıb-oxuyan, Qərb və Avropa ədəbiyyatını qədərincə mənimsəyən Əli bəy Türkiyəyə yeni baxış, nəfəs gətirdi.

Tələbə dostlarından yaşlı olan bu Azərbaycan türkünün ətrafında gənclər yığışmağa başladı. Yusuf Akçura bu mənzərəni boyasız-filansız bu cürə təsvir edir: "Qafqazlı Əli Hüseyn əfəndinin İstanbul Əsgəri-Tibbiyəsinə daxil olması... rahiyədar bir Avropa küləyinin əsməsi kimi oldu. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq və qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir günəş kimi parladı. Yunan və latın ədəbiyyatına aşina olmaqdan əlavə, alman, ingilis, rus ədiblərini xeyli mütaliə etmiş və Şərq ədəbiyyatına şərqşünaslar nöqteyi-nəzərindən vaqif olmuşdur. Üstəlik rəssam idi və kaman çalırdı. Arkadaşlarından hamısı əski dövr ədiblərinin ad və rəsmlərini "Kiçik Larousse”dən bilirdilər. Rus fikir və ədəbiyyatına tamamən yabançı idilər. Çoxunun Qərb fikir və ədəbiyyatına bələdliyi ancaq fransız qramer və lektorlarında hecalanan parçalara dayanırdı. Əli bəy İstanbul Tibbiyə məktəbinə Qərb fikirlərini, Qərb ədəbiyyatını, Qərb irfan və mədəniyyətini, qısası Qərbi tanıtmaqda professorlardan çox xidmət etdi”.

Ə.Hüseynzadə təhsil aldığı bu illərdə, tələbəlik dönəmində yazılar yazmağa başladı.

1892-ci il türkçülüyün siyasi mənada işartısını məhz, Əli bəy Hüseynzadə özünün Turan imzası ilə qoydu.

İctimai-siyasi düşüncə sistemində, məfkurə ədəbiyyatında Əli bəy Hüseynzadəyədək turançılıq anlayışı olmayıb. Türkçülərin bu gün də sevə-sevə oxuduqları turançılığın tarixi kökləri ilə bağlı mülahizələrində istifadə etdikləri "Turan” şeiri 1892-ci ildə Əli bəy Hüseynzadə tərəfindən qələmə alınıb. Bu bir tarixi faktdır. Əli bəy Hüseynzadənin turançı düşüncəsi, fəaliyyətinə nəzər salan böyük türk mütəfəkkiri Yusuf Akçura bu mənzumə barəsində yazır: Əli bəy tibbiyə məktəbində ikən türk millətçiliyi, türkçülük, ya da turançılıq fikrini daşıyırdımı və yaydımı? Bu suala cavab verməkdən ötəri "panturanist” mənzumədən başqa əldə heç bir material yoxdur. Əli bəy bu mənzuməni hələ tibbiyə məktəbində oxuduğu dövrdə yazmış olduğunu söyləyir. H.Əlibəyin tibbiyə məktəbində təbib yüzbaşı rütbəsində diplom alıb çıxması, 1895-ci ilə təsadüf etdiyindən bu mənzumənin nəşrindən on-on beş sənə öncə meydana gətirilmiş olduğu anlaşılır”.

Y.Akçuranın yazdığı kimi, Əli bəy təbii ki, türk birliyi ideyasını, turançılıq amalını hələ gənc olduğu zaman geniş siyasi-nəzəri aspektdə əsaslandıra, ortaya qoya bilməzdi. Fikirlərin, düşüncələrin ifadəsinin ən yaxşı yolu poeziya idi ki, Əli bəy də məhz, bu variantdan yararlandı.

Müasir Türkiyə dövlətinin ideoloji banilərindən olan, Əli bəy Hüseynzadəni özünün mənəvi atası hesab edən Ziya Köyalp səmimi bir ifadə işlədir: "Rusiyadan İstanbula gələn Əli bəy tibbiyədə türkçülüyün əsaslarını başa salırdı. "Turan” adlı ilk şeiri panturanizm məfkurəsinin ilk təcəllisi idi”.

Müasir türk düşüncə sisteminin siyasi-sosial əsaslarını proqramlaşdıran, M.K.Atatürkün "ətimin və sümüklərimin atası Əli Rza Əfəndidirsə, fikirlərimin babası Ziya Köyalpdır” dediyi bu böyük şəxsiyyətin formalaşmasında iki elm adamının böyük rolu var: Əli bəy Hüseynzadə və Abdulla Cövdət. "Yaxın tariximiz” dərgisinin 1962-ci il 26 aprel sayında Əli Canip Yöntən "Ziya Köyalpa türkçülüyü aşılayan adam” məqaləsində əhatəli və faktlarla geniş toxunub.

Böyük mütəfəkkir özü bu məsələlərə işıq salaraq, türkçülüyə aid yazılarının tarixi barədə "Bioqrafiya”sında məlumat verir: "Ə.Turanı imzasıyla türklük və türkçülüyə aid olan ilk yazılarım 1904-cü ildə Misirdə çıxan "Türk” qəzetində nəşr edilib. Yusuf Akçuranın 1928-ci ildə İstanbulda çıxardığı "Türk yılı”nda bununla bağlı məlumat vardır”.

Türkiyədə soyad haqda qanun qəbul olunan zaman Əli bəy Hüseynzadə özünə Turan soyadını götürdü: "Turani adından nisbət "i”sini qaldırıb bunu kəndimə soyad olaraq seçdim. "Turani” ləqəbini 1904-cü ildə "Türk” qəzetəsində türklük, türkçülük üzərinə yazdığım məqalələrdə istifadə etmişdim”.

Əli bəy tələbəliyi dövründə Şərq ədəbiyyatından başqa qeyri bir ədəbi nümunələr oxumayan türk insanına Qərb ədəbiyyatını təqdim etdi. Henrix Heynedən, Hötedən etdiyi tərcümələri orijinaldan çevirərək "Məlumat” məcmuəsində oxuculara çatdırdı.

Hayır, ben azərbaycanlıyam. Qafqaz türküyüm

***

1989-cu ilin mayında Türkiyənin siyasi tarixində "İttihadi-tərəqqi” adlı gizlin bir cəmiyyət quruldu. Əsgəri Tibbiyə Məktəbinin tələbələrinin yaratdığı bu təşkilatda təmsil olunanların əksəriyyəti Əli bəy Hüseynzadənin dostları idi. İbrahim Temolun öncüllük etdiyi, Türkiyənin siyasi gələcəyini ittihadi-tərəqqidə görən təşkilatda İshan Sükutu, Mehmet Rəşid, Abdulla Cövdət təmsil olunurdular. Əli bəy Hüseynzadə də bu təşkilata qatıldı. Bəzi türk tarixçilərinin dərin araşdırmalara əsaslanmayan tədqiqatlarında Ə.Hüseynzadənin təşkilatın yaranmasında iştirak etmədiyi vurğulanır.

Türkiyənin özündə nəşr olunan bir neçə mənbəyə istinadən bəzi, bu cürə düşünən tədqiqatçıların fikrini təkzib etmək çətin deyil. Hilmi Ziya Ülkənin "Yeni insan” məcmuəsinin 1969-cu il 84-cü sayında "Əli Turan” yazısında "İttihadi-tərəqqi” mövzusuna da toxunulur və Ə.Hüseynzadənin əski bir ittihadçı olduğu qeyd edilir: "Əli bəy sakit və mülayim təbiəti, fəlsəfi fikirləriylə öz dostlarına təsir etməyə başlamışdır. Onlarla birlikdə "İttihadi-tərəqqi”nin başına keçmiş, fəqət

iddiasızlığı, sakit, mülayim təbiəti heç zaman ona önə keçməyə, lider olmağa imkan verməmişdi. Hər zaman kiçik toplantı iştirakçıları üzərində böyük təsirə malik olduğu halda, heç zaman başda olmağı düşünməmişdir”.

Ə.Hüseynzadənin "İttihadi-tərəqqi”nin qurucularından olmasını təsdiqləyən digər fakt Əli Canib Yöntəmin 1962-ci ildə "Yaxın tariximiz” məcmuəsində çap etdirdiyi məqalədir. Ə.Canib Yöntəm yazır ki, 1923-cü ildə M.K.Atatürkə qarşı sui-qəsdində bir çox ittihadçı kimi Ə.Hüseynzadə də həbs olunub. İstiqlal məhkəməsində ittihadçı Cavid bəyin evinə nə üçün getdiyi soruşulanda Əli bəy belə cavab verib: "Köhnə ittihadçıyam. Çağırdılar, getdim”.

Bu ağır dönəmlərdə ittihadçıların bir qismi xaricdə sığınacaq tapsa da, Əli bəy Türkiyəni tərk etmədi və həbsini, məsləkdaşı Qara Kamalın dar ağacından asılmağını göz altına aldı. Şəxsi təhlükəsizliyi üçün böyük təhlükə yaransa da, İstiqlal məhkəməsində Əli bəy heç bir təlaş, qorxu keçirmədi. Taleyinin necə olacağını səbrlə gözlədi. Məhkəmədən reportajlar, informasiyalar dərc edən Türkiyə qəzetləri Ə.Hüseynzadənin həbsinə də geniş yer verir, hətta məhkəmə salonuna gətirilən zaman fotosunu da yayımladılar.

İdeya və məslək dostu, ömürlərinin sonunadək ona qayğı göstərən Əhməd bəy Ağaoğlu bu dönəmlər Malta həbsxanasındaydı. Atasının məslək dostunun məhkəməsinə Ə.Ağaoğlunun qızı, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu da gələcəyin hüquqşünası kimi qatılır. S.Ağaoğlu "Bir ömür böylə keçdi” xatirə kitabında qeyd edir ki, İstiqlal Məhkəməsinin hakimi Ə.Hüseynzadəyə sərt suallar ünvanlayır, sakit tonda cavab alırdı. Əsassız məhkəmə proseslərində uzun müddət xatirələrdən silinməyəcək bir detal, Ə.Hüseynzadənin şəxsiyyətini, fəaliyyətini ortaya qoyacaq bir olay yaşandı. Hakimin: - "Sən şiyəmisən? Səndən şiəlik qoxusu gəlir” kimi sərsəm ittihamına gözləri yaşaran nurani Əli bəy tarixə yazılacaq ifadə işlədir:

- Hayır, ben azərbaycanlıyam. Qafqaz türküyüm.

***

"İttihadi-tərəqqi” partiyasında əsas ideoloqu, partiyanın istiqamətlərini müəyyənləşdirən Əli bəy Hüseynzadə Ə.Canib Yöntəmin dediyi kimi, heç vaxt birinciliyə iddia etmədi. Partiya yönəticilərinə nəyin necə edilməli olduğunu sakit tərzdə, məntiqlə izah etdi.

Əhməd bəy Ağaoğlunun övladı Samət Ağaoğlu atasının məslək dostunun ittihadçılar dönəmindəki böyük roluna işarə edərək yazır: "İttihadçılar dövründə, onlara istiqamət verən fikir cərəyanları, sonrakı dövrlərə nisbətdə daha çox, daha ahəngli idi. Bu adamlar nə etmək istədiklərini, nələr edəcəklərini çox yaxşı bilirdilər. Bu baxımdan, birinci sıranın arxasında fikir, düşüncə və ilham verən elə insanlar vardır ki, günün birində bunların tarixi xidmətləri bəlkə meydana çıxacaqdır. Fəqət, insan olaraq, dost və arkadaş olaraq bəlkə də məchul qalacaqlar”.

S.Ağaoğlu Əli bəyin tarixi xidmətlərini sadalamır, üstüörtülü şəkildə "birinci sıranın arxasında dayanan fikir, ideya insanı kimi, Ə.Hüseynzadənin həmişə "məchul qalacağını” yazır: "Belə insanlardan biri də atamın bəyaz saqqallı, pəmbə üzlü, gözəl gözlü, şair, musiqişünas, filosof, qəzetəçi, professor, doktor qafqazlı arkadaşıydı”.

S.Ağaoğlu Əli bəyin Türkiyənin siyasi tarixində oynadığı rolu "Pərdə arxasındakı adam”ın fəaliyyəti kimi dəyərləndirir. Türkiyəli araşdırmaçı Əli Heydər Bayat isə Ə.Hüseynzadənin partiya qurucuları sırasında yer almadığını yazır və əsas mənbəə kimi Əli bəyin özünün yazdığı "İttihadi və tərəqqi” necə quruldu” məqaləsini göstərir. Məqalənin mətnini diqqətlə oxuduqda görmək olar ki, Əli bəy tarixi sənədlərə əsaslanan akademik üslubda məqalə yazmayıb. Sadəcə, Übeydulla əfəndinin "İttihadi-tərəqqi”dəki rolu ilə bağlı xatirəsini qələmə alıb və məqalənin sərlövhəsində partiyanın necə qurulduğunu qeyd edib. Şirvandan nənəsinin göndərdiyi pulun "bir miqdarını” İhsan Sükutiyə verdiyini və bu paranın "İttihadi-tərəqqi”nin yaradılmasına xərcləndiyini ötəri qeyd edir.