Sevgililər günü ləğv olunsun

Aqşin Yenisey: “Sevən adam sevdiyi qadına hədiyyə almaq, ona şirin söz demək üçün oturub, 14 fevralı, yaxud da 30 iyunu gözləməməlidir”
Əhməd Qəşəmoğlu: “30 iyuna etirazım yoxdur, lakin 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasına kəskin etirazım var”



Bu gün 14 fevral, bir çoxlarımızın Sevgililər günüdür. Ona görə bir çoxlarımızın dedim ki, Azərbaycanda 14 fevrala münasibət birmənalı deyil. Kimisi 14 fevralı - Sevgililər gününü kimi qəbul edir və xüsusi bayram kimi qeyd edir. Kimi də bu günə xüsusi vaxt və pul ayıranları qınayır.

Hər il fevral ayı girər-girməz bir mövzu ətrafında uzun-uzadı, bəzən də yorucu müzakirələr başlayır. Mövzu 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunub- olunmaması ilə bağlıdır. Azərbaycan xalqına və müsəlmanlara xas olmayan bu bayrama hər dəfə etirazlar olur, radio və televizorlarda danışılır, qəzet və jurnallarda məqalələr dərc olunur və hamı narazılığını bildirir. Ancaq çox təəssüf ki, bunun heç bir təsiri olmur.

Bildiyiniz kimi, dünyanın hər yerində qeyd olunan Sevgililər günü özünü sevgi yolunda fəda edən Müqəddəs Valentinin xatirəsini əbədiləşdirmək məqsədilə bayram edilir. Uzun əsrlər bundan əvvəl sevgililər bu günü qeyd edərkən adlarını yumurtalara yazıb suya atır, sevgiləri naminə xüsusi kartlar düzəldirdilər. Müasir dünyada dəyişən hər şeylə bərabər isə sevgililərin biri-birinə sevgi sübut etmə tərzləri də dəyişdi. Artıq sevgililər biri-birini düşündüklərini aldıqları çiçək və hədiyyələrlə göstərməyə çalışırlar.

Ənənəyə uyğun olaraq, 14 fevralın Sevgililər günü kimi qeyd olunmasına bu il də etiraz edənlər tapıldı. Milli Məclisin deputatı Fazil Mustafa 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd edilməsinə qarşı çıxıb. Millət vəkili belə bir günün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etmədiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda Sevgililər gününün qeyd olunmasına ehtiyac yoxdur. Avropada hansısa xalqın mentalitetinə, adətlərinə uyğundursa, bunu qeyd edə bilirlər. Deputat hesab edir ki, belə günlər süni şəkildə cəmiyyətin üzərinə köçürülür: "Məzmununu, mənasını dərindən anlamadan sadəcə avropalı olaq deyə, görüntü olaq deyə belə bir günün qeyd olunması mənimçün heç bir məna ifadə etmir. Kimlərsə qeyd edirsə, bu da onların seçimidir. Ümumiyyətlə, sevgililər günü və bu formada günlərin ortaya atılması doğru deyil. Cəmiyyətə ümumiləşdirilmiş günlərin təqdim olunması ancaq o halda ola bilər ki, cəmiyyətin bütün təbəqələrinin marağına uyğun hadisə olsun”.

Gənc şair Aqşin Yenisey isə Sevgililər gününün birdəfəlik ləğv olunması ilə bağlı fikirlərini sərgiləyib. Yazarın sözlərinə görə, sevginin günü və saatı olmur. Sevən hər gün sevir. Sevməyi bacarmayan insan üçünsə, 14 fevral, 30 iyun fərq etməz: "Kütləvi bayramların mənim üçün elə də bir önəmi yoxdur. Təqvimdə qırmızı rənglərlə yazılan günlərlə adi günlər arasında heç bir fərq görmürəm. Elə tarixlər var ki, onları doğrudan da bayram günü kimi qeyd etmək olar. Məsələn, 28 May tarixi Şərqdə ilk müstəqil- demokratik Cümhuriyyətin qurulması günüdür, 20-21 Martda ölkəmizə bahar gəlir. Həmin günlərin önəmini başa düşmək olur. Sevgililər gününün bayram kimi qeyd olunmasını anlamıram”.

Gənc yazarın sözlərinə görə, bəzi vaxtlar Sevgililər gününün hansı gün tarixində qeyd olunmasını ölkə ziyalılarının Azərbaycanın prioritet məsələsi kimi qaldırmaları heç cür qəbul edilən deyil: "Bəzən ziyalılarımız, ictimaiyyət adamları hansısa tarixin Sevgililər günü kimi qeyd olunması üçün müraciətlər hazırlayır. Azərbaycan xalqının o qədər ciddi problemləri var ki, şkala ilə müəyyənləşdirsək, Sevgililər günü onların yanında axırdan birinci olar.

"Sevən adam üçün hər gün Sevgililər günüdür” prinsipi ilə yaşayan şair ironiya ilə qeyd edib ki, bir tərəfdən də hansısa bir tarixin Sevgililər günü kimi qeyd olunmağı yaxşı olardı. Çünki biz

millət olaraq biri-birimizi sevmirik, əksinə, nifrət edirik. Heç olmasa, saxta da olsa, həmin gün yalandan ətrafa sevgi sözcükləri yayarıq. Şəxsən mənim üçün hər gün Sevgililər günüdür. Sevən adam sevdiyi qadına hədiyyə almaq, ona şirin söz demək üçün oturub, 14 fevralı, yaxud da 30 iyunu gözləməməlidir. Bu gün Sevgililər gününü qeyd edən yeniyetmə, başı dumanlı gənclərdir. Hansı kişi 3 uşaq anası həyat yoldaşına Sevgililər günü hədiyyəsi alır. Əgər elə bir kişi varsa da, o elə öz arvadının tayıdır. Onun kişi olması belə mənim üçün bir az şübhə doğurur. Ürək sənin, xanım sənin. Əlindən alan yoxdur ki! Sevdiyin qadına gül almaq üçün niyə 30 iyun, ya da 14 fevralı gözləyirsən ki? Həmin hədiyyəni sentyabrın 4-də alsan dünya dağılmaz ki!”.

Azərbaycanda ümumiyyətlə Sevgililər gününün keçirilməməsi ətrafında düşünmədiyini deyən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu bayram üçün 30 iyun ən uyğun seçimdir: "Bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır”.

Millət vəkilinin Azərbaycanda 14 fevralın Sevgililər günü kimi qeyd olunmasının yanlış olması fikri ilə həmrəy olduğunu vurğulayan sosioloq bildirib ki, 14 fevral bizim üçün qondarma bir gündür: "Valentin gününün bizdə Sevgililər günü kimi qeyd olunmasının mən də əleyhinəyəm. Həmin gün bizim tariximizdən gəlməyən, milli- mənəvi dəyərlərimizə söykənməyən, hətta tərkibində müəyyən kodlar daşıyan bir bayramdır. 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasının cəmiyyətimizə, nə də mənəviyyatımıza fayda verəcək bir müsbət keyfiyyətləri var”. Mütləq Azərbaycanda hər hansı bir tarixə Sevgililər günü kimi düşəcəksə, Ə.Qəşəmoğlu 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: "Azərbaycanda Sevgilələr günü olsun-olmasın” sualı ətrafında düşünməmişəm. 30 iyuna da etirazım yoxdur, lakin 14 fevralın Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasına kəskin etirazım var”.

Şəymən