Bakıda iki dəhşətli partlayış baş verdi

İki nəfər ölüb, xəsarət alanlar var, xeyli obyektlərə ciddi ziyan dəyib


Dünən metronun "Azadlıq” stansiyası yaxınlığındakı tikilidə qaz sızmasından partlayış baş verib. Sözügedən tikiliyə yaxın yerləşən yenicə istifadəyə verilmiş "Şahənşah” restoranına da ciddi ziyan dəyib. Bu barədə şadlıq sarayının sahibi Nəriman Berdiyev bildirib. Sakinlərin dediyinə görə, dəfələrlə yoxlama aparılsa da, sızıntının hardan baş verdiyini tapmaq mümkün olmayıb. Kafenin və tikilinin qarşısındakı maşınlar da əzilib. Partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlar hadisənin baş verdiyi ərazi yaxınlığındakı "İstanbul” klinikasına gətiriliblər. Xəsarət alanlar orta yaşlı qadınlardır.

Onların kimlikləri də müəyyənləşib. "İstanbul” xəstəxanasından verilən məlumata görə, xəsarət alanlar 1961-ci il təvəllüdlü Afiyət İbadova və Səadət Ağayevadır. S.Ağayevanın partlayış baş verən an yaxınlıqdan keçən marşrut avtobusunda olduğu bildirilir. Partlayışın təsirindən sıçrayan daş avtobusun şüşəsini qıraraq ona dəyib. Rentgen müayinəsindən keçirilib. Sərnişinin qolu sınıb. A.İbadova isə üzünün sol nahiyəsində II dərəcəli yanıq xəsarəti və sol alın nahiyəsinin travması ilə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Partlayışın təsiri əsasən Süleyman Sani Axundov küçəsindəki 1b və 3b binalarında hiss olunub. Həmin binalara ciddi ziyan dəyib. Hadisə zamanı ərazidən keçən 13 nömrəli avtobusa da ciddi zərər dəyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva metronun fəaliyyətinin normal olduğunu deyib. Onun sözlərinə görə, baş verən partlayışın metroya təsiri olmayıb: "Bu, "Azadlıq prospekti” metrostansiyası yaxınlığında olub. Bunun metroya heç bir aidiyyəti yoxdur. Partlayışdan sonra elə biliblər ki, zəlzələdir. Amma sonradan səbəb aydınlaşıb. Hazırda metro normal iş rejimini davam etdirir”.

Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətlisi isə partlayan obyektin adıçəkilən rayonun keçmiş icra başçısı Alı Qocayevə məxsus olduğunu bildirib: "Bunun hansı məqsədlə tikildiyini

bilmirəm. Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisi dayandırılıb.

Dünən Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma” zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənindəki qaz sızması nəticəsində olub. Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, (BŞTTTYS) hadisə saat 16:20-də baş verib. Hadisə yerinə Stansiyanın həkim briqadaları cəlb olunub. Şahidlərin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb. BŞTTTYS-dən partlayış "LUKOİL” şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verdiyi deyilib. Stansiyadan həmçinin bildiriblər ki, hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib”.

LUKOİL-in Bakıdakı ofisindən verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar. Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış nəticəsində yaxınlıqdakı "Mitsubishi” markalı avtomobilə də ziyan dəyib, 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.

Məlumata görə, LUKOİL-ə məxsus həmin yanacaqdoldurma məntəqəsi təmirdən sonra istifadəyə verilməyə hazırlanırmış. Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yaralı 1986-cı il təvəllüdlü kişidir. Hazırda yaralının vəziyyəti kafi qiymətləndirilir. FHN-dən də hadisə zamanı iki nəfərin öldüyü bildirilib. Onlar Orucov Şamxal və İmamverdiyev Həsrətdir. Ölənlər məntəqədə aparılan son tamamlama işlərində çalışan şəxslər olub.

Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı "LUKOİL” şirkəti komissiya yaradıb. Şirkətin məlumatına görə, hazırda komissiya üzvləri hadisə yerində araşdırma aparır. Araşdırma bitəndən sonra hadisənin başvermə səbəbləri araşdırılacaq. Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

Partlayışların ardarda baş verməsi və ölümlə müşayiət olunması Azərbaycanda terakt ehtimalının irəli sürülməsinə səbəb olub. Çünki bu il yanvarın 28-də "Meşə qardaşları” və "Ceyşullah” terror təşkilatları Azərbaycanda terakt törədəcəkləri ilə bağlı məlumat yaymışdılar.

Baş verən partlayışlara münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov söyləyib ki, partlayışlarla bağlı araşdırmalarla Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır: "Bizdə bu barədə məlumat var. Hələlik bu işlərlə bağlı əsas söz Fövqəladə Hallar Nazirliyindədir. Onlar araşdırma aparıb nəticəni bildirəcəklər. Yalnız bundan sonra partlayışların hansı səbəbdən baş verdiyi aydınlaşacaq”.

Ayyət

Şəymən