Rafiq Hüseynov İstanbuldan “Şərq”ə danışdı

“4 kurs kimya terapiya ediləcək, bircə səsimdən nigaranam”


Azərbaycanın Xalq artisti Rafiq Hüseynov İstanbuldadır. Bu barədə "Şərq”ə danışan R.Hüseynov İstanbulun "Florans Naytingel” klinikasında kimya terapiyası aldığını dedi. Məlumdur ki, bir müddət öncə, R.Hüseynovda ağ ciyər xərçəngi aşkarlanmışdı. Bakıda professor Əhliman Əmiraslanovun rəhbərliyi altında müayinədən keçən Xalq artistinə Türkiyədə əməliyyat olunmaq məsləhət görülmüşdü.

Əməliyyatdan sonra isə kimya terapiyası almaq lazım gəlib. R.Hüseynov bildirdi ki, artıq 4 gündür İstanbuldadır, sabah (bu gün - red) Bakıya qayıtmalıdır:

- 4 kurs kimya terapiyası ediləcək. Bu, birinci idi. Terapiya kursu yaxşı keçdi, amma şəkərim qalxdı. Həkimlər indi şəkəri endirməyə çalışırlar. Bacararlar yəqin.

Xalq artisti özünü yaxşı hiss etdiyini, lakin səsinin hələ açılmadığından narahatlıq keçirdiyini vurğuladı:

- Hər şey yaxşıdı, bircə səsimdən nigaranam, hələ açılmayıb.

Kimya terapiya kursunu niyə Bakıda almadığına gəlincə, R.Hüseynov Türkiyədə daha yaxşı şərait olduğunu bildirdi:

- Belə məsləhət oldu ki, əməliyyat İstanbulda edilibsə, kimya terapiyası da burda olsun. Mən artıq bu klinikanın həkimlərinin pasiyentiyəm. Vəziyyətimə onlar bələddilər. İmkan varsa, niyə burda olmasın? Bilirsiz, burada tamam başqa şəraitdir. Çox yaxşıdır. Bizim həkimlərimiz çox güclüdür, xəstəliyin dəqiq diaqnozu Bakıda qoyulub. Əhliman müəllimə buna görə minnətdaram. Hesab edin ki, mən Türkiyəyə hazır diaqnozla, hazır sənədlərlə gəldim. Yalnız şərait baxımından İstanbul klinikası əlbəttə, üstündür. Müalicə olunmağımda mənə göstərilən köməyə görə təkrar hamıya, Heydər Əliyev Fonduna, bütün dostlara təşəkkür edirəm.

R.Hüseynovdan öyrəndik ki, həyat yoldaşı Səbinə xanım obyektiv səbəblərdən bu dəfə onunla İstanbula getməyib. Xalq artisti İstanbula dostu, Əməkdar incəsənət xadimi Cəmil Fərəcovla gedib.

Sevimli diktorumuza Allahdan cansağlığı arzulayırıq və inanırıq ki, onun eşitməyə adət etdiyimiz səsini yenə eşidəcəyik.

Məlahət