İntihar varsa, xəbərdir...

Bu insanlara psixoloji təsir edirsə, peşə etikası baxımından tənzimlənməlidir


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın dediyinə görə, Azərbaycanda "İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedir. Layihənin komitədə müzakirə edildiyini söyləyən komitə sədrinin sözlərinə görə, Azərbaycanda informasiya-psixoloji təhlükəsizliklə bağlı qanunun qəbulu çox önəmlidir. Xanım millət vəkili əlavə edib ki, qanun çap mətbuatından elektron KİV-lərə və internetə qədər bütün informasiya sferasını əhatə edir.

Onun fikrincə, qanunun qəbul edilməsi Suriyaya müharibəyə getmək çağırışlarına qarşı mübarizə aparmaq imkanları yaradır. O, həmçinin internet istifadəçilərinə daxil olan mənəviyyatsızlıq, radikallıq və s. kimi hallara qarşı da mübarizə aparılmasını qeyd edib.

Amma bu hallara qarşı mübarizənin mexanizminin necə olacağını R.Aslanova aydınlaşdırmayıb. Qeyd edək ki, sözügedən qanun layihəsi media nümayəndələri tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəzi jurnalistlər sözügedən qanun layihəsinin Azərbaycanda söz və mətbuat azadlığını bir qədər də məhdudlaşdırmağa xidmət edəcəyindən ehtiyat edir.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycanda "İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında” qanunun hazırlanması normal təklifdir və o, bu qanunun media üzərində senzura kimi dəyərləndirilməsinə ehtiyac görmür: "Razıyam ki, mətbuatda, xüsusən də sosial mediada insanların psixologiyasına mənfi təsir edən informasiyaların yayımlanmasının qarşısını almaq üçün mütləq adekvat tədbirlər görmək lazımdır. Ancaq bu tədbirlər heç də sərt formada həyata keçirilməməlidir. İnsan hüquqlarının müdafiəsi ilə bağlı məsələdə istənilən halda qanun bazası olmalıdır. Əgər biz mətbuat azadlığından danışırıqsa, o zaman insanların şəxsi həyatının təhlükəsizliyi məsələsinin də gündəmə gəlməsi təbiidir. Hər ikisi insan azadlıqlarının tərkib hissəsidir”.

Baş redaktorun sözlərinə görə, Azərbaycanda qəbul olunması təklif olunan "İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında” qanun layihəsi elə bir formada hazırlanmalıdır ki, o KİV üzərinə nəzarət yox, tənzimləmə funksiyasını yerinə yetirsin.

Milli Məclis üzvlərinin istədikləri məsələlər haqqında müzakirə açmaq hüquqlarının olduğunu deyən media üzrə ekspert, tanınmış hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Azərbaycan hüquq dövləti yolunda hərəkət etdiyi üçün, istənilən məsələyə cəmiyyətin səlahiyyətli dövlət orqanlarına verdiyi səlahiyyət çərçivəsində baxılmalıdır: "Yəni qanunvericilik və icra hakimiyyəti orqanları Konstitusiyadakı səlahiyyət çərçivəsində baxa bilər. Bu baxımdan parlamentdə müzakirə olunacaq qanun, bu tip informasiyaların üzərinə qoyulacaq məhdudiyyətlər, yaxud da nəzarət mənbəyini ilk növbədə Ana Yasadan almalıdır. Sual yaranmalıdır: Siz Konstitusiyada nəyə istinadən belə qanun qəbul edirsiniz? Çünki Konstitusiyanın 50-ci maddəsi məlumat azadlığını tənzimləyir və bu azadlığın sərhədləri də

digər azadlıqlarla müəyyən olunub. Məsələn, hansı halda məhdudlaşar, dövlət, ailə, peşə, istintaq sirləriylə bağlı məhdudlaşar, qalan halda biz informasiyanın yayılmasına və onun mahiyyətinə toxunan tənzimləmələr apara bilmərik. Ona görə də hörmətli Rəbiyyət xanım onu narahat edən məqamın Konstitusiyanın hansı müddəasıyla uyğunluq təşkil etdiyini açıqlayardı. İkincisi, qanunvericiliyə əsasən bu cür sənədlər ictimaiyyətin müzakirəsinə təqdim olunmalıdır. Üçüncüsü, belə bir hazırlıq varsa, bunun hansı hüquqi mənafeyi qorumaqdan doğulduğu cəmiyyətə izah olunmalıdır. Əgər doğrudan da hüquqi zərurət, o qorunan mənafe konstitusion mənafedir və onun qorunmasıyla informasiya azadlığının məhdudlaşdırması arasında bir balans olacaq, o zaman bu, mümkün olar. Yox, əgər belə bir balansda informasiya əldə etmək və informasiya azadlığı tərəzidə daha ağır gəlirsə, o zaman Konstitusiyada mövcud olan normadan artıq informasiya azadlığını məhdudlaşdırmaq mümkün olmayacaq”.

"Qanun qəbul edilərsə, jurnalistlərin intihar halları haqqında informasiya yaymaları məhdudlaşacaqmı” sualına hüquqşünas belə cavab verib: "İntihar hadisəsi haqqında məlumat mahiyyət etibarıyla informasiyadır. Yəni o, insanlara psixoloji təzyiq edirsə, peşə etikası baxımından peşə standartları çərçivəsində tənzimlənməlidir, qanunla bunu tənzimləmək mümkün deyil. Qanun intihar etmiş şəxslə bağlı informasiyanı qadağan etsəydi, intihara aparan səbəbləri cəmiyyət müəyyən edə bilməzdi. Yəni ictimaiyyət intiharı doğuran səbəbləri də müzakirəyə çıxara bilməlidir. Sözsüz ki, bu cür hadisələri təqdim edərkən ehtiyatlı olmaq vacibdir, yəni xəbər əsəbləri zəif olanları intihara məcbur, yaxud təşviq etməsin. Bütün hallarda qəbul ediləcək qanun informasiya azadlığı və Azərbaycanın qoşulduğu İnsan Haqları Konvensiyasına məhdudlaşdırıcı xarakterdə olmamalıdır”.

Şəymən