Kimsə uşağına Canavar, Pişik, Keçi adı verə bilməz

Valideynlər bilməlidir, bu uşaq yalnız onun deyil, eyni zamanda cəmiyyətindir


Terminologiya Komissiyasına ad və soyadların dəyişdirilməsilə bağlı müraciətlərin sayının artdığını vurğulayan Komissiyanın sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, onların arasında meyvə, bitki adlarının qoyulması ilə bağlı müraciətlər üstünlük təşkil edib. Qeyd edək ki, Terminologiya Komissiyasında narazılıq doğuran müraciətlərdən biri də Türkiyədə yaşayan 42 yaşlı Muxtar adlı vətəndaşa "Qutsalruh” soyadının verilməməsidir.

Azərbaycanda soyadını dəyişmək və kəşflərini bundan sonra yeni soyadı ilə aparmaq niyyətində olan bu adamın müraciətinə Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsindən mənfi rəy verilib. O isə "Qutsalruh” soyadının ona verilməyəcəyi təqdirdə beynəlxalq təşkilatlara müraciət edəcəyini deyib. Komissiya rəsmisi həmçinin Azərbaycanda Atatürk adının verilməsinə Türkiyə hökumətinin icazə vermədiyini də qeyd edib. Belə ki, bu adın verilməsinə qadağa qoyulmayıb, amma Türkiyə narazılıq etdiyi üçün müraciət edənlərə icazə verilmir. Ad qoyma məsələsində valideynlərlə Komissiya arasındakı narazılığın hansı yollarla aradan qaldırılacağına gəldikdə isə AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın yeni doğulan uşaqlara qoyulan adlarla bağlı bir neçə prinsipləri var ki, ad seçimi zamanı onlara

əməl olunmalıdır: "Elə adlar var ki, onların uşaqlara verilməsi heç bir mübahisə törətmir. Belə adlar içərisində müasir, tarixi və ya dini adlar ola bilər. Sözsüz ki, Anar, Nizami, Yusif kimi adların uşaqlara qoyulması heç kəsdə narazılıq doğurmayacaq. Ancaq elə adlar da var ki, onların uşaqlara verilməsi məsləhət deyil. Həmin adların valideynlər tərəfindən övladlarına qoyulması böyük bir problem olmasa da, Komissiya tərəfindən verməmək məsləhət bilinir. Yəni bir vaxtlar bu adların qoyulması ənənə olub, indi isə dəbdən düşüb. Hətta bəzi adamlar artıq həmin adları qısaldır. Belə adlara Məmmədqulu, Hüseynqulu, Məsməxanım kimi adlar daxildir.

Bir vaxtlar uşaqlara Kombayn, Kolxoz, Traktor, kimi adlar qoyulurdu. İndi belə adlar lüğətdən çıxarılır. Məsələn, bu gün uşağa Hitler adı qoya bilməzsən. Əvvəllər uşaqlara Avropa mənşəli adlar da qoyulub. Kimsə uşağının adını Yelizaveta qoymaq istəyəcəksə, ona izah olunacaq ki, bu ad lüğətdə yoxdur. Burada bir neçə göstərici əsas götürülüb. Elə ad var ki, təhqiramiz olmasa da, milli deyil. Kimsə, uşağının adını Maradona qoyubsa, biz bilirik ki, bu adam hər hansı təhqiramiz fikirdə olmayıb. Amma məqsədəuyğun deyil. Birdən kiminsə ağlına gəlir və o uşağının adını Canavar, Pişik, Keçi, Təkə qoymaq istəyir. Artıq belə şeylərə yol verilmir. Bunlar təhqiramiz ad hesab olunur. Bir prinsip də var ki, ideoloji məzmun daşımayan adı qoymaq olmaz. Bu cür adların qoyulması qadağandır. Təbii ki, burada valideynə konkret təzyiqdən söhbət getmir. Sadəcə onlara Lenin, Stalin, Kişmiş, Keçi kimi adların qoyulmasının təhqiramiz olduğu və Azərbaycan mədəniyyətində gülüş doğurduğu başa salınır. Onu da deyim ki, dövr dəyişdikcə, insanların ad baxışları da dəyişir. Əvvəllər uşaqlara Komsomol, Sovet adları

qoyulurdusa, indi yeni texnologiyaların inkişafı ilə əlaqədar uşaqlara "x”, "koordinator”, "kompyuter” kimi adlar qoymaq üçün müraciət edirlər”.

N.Cəfərovun sözlərinə görə, valideynlərin "uşaq mənimdir, hansı adı qoyacağımı da mən bilərəm” iddiası kökündən yanlış yanaşmadır: "Uşaq yalnız valideynin deyil, eyni zamanda cəmiyyətindir. Ola bilsin ki, bu gün ona qoyulan addan uşağın xəbəri olmur. Səhəri gün həmin uşaq böyüyən zaman onun adı cəmiyyətdə gülüş doğuracaq axı! Bunu da düşünmək lazımdır”.

Akademik onu da qeyd edib ki, valideynlər öz övladları üçün ad seçən zaman gələcəyi də fikirləşməlidir. "Adlar həm tarixi, həm müasir olmalıdır. Həm milli, həm də ümumbəşəri olmalıdır. Ən əsası isə mədəni olmalı, estetik baxımdan xoşa gəlməlidir. Valideyn olmaq, uşaq mənimdir deyib, ona it- pişik adları qoymaq haqqı vermir”.

Nizami Cəfərovun sözlərinə görə, Azərbaycan vətəndaşlarının "Qutsalruh” kimi soyadları götürməsi ilə bağlı məsələ üzərində iş getsə də, hələlik buna icazə yoxdur: "Soyadların dəyişdirilməsi ilə bağlı məsələ öz həllini tapandan sonra bu cür soyadların götürülməsi ilə bağlı heç bir qadağa olmayacaq. Sadəcə indi bu qaydalar tətbiq olunmadığı üçün Ədliyyə Nazirliyinin həmin müraciətə mənfi rəy verməsi başadüşüləndir. Əgər həmin adam "Qutsalruh” soyadını götürməkdə bu qədər maraqlıdırsa, qaydaların qəbulunu bir az gözləməlidir. Hazırda isə o "Qutsalruh”u özünə təxəllüs götürə bilər”. Türk hökumətinin tələbi ilə Azərbaycanda Atatürk adının verilməsinə qarşı qoyulan qadağaya gəldikdə isə professor hesab edir ki, buna səbəb Atatürkün bir fenomen olaraq qorunmasıdır: "Bilirsiniz ki, Türkiyə qanunvericiliyində Mustafa Kamal Atatürkün şəxsiyyətinin qorunması ilə bağlı xüsusi müddəalar var. Zənnimcə, bu qadağanın kökü həmin müddəalara dayanır. Əgər uşaqlara Atatürk adının verilməsi ilə bağlı icazə olsa, bu adı uşaqlarına qoymaq istəyən valideynlərin sayı çoxalacaq. Bu da nəticə etibarı ilə Atatürk fenomeninə uyğun deyil. Atatürkün toxunulmazlıq hüququ olduğu üçün onun təklifi, bütövlüyü qorunmalıdır. Atatürk adının uşaqlara verilməməsinin bir səbəbi də onun ad yox, soyad olması ilə bağlı ola bilər”. Bütün bunlara rəğmən akademik Türkiyə hökumətinin "Atatürk” adı ilə bağlı Azərbaycana qadağasının lüzumsuz olduğu qənaətindədir: "Bizə qardaş olan Türkiyənin bu məsələ ilə bağlı Azərbaycana "nota” verməsini düzgün hesab etmirəm. Məsləhət yolu ilə demək olar ki, Atatürkə hörmət edən insanlar övladlarına Mustafa və ya Kamal adlarını qoysa, daha yaxşı olar. Atatürk ismi emblem olduğu üçün bu ad uşaqlara verilməsin. Müəyyən mənada Atatürk adının uşaqlara verilməsini mən də düzgün hesab etmirəm. Axı, bilmək olmur həmin uşaq böyüyəndə kim olacaq? Bəlkə ən qatı cinayətkar, yaxud da ən tənbəl şagird oldu? Atatürk adını daşıyan bir adamın gündə danlanması və cəzalandırılması mənəvi baxımdan yaxşı qarşılanmır”.

Şəymən