Partlayışlarda terror izi varmı?

“Partlayışlar ilk baxışdan texniki xarakter daşıyır”


Bu günlərdə metorunun "Azadlıq” stansiyasi yaxınlığında, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verdi. Hadisə nəticəsində sözügedən tikiliyə yaxın yerləşən yenicə istifadəyə verilmiş "Şahənşah” restoranına və tikilinin qarşısındakı maşınlara ciddi ziyan dəyib. 3 nəfər xəsarət alıb.

Xəsarət alanlardan Afiyət İbadova, Səadət Ağayeva və Tamella Səfərovadır. Onlara ilkin tibbi yardım göstərilib. Bundan başqa, Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən "LUKoil” yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış qeydə alınıb. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev dünyasını dəyişib. Digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, bölgələrdə Şəki və Biləsuvarda da partlayış hadisəsi baş verib. Ölkə ərazisində partlayışların ardıcıl forma alması və ölümlə müşayiət olunması Azərbaycanda terror ehtimalının irəli sürülməsinə səbəb olub. Çünki bu il yanvarın 28-də "Meşə qardaşları” və "Ceyşullah” terror təşkilatları Azərbaycanda terror törədəcəkləri ilə bağlı məlumat yaymışdılar.

İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist-ekspert İlqar Altay "Şərq”ə açıqlamasında bildirib ki, partlayışlar ilk baxışdan texniki xarakter daşıyır. Hansısa terror əməlinin olması hələlik müşahidə olunmur: "Hadisə ilə xüsusi xidmət və hüquq-mühafizə orqanları məşğul olurlar. Partlayışlar insan kontingetinin sıx olduğu məkanlarda baş verməyib. Ona görə də hadisənin baş vermə motivləri araşdırılmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycan hökumətinə və dövlətçiliyinə qarşı belə bir qəsd varsa, bu, mesaj və xəbərdarlıq xarakterli ola bilər: "Partlayış hansısa ekstremist qruplar və bizi gözü götürməyən dövlətlər tərəfindən planlaşdırıla bilər. Amma bu fikirlər faktlara deyil, ehtimallara söykənir. Konkret cavab hadisələrin səbəbi aydınlaşandan sonra bilinəcək. Məsələnin texniki və terror xarakterli olması müəyyənləşməlidir”.

Ayyət Əhməd