Parlamentdə söz savaşı...

“Fazil Mustafa Əkrəm Əylislinin yolunu gedir”
Siyavuş Novruzov deyib ki, millət vəkili Azərbaycan xalqından üzr istəməlidir


"Belə miledilər hələ çox olacaq. Ona görə də diqqətli olmalıyıq”. Bu sözlər Milli Məclisin ötən gün baş tutan iclasında spiker Oqtay Əsədov tərəfindən səsləndirilib. Azərbaycanda "casus qalmaqalı” məsələsinin müzakirəsinə qatılan parlament sədri deputat Zahid Orucun fikirlərinə cavabında bildirib ki, ölkə əleyhinə fəaliyyət göstərən təsir agentlərini, şəbəkələri anlamaq üçün gündəlik qəzetləri oxumaq kifayətdir.

Qeyd edək ki, Z.Oruc gündəmi zəbt etmiş "casus qalmaqalı”ndan söz açıb. Deputatın qənaətincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin bəzilərinin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil: "Mediadakı kompromat savaş hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. "Casus qalmaqalı” ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta "Maqnitsk qanunu”nu Azərbaycana tətbiq etməyə çağırışlar var. Səfirliklər, xüsusən də Azərbaycanda müxtəlif dövrlərdə kəskin geosiyasi maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil. Çünki dövlətimizin xalqımızla bağlı mühüm siyasəti mövcuddur. Biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələri var”.

Spiker isə Amerika səfirliyinin vaxtilə ölkəmizdə fəaliyyət göstərən Vinsent adlı xanım işçisini xatırladıb: "O, indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona "Miledi” deyirlər. İndi belə miledilər hələ çox olacaq. Biz diqqətli olmalıyıq”.

"Vətəndaşlar xahiş edirlər ki,

yeni tikilən binalara qaz verilsin”

Millət vəkili Qənirə Paşayeva isə paytaxtda inşa olunan yeni binaların problemini gündəmə gətirib. "Novostroyka”larda qazın verilməməsinin problem olduğunu söyləyən deputat qeyd edib ki, vətəndaşlardan gündə bu haqda şikayətlər alır: "Vətəndaşlar xahiş edirlər ki, yeni tikilən binalara qaz verilsin. Yeni tikililərə qazın verilməsi orada yaşayan insanların günahı deyil. Onlara deyilib ki, binaya köçmək üçün icazə verilib. Bundan sonra da köçüblər evlərinə. İndi evlərdə qazın olmaması həmin vətəndaşları həm əziyyətə salır, həm də büdcələrinə ziyan gətirir. Hesab edirəm ki, "Azəriqaz” məsələyə aydınlıq gətirməlidir”. Problemin yaranmasında tikinti şirkətlərini də günahlandıran Q.Paşayeva deyib ki, onlar bir binanı təhvil vermədən, ikinci binanın inşasına başlayırlar: "Bu da düzgün deyil. Yəqin ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək”.

Spiker isə deputat həmkarına irad bildirib: "Keçən iclasda bu məsələyə toxunuldu. Mən də buna görə məsələni araşdırdım. Həmin binaların 70 faizində tüstü bacaları yoxdur. İndi qazı verək, qəfildən partlayış baş versin? Bəs buna kim cavab verəcək? Bundan başqa, həmin binalara qaz verilməsi üçün binada ən azı 70 faiz yaşayış olmalıdır. Əsas məsələ isə yenə deyirəm, binalarda tüstü bacalarının olmamasıdır. Digər tərəfdən, əgər binalar tam təhvil verilməyibsə, əhali oraya köçməməlidir”.

"Görünən odur ki, Fazil Mustafada afrikalılara qarşı o qədər

çox həvəs yaranıb ki...”

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov isə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın bu yaxınlarda dərc olunan "Adamyeyənlər” adlı yazısını tənqid edərək, həmkarını yazıçı Əkrəm Əylisli kimi yazmaqda ittiham edib: "Bir müddət əvvəl parlamentin iclaslarında Ə.Əylislinin Azərbaycan xalqına qarşı çıxdığı amilləri özündə əks etdirən əsərini müzakirə etdik, tənqidi fikirlərimizi bildirdik. Bundan ibrət dərsi çıxartmaq əvəzinə, bəzən bizim həmkarlarımız da çaşıb Əylislinin yolunu tutub, həmin istiqamətdə gedirlər. Görünür, F.Mustafa da Əylislidən heç geri qalmır. F.Mustafa vaxtilə Ə.Əylisli ilə bir yerdə oturub-durub. Amma Azərbaycandakı inkişafın üzərinə bu dərəcədə qara ləkə yaxmaq, Afrikanın adamyeyənləri ilə azərbaycanlıları müqayisə etmək heç də təqdirəlayiq hal deyil”. Deputat sözügedən yazıda idmançılarımızın uğursuzluqları haqqında deyilənlərə də münasibət bildirib: "Danılmaz faktdır ki, idmançılar dünyanın bir çox ölkələrində yüksək yerlərdə qərarlaşaraq, qızıl medallara sahib çıxıblar. Onun təriflədiyi Fransa komandasının futbol yığmasında 2 nəfər ağ adamdan başqa hamısı qaradərilidir. Bütün bunlardan sonra Azərbaycan oyunçularının potensialının olmamasından danışılır.

Digər bir məsələ isə yaşayış evlərinin önünə divarların çəkilməsidir. Bütün dünya ölkələrinə nəzər salsaq, bütün bu işlər insanların təhlükəsizliyi üçündür. Axı səni narahat edən nədir? Ölkəmizdəki inkişafı görməyib hansısa məktəbə girib orada duşun olmamasını qabartmaqla nəyə nail olmaq istəyirsən? Tənqidin də forması və mexanizmi var. İki bina sökülürsə, təbii ki, onun yerində yenisi inşa olunur. Bu o demək deyil ki, dövlətin vəsaiti mənimsənilir. Görünən odur ki, F.Mustafada afrikalılara qarşı o qədər çox həvəs yaranıb ki, yenidən Afrikaya səfər etməyə başlayıb. Düşünürəm ki, F.Mustafa bu yazısına görə təkzib verib, Azərbaycan xalqından üzr istəməlidir”.

"Adamyeyənlərin təmsilçisi kimi, onların müdafiəçisi kimi çıxış

edənləri görəndə təəccüblənirəm”

"Bizim ölkədə düşünürlər ki, hər şey yolunda gedir, hər hansı bir tənqidə, hər hansı bir yanlış, neqativ halların deyilməsinə ehtiyac yoxdur. Həmkarım Siyavuş Novruzov da məsələyə münasibət bildirəndə, mən təəccübləndim. Çünki cənab prezident bu yaxınlarda müşavirədə belə bir fikir işlətdi ki, "Mən xalqın xidmətçisiyəm”. Ölkənin əsas problemlərindən biri də korrupsiyadır. Bu məsələ də cəmiyyətin nəzarətindədir. Cəmiyyətin fəallığı özünü göstərməlidir ki, belə problemlər yavaş-yavaş aradan qaldırılsın. Xalqın xidmətçisi olan prezidentin əksinə olaraq, bəzi həmkarlarımız, hansısa məmurlarımızın, qrupların xidmətçisi kimi göstərməyə çalışırlar. Biz tənqid edirik ki, harada neqativ məsələ var, aradan qaldırılsın. Ola bilsin ki, korrupsiya da var. Bu hər ölkədə var. Amma allahsızlıq deyilən bir termin var, bu həddə qədər məsələlər olur ki, onları söyləmək lazımdır. Yəni biz nəyi deyirik? Binaların bu qədər üzlük çəkilib, bu vəziyyətə gətirilməsini deyirik”. Bu sözləri isə F.Mustafa deyib. O həmçinin çıxışı ilə S.Novruzovun da haqqında dediklərinə münasibət bildirmiş olub.

Millət vəkili danışarkən isə vitse-spiker Ziyafət Əsgərov onun sözünü kəsib.

Z.Əsgərov: "Xahiş edirəm məsələnin mahiyyəti üzrə danışasız”.

F.Mustafa: "Mən mahiyyət üzrə danışıram. Çıxışımı axıra qədər dinləyin. Sonra iradınızı bildirin”.

Sözünə davam edən deputat vurğulayıb ki, insanlar başa düşməlidir ki, tənqid dövlətin xeyrinədir: "Prezidentin çağırışı odur ki, göstərin harada hansı problemlər var, biz həll edək. Ona görə də deyirik ki, allahsız formada nəyinsə dağıdılması adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi kimi, onların müdafiəçisi kimi çıxış edənləri görəndə təəccüblənirəm. Sanki bu bir ənənəyə çevrilib. Düşünürəm ki, məsələni bu formada təhlil etmək çox yersizdir”.

"Onlar kino çəkilişini

boynuna götürüb?”

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə söyləyib ki, 1716 bələdiyyəyə 2013-cü ildə 5, 2 milyon dotasiya nəzərdə tutulub: "Kino çəkilişinə isə bundan artıq vəsait ayrılıb. Mən bununla bağlı etirazımı bildirdim. Maliyyə Nazirliyindən isə dedilər ki, büdcə bələdiyyələrin maliyyələşməsini boynuna götürməyib. O zaman sual yaranır ki, onlar kino çəkilişini boynuna götürüb? Mən kino sənətinin əleyhinə deyiləm. Halbuki prezident 2013-cü ilin 1 yanvarına kimi bütün bələdiyyələrin dövlət reyestrinə keçirilməsi ilə bağlı göstəriş vermişdi. Bunun üzərinə 1 il vaxt keçməsinə baxmayaraq, bir dənə də bələdiyyə sənəd təqdim etməyib. Bir çox hallarda bələdiyyələrə təzyiqlər olur. Ədliyyə Nazirliyinə bununla bağlı irad bildirəndə cavabları belə olur ki, onlar bu işlə məşğul deyil, inzibati nəzarətlə məşğul olur. Amma onu da deyim ki, yaxşı işləyən bələdiyyələr də var. Məsələn, Sumqayıt şəhər bələdiyyəsi ötən il 1 milyon 280 min manatlıq layihə həyata keçirib. Təbii ki, bu layihələrin böyük bir hissəsi Nəqliyyat Nazirliyi, FHN, SOCAR-ın maliyyəsi hesabına başa gəlib”.

"Necə ola bilər ki, bir qrupda 17 nəfər kəsilsin? Yoxsa

korrupsiya TQDK-dadır?”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin regional şöbələrinin yaradılmalı olduğunu diqqətə çatdırıb: "Bir idarə ölkədəki korrupsiya halları ilə mübarizə apara bilməz. Məncə, regionlarda şöbələr yaradılsa, ölkədəki korrupsiya ilə bağlı daha effektli mübarizə aparmaq mümkün olacaq. Necə ki, müvafiq ixtisaslaşmış məhkəmələr regionlarda yaradılıb. "Prokurorluq haqqında” qanunun 8-ci maddəsi buna imkan verir. Orada qeyd olunur ki, Baş Prokurorluq digər prokurorluq da yarada bilər. Orada "hərbi ixtisaslaşmış prokurorluq” sözü çıxarılaraq ixtisaslaşdırılmış prokurorluq qoyulmasını təklif edirəm. Məsələn, Lənkəranda, Şəkidə baş idarənin müvafiq idarələri yaradılsa, daha effektli olacaq. O zaman korrupsiyaya qarşı mübarizəni daha effektli aparmaq olar”. Millət vəkili həmçinin təhsillə bağlı ona gələn müraciətlər haqqında spikerə müraciət edib: "Bəzi özəl ali məktəblərdə 20 nəfərdən 17 nəfəri imtahanlarda kəsilir. Onları 4-cü kursa qədər aparırlar. Sonuncu kursda isə 4 il müddətdə təhsil aldıqları müddətdə ödədikləri təhsil haqqından 4-5 dəfə çox rüşvət alırlar. Onları diplom verməməklə qorxudurlar. Korrupsiya İdarəsinin sədri mənim bu müraciətimə cavab verməli, müvafiq əməliyyat tədbirləri təşkil olunmalıdır. Necə ola bilər ki, bir qrupda 17 nəfər kəsilsin? Yoxsa korrupsiya TQDK-dadır? Çünki onların hamısı müvafiq qaydada universitetə daxil olublar. Ya da tədris müəssisəsi məqsədyönlü şəkildə bunu təşkil edir. Axırda da həmin tələbələrin valideynləri belə bir problemlə üz-üzə qalırlar”.

Anar Bayramoğlu