Xədicə İsmayılovanın danosundakı adamlar danışdılar

Arif Hacılı: “Məni heç kəs “verbovka” edə bilməz”
Mehman Əliyev: “Mənə MTN-in Analitik İdarəsinin rəisi vəzifəsi və general rütbəsi təklif olunub”


"Virtualaz.org” saytı tərəfindən elə keçirilən, jurnalist Xədicə İsmayılovanın Amerika xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına təqdim etdiyi hesabatı ölkə gündəmində geniş müzakirə mövzusudur. Məlum siyahıda adı keçənlər barələrində söylənilən ittihamları əsassız sayaraq, siyahını tərtib edənləri kəksin dillə tənqid edirlər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı jurnalist X.İsmayılovanın hazırladığı hesabatda adının hallanmasına münasibət bildirərkən deyib ki, kimin tərəfindən uydurulmasından asılı olmayaraq, çox çirkin ittihamdır:

"Hesabatda adları çəkilən şəxslərin bir çoxunu, o cümlədən məni ABŞ-da yaxşı tanıyırlar. Belə olan halda onların bizim haqqımızda məlumat almaq üçün ayrı-ayrı QHT nümayəndələrinə müraciət etmələri gülüncdür. Mən 25 ildir siyasətdəyəm. Məni heç kəs "verbovka” edə bilməz. Gülünc, mənasız və iyrənc iddiadır”. A.Hacılı qeyd edib ki, əslində bu uydurmanın müəllifləri özləri haqqında ictimai rəy yaradırlar. Siyahıda adı çəkilən millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin məsələyə münasibəti isə çox sərt olub: "X.İsmayılova ilə xeyli vaxtdır danışmıram. "Azadlıq” radiosunun qonağı olanda bu adam həmişə müsahiblərini təhqir edir, özünü üstün göstərməyə çalışırdı. Radikal müxalifətçi mövqeyi göstərirdi. Onun bu cür münasibəti fonunda "Azadlıq” radiosuna 7-8 ildir ki, ara verməli olmuşam. Görünür, X.İsmayılova Azərbaycanın ictimai-siyasi həyatında müsbət və ya mənfi fəaliyyətləri ilə tanınan şəxslərin paxıllığını çəkdiyindən onların adını həmin siyahıya salıb. Şəxsən özümlə bağlı deyə bilərəm ki, məni yanlış təqdim edib. Gərək ora yazaydı ki, hüquq müdafiəçiləri ilə hakimiyyət arasında vasitəçilik edir. Ədliyyə Nazirliyi və Səməd Seyidovun adını çəkməklə inandırıcı ola bilməyib”. Ç.Qənizadənin sözlərinə görə, hüquq müdafiəçisi bitərəf və həmişə barışdırıcı mövqedə olmalıdır. Hakimiyyətlə bir masa ətrafında əyləşib problemləri həll etməlidir: "Əgər kiminsə problemi varsa və haqsızlıqla üzləşibsə, biz onun problemlərini həll etməliyik. Əgər bunun adı satqınlıqdırsa, onda öz ölkəsini xaricilərin yanında ləkələmək və onlara siyahı ötürməyin adı nədir?”.

"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə sözügedən siyahını ciddiyə almır: "ABŞ Senatının nümayəndələri ilə görüşdə RATİ-nin rəhbəri Emin Hüseynov da iştirak edib. Ondan bu barədə soruşdum. Mənə bildirdi ki, həmin görüşdə heç bir siyahı təqdim olunmayıb. Qaldı ki, mənim barəmdə yazılanlara, bunların heç bir əsası yoxdur. "Mənə MTN-in Analitik İdarəsinin rəisi vəzifəsi və general rütbəsi təklif olunub. Bunun fonunda mənim MTN-ə işlədiyimi demək gülüncdür. Əgər mən bu vəzifədən imtina etmişəmsə, gedib hər hansı bir kəsə işləyəcəyəm? Daim müstəqil olmaq istəmişəm, heç kimdən asılı olmaq istəməmişəm. "Turan”ın fəaliyyətində də bunu görmək olar ki, hakimiyyətə münasibətimiz necədir”. Siyahıda adı hallanan KXCP sədri Mirmahmud Mirəlioğlunun məsələyə münasibəti isə belə olub: "Görün, kim kimlərin haqqında danışır və kimləri nədə ittiham edir? Bizi ittiham edən adamın özünün üz tutduğu ünvan haradır? O kimlə işləyir? Mən özümü millətimə, dövlətimə əsgər hesab edirəm və bu əsgərlərin də sayı milyonlarladır. Bu cür əsgərlər müxalifətdə də, iqtidarda da var”. M.Mirəlioğlunun sözlərinə görə, bu ideyanın müəllifi sadəcə bir nəfər deyil. Onu arxada danışdıran var: "Vətənim, millətim və dövlətim üçün çalışan, harada, hansı düşərgədə olmasından asılı olmayaraq, hər bir adamla oturub-durmağı özümə şərəf bilirəm”. KXCP sədri adının Şeyxülislam Allahşükür Paşazadə ilə bağlanması haqqında da danışıb: "Azərbaycan üçün, region üçün Şeyxülislamın gördüyü qədər iş görmək, ondan sonra onun əleyhinə getmək

lazımdır. Məgər ABŞ kimi qocaman bir dövlətin, dünyanın aparıcı bir gücünün mərkəzi kəşfiyyatı o günə qalıb ki, ona mütləq kimsə açıq şəkildə kompromat deməlidir? Sadəcə olaraq kiminsə xüsusi sifarişi var ki, hamını qaralamaq lazımdır”.

Siyahıda adı hallanan "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qardaşı Azər Ayxan R.Arifoğlunun belə ittihamlarla ilk dəfə qarşılaşmadığını bildirib: "Bu siyahının kim tərəfindən yazıldığını dəqiq bilmirəm. Ancaq "Yeni Müsavat”ı gözdən salmağa yönəlik ittihamlar bizə qarşı ilk dəfə ünvanlanmır. Burda şair Ramiz Rövşənin "Mən durmuşam yerimdə, hamı üstümə gəlir” misrası yada düşür. Biz 20 ildir öz yerimizdə olsaq da, bəziləri bu illərdə 20 dəfə mövqeyini dəyişib. R.Arifoğlu hər zaman həqiqətin yanında olub, əziləni müdafiə edib və heç bir təmənna güdməyib. İlk fürsətdə hakimiyyətə satılmaq niyyətində olanlardan fərqli olaraq, daim öz ideyalarımıza sadiq qalmışıq. Kimin hara, kimə işlədiyini hər kəs gözəl bilir”.

Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev adının siyahıda keçməsinə münasibət bildirərkən deyib ki, o, ömründə heç kəsə işləməyib: "Yalnız Allaha işləmişəm. Bu cür böhtanları, yalanları yazanlar gedib başlarını daşın altına qoysunlar”.

İsmayıl