Bank borcuna görə qoyulan “STOP” sərhəddən çıxmağa aiddir"

Natiq Cəfərli : "Banka olan kredit borcunu qaytara bilməyənlər şəxsiyyət vəsiqəsini, hətta xarici pasportunu da dəyişə bilər"


"Banklara borcu olan şəxslərin ölkə daxilindəki heç bir əməliyyatına qadağa qoyulmur”.

Bunu Sherg.az-ın "Banklara olan kredit borcunu qaytara bilməyənlər şəxsiyyət vəsiqəsini dəyişdirə bilərmi?” sualını cavablandırarkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, vətəndaş şəxsiyyət vəsiqəsini, hətta xarici pasportunu da dəyişə bilər:

"Amma ölkədən çıxa bilməyəcək. "STOP” yalnız sərhəddən çıxmağa aiddir, ölkə daxilində heç bir qadağa qoyulmur.

Buna baxmayaraq, hər hansı səbəbdən vətəndaş axtarışdadırsa, şəxsiyyət vəsiqəsini dəyişərkən bunu həyata keçirən qurum tərəfindən polisə müraciət olunacaq”.

Bankların borcu olan vətəndaşı məhkəməyə verə biləcəyini vurğulayan iqtisadçının sözlərinə görə, bundan sonra aybaay ödəniş məbləği qoyulur:

"Bu məbləğ dəfələrlə ödənilməsə bank borclunun həbsi ilə bağlı yenidən iddia qaldırır. Lakin yenə də həmin həbs qoyulmur. Bu proses təxminən 2 il çəkə bilər. Bundan sonra dələduzluq maddəsinə çevrilib həbs edə bilərlər. Əslində bu, düzgün deyil, çünki vətəndaş dələduzluq etmir, sadəcə götürdüyü krediti ödəyə bilməyib. Lakin qurumlar bunun adını "bankdan pulu qaytarmamaq üçün alıb” şəklində izah edirlər”.

Ayyət Əhməd