Təhsil Nazirliyi: “Tələbələrlə dialoqa getməyə hazırıq”






Bakı Dövlət Universitetində (BDU) rektor Abel Məhərrəmovun, eləcə də Təhsil Nazirliyinin nümayəndələrinin Nazirlər Kabinetinin "Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları”ndan narazı qalaraq dünən etiraz aksiyası keçirən tələbələrlə görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, qaydalarda bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Müvəffəqiyyətlə tədris alan və bütün tədris müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, 81 baldan az toplayan və akademik borcu olan tələbələr üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə əlavə fənlər də seçməyə icazə verilir. Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü əlavə fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir: "Məntiqi olaraq aydındır ki, bu halda təhsil haqqı dedikdə, tələbənin təhsil formasından asılı olaraq, müvafiq ixtisas üçün dövlət sifarişi və ya ödənişli təhsil üzrə müəyyən edilmiş illik təhsil haqqı nəzərdə tutulur”.

Daha sonra çıxış edən BDU-nun prorektoru İradə Əliyeva bildirib ki, hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30 kreditdən çox olmadıqda hansı fənlərin seçilməsindən asılı olmayaraq, əlavə təhsil haqqı ödənilmir. Təhsil haqqı ödəmək istəyən tələbə hər semestrdə yalnız 30 kredit götürməklə akademik borclarını ləğv edə bilər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev çıxışı zamanı qeyd edib ki, 2009-cu ildən bütün ali məktəblər kredit sisteminə keçib. Nazirlər Kabinetinin müvafiq qərarında çoxlu müsbət məsələlər var. "Belə ki, qərara əsasən, tələbələr davamiyyətə görə ali məktəbdən xarici olunmayacaq. Ömür boyu oxuya biləcəklər”.

Nazirliyin şöbə müdirinin müavini onu da qeyd edib ki, tələbələr tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidir. "Təhsil Nazirliyi olaraq sizinlə (tələbələrlə) dialoqa getməyə hazırıq. Amma bu dialoq sivil səviyyədə olmalıdır”.

Qeyd edək ki, görüşdə tələbələrin fikirləri də dinlənilib. Tarix fakültəsinin 4-cü kurs tələbələrindən birinin müəlliminə böhtan atdığına görə universitet tərəfindən məhkəməyə verilməsi qərara alınıb.