Onlar hansı qüvvənin proyektidir?

“125-lər” parlament seçkiləri üçün yaradılıb


Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda "125-lər siyasi klubu” adında yeni təşkilat təsis olunub. Təsis toplantısında qurumun əsasnaməsi və bəyannaməsi imzalanıb. Təsis yığıncağında eyni zamanda "125-lər siyasi klubu”nun strukturu və rəhbər orqanları müəyyən edilib. Klub üzvləri 2015-ci il parlament seçkilərində iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətindədirlər.

Sözügedən klubun hansısa siyasi təşkilatın layihəsi olması barədə iddialar var. Təşkilatın hansı məqsədlə yaradılması və fəaliyyət istiqamətləri haqda klubun sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikirlərini öyrəndik. Sədr müavini bildirdi ki, adıçəkilən siyasi klubu yaratmaqla Azərbaycanda demokratik idarəçilik, azad cəmiyyət quruculuğu, şəffaf seçkilər və hüquqi dövlət quruculuğuna yeni nəfəs gətirmək istəyirlər: "İnsan haqları, ifadə azadlığı, demokratik seçkilərin keçirilməsi, rüşvətxorluğa qarşı mübarizə və digər məsələlərdəki problemlərin həllini tapması naminə fəaliyyət göstərəcəyik. 2015-ci il parlament seçkilərində iştirak edəcəyik. "125-lər siyasi klubu”nun üzvləri hansısa partiya mənsubiyyəti olmayan şəxslərdir”.

Klubun hansısa siyasi təşkilatın proyekti olmasına aydınlıq gətirən Ü.Cəfərov bunun həqiqəti əks etdirmədiyini söyləyib: "Qətiyyən razı deyiləm. Biz eyni fikirli insanlar kimi Ümid Partiyasının ofisində toplaşaraq müzakirələr aparmışıq. Bunu da heç kimdən gizlətmirik. Demokratik fikirli insanlarıqsa, bunu küçədə, parkda yığışıb müzakirə edəsi deyildik ki? Əvvəllər də görüşürdük və görüşlərimiz ərəfəsində belə bir ideya irəli sürüldü. Məsələni iki ildən çox idi ki, irəli sürmüşdük. İki il öncə 125-lər klubunu yaratmaq istəyirdik”.

Ü.Cəfərov kluba üzvlük prosesindən də söz açıb: "Qapılar açıqdır. İstənilən şəxs o kluba gələ bilər. Sözsüz ki, 125-lər siyasi klubunun da özünün nizamnaməsi var. Hər şey açıq şəkildə göstərilib. Fərq qoymayacağıq ki, bu, iqtidardı, ya müxalifətdi. Klubun tərkibini tanınmış-tarixçi, hüquqşünas, mədəniyyət xadimləri təşkil edir. Klubda ənənəvi siyasi nəslin adamları olmayacaq. Azərbaycan cəmiyyətində üzdə olan tanınmış insanların klubudur. Demirəm ki, 125-in 125-i də

seçiləcək. Bir-iki nəfərin, üç-beş nəfərin seçilməsi də Azərbaycanın demokratik idarəçiliyində yeni bir ab-hava yaradacaq”.

Ehtiyatda olan zabit ölkəmizdə 2015-ci ildə baş tutacaq parlament seçkilərinə qatılmasından da danışıb: "2005-ci ildə 73 saylı Lənkəran şəhər seçki dairəsindən parlament seçkilərində iştirak etmiş şəxsəm. Həmin dövrdə çox uğurlu bir seçki kampaniyası apardım. Əfsuslar olsun ki, orda seçkiyə müdaxilələr oldu. Açığını deyim ki, "125-lər siyasi klubu”nda özünü bu işdə sınanmış şəxslərin xeyli hissəsi var. Hələlik ilkin variant kimi 73 saylı Lənkəran şəhər seçki dairəsini nəzərdə tutmuşam. Amma müzakirələrdən sonra tam qərara gələcəyik. Ola bilsin ki, namizədliyimi Bakıdakı dairələrdən birindən irəli sürüm. Hər halda bunu müzakirələrdən sonra biləcəyik”.

Klubun təsisçilərindən olan Könül Quliyeva qeyd edib ki, kluba ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, vətəndaş cəmiyyəti institutları ilə bağlı olan intellektual insanlar toplaşıb: "Qurumun məqsədi yekdilliklə qəbul etdiyimiz bəyannaməmizdə öz əksini tapıb. Biz hüquq və azadlıqların təmin edilməsində iştirakçı olmaq və gələcək parlament seçkilərində öz siyasi platformamızla qatılmaq niyyətindəyik. "125-lər klubu”nun Ümid Partiyası ilə bağlı olduğunu iddia edirlər. Lakin Ümid sırf siyasi təşkilatdır, 125-lər isə ictimai-siyasi platformadır. Klubumuz heç bir siyasi qüvvənin proyekti deyil”.

K.Quliyeva kluba bu adın seçilməsini parlamentdə 125 mandatın olması ilə izah edib: "Günbəgün sıralarımıza yeni insanlar qoşulur. Klubun sədri. İ.Rzayeva qeydiyyat aparır. Bəyannamədə 3 aydan bir toplanmaq nəzərdə tutulub. Amma klubun rəhbərliyindəki şəxslər ayda bir dəfə müzakirələr aparacaq”.

K.Quliyeva əlavə edib ki, klub ölkə qarşısında dayanan problemlərin həlli istiqamətində daha çox insanı proseslərə cəlb etməyə çalışır: "Passiv vətəndaşların ictimai-siyasi hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinin tərəfdarıyıq. Demokratikləşmə, hüquqi dövlət quruculuğu prosesində fəal vətəndaşlarımız nə qədər çox iştirak edərsə, uğurlarımız da bir o qədər çox olar”.

Ayyət Əhməd