"Sovetski”nin son günləri...

“Pul istəmirik, şəhərdə ev versinlər”


Sovetski”" adlanan və Bakının mərkəzlərindən biri sayılan böyük bir ərazi tarixin yaddaşlarına köçür. Belə ki, 2010-2015-ci illər Bakı şəhərinin baş planına əsasən deyilən ərazilərdəki evlər sökülərək yerində park salınması planlaşdırılır. Bununla əlaqədar olaraq "Sovetski”də yaşayan sakinlərin siyahıya alınmasına başlanılsa da, orada yaşayan əhali hökumət tərəfindən onlara ödəniləcək kompensasiyanın məbləği ilə razılaşmır.

Buna görə də ərazidə söküntü işləri dayandırılıb. Vəziyyətlə yerində tanış olmaq üçün "Şərq”in reportyorları adıçəkilən ünvana baş çəkib.

Əraziyə yaxınlaşanda ilk olaraq ömrünün 60 ilini arxada qoyan, məcburi köçkün, Abdulla Şaiq küçəsi 25-də yaşayan Fuad Məmmədov qarşımıza çıxdı. F.Məmmədov müxtəlif yüksək vəzifələrdə çalışıb. O, yaşının bu vaxtında ona veriləcək məbləğlə heç bir ev ala bilməyəcəyini deyib: "Heç olmasa, kvadrat metrinə görə 2500 manat, ya da şəhərin mərkəzinə yaxın ev versinlər. Hətta Xırdalanda mənə ev təklif etsələr də, razılaşaram. Burada yaşayanların da səsini eşitsinlər və fikirlərimizi nəzərə alsınlar. Elə pul versinlər ki, özümə və övladıma ev ala bilim. Çöldə qalmayım”.

Akademik Qarayev küçəsində yaşayan sakinlər kvadrat metrinə görə 1500 manatın az olduğunu deyirlər. Sakinlər bildirirlər ki, indiki zamanda bu pula ancaq torpaq almaq olar. "Hər birimizin ailəsi var, elə ailələr var, onlar 7-8 nəfər bir evdə qalırlar. Verilən məbləği necə bölüşdürüb ev alaq. Ev də versələr, ailələrimizin sayını nəzərə alsınlar. Sökülən evlərin yerlərini isə özəl şirkətlər alaraq, ərazini hasarlayıblar. Dövlət tərəfindən sökülməyib”.

Adını söyləməyən yaşlı kişi isə onların evlərinə növbə çatmadığını söyləyib: "Hələ dəqiq heç bir şey demirlər. Konkret fikir deyə bilmərəm. Heç olmasa, halallıqla, vicdanla pul verilsin. Biz də özümüzə gün ağlaya bilək”.

Akademik Qarayev küçəsi 23-də yaşayan Məmmədov Şahmirzə isə heç kimin 1500 manata razı olmadığını bildirir: "Biləcəridə sənədsiz ev 80-90 min manatdır. Şəhərin mərkəzində 80 min manatdan aşağı qiymətə ev yoxdur. İndi bizə təklif olunan pulla harda ev almaq olar? Verilən bu qədər pulla Masazır, Biləcəri kimi yerlərdə necə ev alaq? "Sovetski”də əksəriyyət kasıbdır. Hamı istəyir ki, köhnə evlərdən qurtulsun. Yəni evlərimizin sökülməsinə qarşı deyilik. Biz burda alver etmirik. Yəni demirik ki, bizə elə pul verilsin ki, əlavə də bir maşın alaq. Amma evsiz-eşiksiz,

çöldə qalmaq da istəmirik. Heç olmasa, elə məbləğ versinlər ki, kənardan da olsa özümüzə ev ala bilək”.

Quliyev Vaqif: "Evimin sahəsi 25-30 kvadrat metrdir. Hər kvadratına azı 2500-3000 manat versələr, köçüb gedərik. Yoxsa, heç hara gedəsi deyilik. Bir evdə iki ailə var. Axı 25 kvadratın puluna iki ev almaq mümkün deyil”.

Adını vermək istəməyən orta yaşlı bir kişi təklif olunan qiymətlə heç kimin razı olmadığını söyləyir: "Camaatın heç bir razı deyil. Birinin adını çəkin ki, 1500 manata razı olsun?! Mənim evimin sahəsi 22 kvadrat metrdir. Bu pulla mən harda ev alım?! Bizdən xəbərsiz adımızı siyahıya salıblar. Amma gəlib evimizi ölçüb-biçən olmayıb. Buralar hələ siyahıya alınmayıb”.

Sadıqov Azad deyib ki, evlər çox bahalaşıb: "15-20 minə olan evlər indi 50-60 minə qalxıb. Bunları da nəzərə almaq lazımdır. Ailədə 8 nəfərik. Dediyimiz məbləği verməsələr, köçməyəcəyik. İllərdir bir yerdə yaşayırıq. Qonşular bir-birinə etibar edir. Gecə yatanda qapını açıq qoyub yatırıq. Burda böyük-kiçik var. Ağsaqqal, ağbirçəyə xüsusi hörmət var”.

Nağıyev Teyyub 1990-cı illərin Avropa çempionudur. O, bir evdə 3 ailə olmaqla, 8 nəfər yaşadıqlarını deyib. Onun sözlərinə görə, evin hər kvadratına azı 3500 manat versələr, ayrı-ayrılıqda 3 ailəyə ev ala bilərlər: "Evimin sahəsi 70 kvadrat metrdir. Özü də qədim evdir. Tikilmə tarixi 1903-cü illərə gedib çıxır”.

(Bizi evinə apararaq, ailələrin darısqal məkanda necə yaşadıqlarını göstərir).

T.Nağıyev təkidlə deyir ki, ona ya 8-ci mikrorayonda, ya da Yasamal rayonunda ev verilsin. Yaxud da ayrıca məhz bu sakinlər üçün 9-cu mikrorayon salınmasını təklif edir: "Verməsələr, heç kim köçən deyil. Bura "Basin” deyil. Bizi aldada bilməzlər. Lap suyumuzu, qazımızı kəssələr belə, verilən məbləğlə razılaşmayacağıq. Çünki burda "karinnoy” bakılılar yaşayır. Ağılları başqalarına getməsin. 100 ildir yaşadığımız yerdən bizi köçürməyə ehtiyac yoxdur. Elə burdaca yeni binalar tiksinlər və bizi evlə təmin etsinlər. Hətta yeni binalar tikilənə qədər kirayədə qalmağa da razıyıq”.

80-dən yuxarı yaşı olduğunu deyən ağsaqqal Akif Quliyev evlərində 4 ailənin yaşadığını qeyd edərək hər kvadrat metrə görə 4000 manat tələb edir: "Ay bala, yaşımın bu vaxtında gedib küçələrə düşəsi deyiləm. Elə pul versinlər ki, gedib ailəmə ev ala bilim. Axı mən tək yaşamıram. Evdə yekə uşaqlarım var. Hamısı ailəlidir. Olmaz axı, birinə ev düşsün, o birisi çöldə qalsın. İndiyə kimi neçə nəfər gəlib sakinlərlə danışıb. Axır sözlərini martın 3-də deyirlər”.

Məhəllədə yaşayan 46 yaşlı Əli deyir ki, ona pul yox, ev lazımdır: "Mənim evim 50 kvadrat metrdir. Artıq pul istəmirəm. Heç ümumiyyətlə pul istəmirəm. Əvəzində ev versinlər. 46 ildir Bakının mərkəzində yaşayıram. Burdakıların 70-80 faizi də şəhərlidir. Bizə verilən evlər şəhərin mərkəzinə yaxın olmalıdır. Yasamalda, Montində versinlər, daha gedib Zirəyə, Artyoma çıxmasınlar. Bizim oralarda nə işimiz var?”

82 yaşlı Həmayıl Mehdiyeva: "Ay oğul, birtəhər burda qalıram. Balaca evdir, gördüyünüz kimi sıxlıqdan güclə hərəkət edirik. 5 nəfər iki metrlik otaqda qalırıq. Biz də geniş evə köçmək istərdik. Amma verilən pulla bu, mümkün deyil. İnşallah, hökumət də bizi başa düşər”.

Milliyəti rus olan, "Sovetski” sakini Mixail Sergeyeviç normal məbləğdə pul verilməsini istəyir: "Hər kvadrat metrinə 3000 manat pul istəyirəm. Heç olmasa, başımızı soxacaq bir daxma ala bilək. Evsiz qalmayaq”.

20 ildir "Sovetski”də yaşadığını deyən Nübar Kərimovanın yaşadığı evinin sahəsi 57 kvadrat metrdir: "Evimiz ikimərtəbəlidir. Aşağıda mən, yuxarıda qızım qalır. Ailədə 6 nəfərik. Özüm bakılı deyiləm, Gəncədən gəlmişəm. 20 ildir burda məskunlaşmışıq. İndi "Sovetski”də 42 min əhali, 10-15 min də ev var. Bizi didərgin salmasınlar. Harda olur-olsun, ev versinlər. Ev verməsələr də, hər kvadratına görə minimum 2500-3000 arası vəsait ayırsınlar”.

37 kvadrat metrlik rütubətli və çox kiçik evdə yaşayan İradə Vəliyeva ən azı 3000-4000 manat pul verilməsini istəyir: "Mən həyət evi istəyirəm, gedib özümə həyət evi alacam. Binada yaşaya bilmərəm. Verdikləri pul mənə sərf etmir. Zirzəmini hesablamırlar. Evin sahəsini hesablayarkən divarın çölündən yox, içindən ölçürlər. Bu zaman maddi baxımdan itirən biz oluruq”.

30 yaşlı Ələkbərov Mehman evinin damdan-dama 50 kvadrat metr olduğunu deyir. Amma divarların hesablanmaması ilə onun evi 37 kvadrat metrə qədər azalır: "13 kvadrat metr itirirəm. Onun pulunu kim verəcək?”

Balaca evi olan 84 yaşlı Tofiq Ələsgərli pulun azlığından gileyləndi. O, məbləğin artırılmasını tələb edir: "Ölümümə az qalıb. Neçə il yaşayacağım bəlli deyil. Özümdən sonra övladlarım çöldə qalmasın. Heç olmasa, kvadratına 3000 manat versinlər ki, 3 oğluma ayrı-ayrılıqda ev ala bilim”.

76 yaşlı Bibixanım Nurəliyevanın isə deyəsən, problemlə bağlı ürəyi dolu idi: "Bizim də məsələmizi həll etsinlər. Artıq bir şey istəmirik, ev ala biləcək qədər pul ödəsinlər”.

Səlməliyev Vaqif: "Bir evdə 5 ailəyik. 50 kvadrat metrə verilən pulla 5 ailəyə ev almaq olar? Yeni Yasamalda ikiotaqlı ev 60-70 minədir. Ən ucuz yer isə Masazırdadır. Orda torpağın sotu 8000 manatdır. Evin sahəsi 100 kvadratdan artıqdır. Ancaq evlənəsi oğlum var. Üstəlik, digər övladlarıma da ev almamışam. Yetərli pul versinlər ki, övladlarıma gün ağlaya bilim”.

Elçin adlı "Sovetski” sakini evinin sahəsinin 16 kvadrat metr olduğunu bildirir: "Bu kvadrata görə mənə təxminən 30 min pul düşür. Ömrümdə heç 30000 görməmişəm. Bu pula özümə yaxşı əyin-baş və maşın alsam, pul qurtarar. Ev gələndə isə pul çatmaz. Ona görə də bizə evə görə pulu az verməsinlər”.

İsmayıl, Vüqar

(Fotolar müəlliflərindir)