25 manat cərimə

Qarajda aşkarlanan toyuq əti təhlükəli ərzağın satışına cəhddir


Binəqədi rayonunda qarajda keyfiyyətsiz toyuq ətinin aşkarlanması qida təhlükəsizliyimizin şübhə altında olduğunu göstərir. Maşın qarajında "emal edilən” toyuq əti məsələsi artıq ictimailəşib, bir neçə yerli telekanalda işıqlandırılıb. Videosüjetlərdə bu çirkin işlə məşğul olan adamın davranışları, media əməkdaşları ilə danışıq tərzi, "bu ətləri hara təhvil verirdiniz” sualına qarşısındakıları ələ salırmış kimi "Özüm yeyirəm” cavabını verməsi "sahibkarın” onı gözləyən cəzadan arxayın olmasıdır.

O mənada ki, belə çirkin əmələ görə, "sahibkar” vur-tut 25 manat cərimələnib. Başqa heç bir cəza tətbiq olunmayıb. İnsanları zəhərləməklə məşğul olan işbazın 25 manat ödədikdən sonra təkrar bu işlə məşğul olmayacağına heç cür təminat vermək mümkün deyil. Asan yolla qazanc əldə etmək üçün insanların sağlamlığını təhlükə altına alan adamdan istənilən hərəkət gözlənilməlidir. Amma bu işbazın törətdiyi əmələ görə hədsiz yüngül cəza alması həm onun özü, həm də digər bu tip işbazlar üçün rahat pul qazanmaq imkanı yaradır. Bəlkə də bu adam iylənmiş toyuq əti biznesi ilə uzun müddətdir məşğul imiş. İndiyədək yaxşıca gəlir əldə edib. Amma Baytarlıq İdarəsi onu 25 manat cərimələyir və adam sərbəst buraxılır. Sanki ona "daha bu qaraj bağlandı, get, başqa məkanda çalış” deyirlər.

Belə işbazlar, fırıldaqçılar bir deyil, iki deyil. Son vaxtlar nə qədər eşşək, at əti, murdar ət satanlar aşkarlanır. Onlara qarşı da sərt tədbirlər görülmür. Halbuki bu zəhərli məhsullar satış məntəqələrinə, kolbasa sexlərinə, dönərxanalara ötürülür, oradan da vətəndaşların istifadəsinə verilir.

Baytarlıq İdarəsi adətən bir məsləhət verir ki, alıcı satıcıdan sertifikat tələb etsin, üzərində laboratoriya möhürü olan ət alsın. Amma hamımız bilirik ki, bu, çox çətin məsələdir. Bazarlarda, satış məntəqələrində sanitar-gigiyenik normalara cavab verən məhsul axtarışına çıxmaq nəticəsiz yekunlaşa bilər. Digər yandan, dərsdən ac-yalavac çıxan tələbəyə "dönərçidən sertifikat tələb et” demək hətta gülünc gəlir. Alıcının sertifikat tələb etməsinə arxayınlaşıb keyfiyyətsiz, murdar ətlərin satış məntəqələrinə çıxarılmayacağına ümid bəsləmək olmaz. Problemin həllində daha sərt qaydaların tətbiqi vacibdir.

Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası şöbəsinin müdiri İmran Abdullayev "Şərq”ə açıqlamasında cəzaların sərtləşdirilməsinin tərəfdarı olduğunu dedi:

- Cərimələrin miqdarını Milli Məclis təyin edir. 25 manatlıq cəriməni də Dövlət Baytarlıq Xidməti təyin etməyib. Bu da Milli Məclis tərəfindən müəyyən olunmuş məbləğdir. Biz sanitar

nəzarətini həyata keçiririk. Bizdə cərimənin məbləği hələ bir az artıqdır, 100-200 manat cərimə edə bilirik. Amma prinsip etibarilə bu da çox azdır. Cərimələr daha böyük olmalıdır, cəzalar da sərtləşdirilməlidir. Vətəndaşların sağlamlığına ziyan vura biləcək əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Sahibkar bilir ki, uzaqbaşı, 25 manat cərimə olunacaq, ona görə də arxayın halda istədiyi formada fəaliyyət göstərir. Amma o bilsə ki, böyük məbləğdə cərimə gözləyir və buna görə cinayət məsuliyyətinə cəlb oluna, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağası ilə üzləşə bilər, ehtiyat edər və çirkin əməllərdən çəkinər. Təhlükəli ərzağı satmaq və ya satmağa cəhd göstərməyə görə, cəzalar sərtləşdirilməlidir. Qarajda toyuq əti emalının aşkarlanması, təhlükəli ərzağın satışına cəhddir. Çünki həmin məhsul satış zamanı deyil, satışa hazırlıq mərhələsində aşkarlanıb. Bəlkə də aşkarlanan müddətədək həmin sahibkar nə qədər belə keyfiyyətsiz, təhlükəli məhsul satıb. Burada qida təhlükəsizliyi qaydalarının pozulması halı var. Bilirsiz, qanundakı boşluqlar bizim də əl-qolumuzu bağlayır. Bizim o qarajı yoxlamaq səlahiyyətimiz yoxdu. Telekanallardakı süjetlərdən də gördünüz ki, neçə dəfə qarajın qapısını açmağı tələb ediblər, adam deyib ki, açmıram. Hansı əsasla qarajımı yoxlamaq istəyirsiniz? Yəni, bu məsələlər hüquqi müstəvidə tənzimlənməlidir ki, Baytarlıq İdarəsi də, Gigiyena Mərkəzi də siqnal aldığı zaman obyektdə dərhal yoxlama apara bilsin. Gördünüz həmin adamın danışığını, hərəkətlərini. Bu adamdan nə istəsəniz gözləmək olar. Öz hərəkətlərindən utanmaqdansa, jurnalistləri ələ salırdı. Ona görə ki, cəzalar yumşaqdır, cəzanın sərt olacağını bilsə, belə etməz, çəkinər.

Qeyd edək ki, qarajda çirkab içində aşkarlanmış toyuq ətinin kafe və dönərxanalara verildiyi daha çox ehtimal edilir. Çünki adətən dönərxanalar ucuz ət almaqda maraqlı olur.

Məsələyə münasibət bildirən İ.Abdullayev ötən il sanitar-gigiyenik normalara cavab vermədiyi üçün 90-a yaxın dönərxananın fəaliyyətinin dayandırıldığını, 82 dönərçiyə cərimə tətbiq edildiyini dedi:

- Reydlər keçirilir, gigiyenik normalara cavab verməyən dönərxanalarla bağlı lazımi tədbirlər görülür. Hazırda ən böyük narahatlıq doğuran dönərxanalardır. Yoxlayanda məlum olur ki, dönərlər keyfiyyətsiz ət məhsullarından hazırlanır, gigiyenik qaydalara əməl olunmayıb və s. Biz qayda pozuntularının qarşısını var-gücümüzlə almağa çalışırıq. Burada alıcının da səhlənkarlığı var. Tutalım, alıcı dönərçidən sertifikat tələb edə bilmir, ona verilən ətin hardan alındığını da bilmir, dönərçinin hansı vəziyyətdə olduğunu ki, görür. Sən görürsən ki, bu dönərçinin üstü-başı çirk içindədir, əlinə əlcək geyinməyib, başında aşpaz papağı yoxdu, ayağına çəkələk geyinib, yan-yörəsi antisanitar halda, avtomobil yolunun kənarında bir dönərxanadır, yoldan keçən maşınların təkərlərindən qalxan toz o ətin üstündədir. Niyə bu dönəri alırsan? Nə məcbur edir, alıcıları bu dönərçidən dönər almağa. Demirəm, bütün dönərxanalar bağlansın, eləsi var, sanitar normalara cavab verən şəkildə çalışır, sənədli-sübutlu, sertifikat verilmiş dönərxanalardır. Alanda da belə satış nöqtələrindən alsınlar.

İ.Abdullayev bildirdi ki, ümumiyyətlə, toyuq əti tez xarab olan məhsullara aiddir, isti temperaturda mikroorqanizmlər asanlıqla ətin daxilinə nüfuz edə bilir. Odur ki, toyuq əti alarkən onun dondurulmuş halda olmasına diqqət edilməlidir. Donu açılmış ətdə zərərli mikroorqanizmlərin olacağı ehtimalı böyükdür.

Məlahət Rzayeva