“Böyüməyən uşaqlar”

Elşad Eyvazlının Xocalı soyqırımından bəhs edən kitabının təqdimatı olub


Dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında Modern.az saytının baş redaktoru Elşad Eyvazlının Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş "Böyüməyən uşaqlar” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndələri, "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxışında bildirib ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq (indi onlar gəncdirlər-red.) insanlığa sığmayan dəhşətlə qarşılaşıblar. Onun sözlərinə görə, indi həmin gənclərə, eyni zamanda hər bir döyüşçüyə, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşılmalıdır: "Xocalı faciəsinin 22-ci ildönümü Azərbaycanda və digər ölkələrdə qeyd ediləcək. "Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox ölkələr artıq Xocalıda törədilənləri soyqırım aktı kimi tanıyıb. Bu baxımdan xalqımızın başına gələn faciələrin unudulmaması üçün "Böyüməyən uşaqlar” kimi kitablar böyük əhəmiyyətə malikdir.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın qeyri-adi formatda yazıldığını diqqətə çatdırıb: "Çünki bu kitabda real obrazların yaşadığı həqiqətlər əks olunub. Bu həqiqətlərin içində biz erməni vandalizminin törətdiyi hadisələrlə tanış oluruq. Hər iki valideynini itirmiş bu uşaqlar heç vaxt böyümədi. Çünki onların gözləri önündə valideynləri qətlə yetirildi. Bu dəhşət onlar var olduqca, gözləri önündə canlanacaq. Bu kitab bitmir. Bu kitabda həyat həqiqətləri ilə bərabər, Xocalı sakinlərinin yaşadığı dəhşətlər, qətllər, 100-lərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar var. Kitabda həmçinin, minlərlə insanın erməni əsirliyindəki vəziyyəti əks olunub”.

Sözügedən kitabın müəllifi E.Eyvazlı isə qeyd edib ki, kitabda Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqların yaşadıqları dəhşət həmin uşaqların öz dili ilə oxuculara çatdırılır: "Əslində bu uşaqların yaşadıqları dəhşətlərin kitab halına salınması düşünülmürdü. Lakin biz uşaqların həyat hekayəsini görəndən sonra, düşündük ki, niyə də bu həqiqətləri kitab halına salmayaq? Bu kitab bir örnək olsun deyə, nəşr edilib. Kitab faktlara əsaslanaraq yazılıb, burda bədii təxəyyül yoxdur. Kitab oxuyaraq, ağlamaq üçün deyil, toparlanmağımız, gələcəyə baxışımız üçündür”.

Müəllif gələcəkdə kitabın dünya ölkələrinə yayılması məqsədilə bir neçə dilə tərcümə olunacağını vurğulayıb: "Bundan sonrakı borcumuz kitabı fransız, alman, ingilis dillərinə tərcümə edib dünyanın bir çox yerlərində yaymaqdır. Dünya birliyi Xocalıda yaşananları görməlidir. Kitabdan dərs götürməliyik. Xocalıda hər iki valideynini itirmiş bu uşaqlar canlı sübutlardır. Biz bunları dünyaya çıxarmalıyıq. Dünya görməlidir ki, Xocalıda azyaşlı uşaqların başına hansı dəhşətlər gəlib”.

Akif Aşırlı 1990-cı illərdən sonra yaşanan bir çox faciələrin şahidi olduğunu söyləyib: "O zaman 21 yaşım var idi. Xocalı insanlığa qarşı törədilmiş faciədir. Soyqırımı dünyaya tanıtmalı, bunun təbliğatını daha geniş şəkildə aparmalıyıq”. Sonda A.Aşırlı müəllifi təbrik edib. Və belə bir kitabın ərsəyə gəlməsində göstərdiyi təşəbbüsə görə minnətdarlığını bildirib.

Millət vəkili Vahid Əhmədov bu faciəni kitab şəklində ərsəyə gətirdiyi üçün öncə, müəllifə minnətdarlığını bildirib: "Xocalı faciəsi ən dəhşətli faciəmizdir. 20-ci əsrin faciəsinin kitab şəklində ərsəyə gətirilməsi təqdirəlayiq haldır. Xüsusən də, İlham Əliyevin prezident seçilməsindən sonra Xocalıya daha çox diqqət ayrılmağa başladı. Müxtəlif təbliğatlar keçirildi. Artıq dünyanın bir çox yerində Xocalı soyqırımı, erməni vəhşiliyi, törətdikləri cinayətlər tanınıb. Xocalıdan olan uşaqlar artıq böyüyüb. Onların xoşbəxtliyi Azərbaycanın müstəqil olmasından ibarətdir. İnanıram ki, Qarabağ məsələsi də tezliklə öz həllini tapacaq. Düşmən tapdağında olan

torpaqlarımız geri qaytarılacaq”. Millət vəkili sonda Bayram Səfərova belə tədbirlərin keçirilməsinə şərait yaratdığı üçün öz minnətdarlığını bildirib.

Ayyət Əhməd