Müsavatın “qara fəhlələr”i

Vəfa Allahverdiyeva
Başqanlıq bu posta layiq olma deyil, haqqı çatma meyarı ilə həll edilə bilər


Müsavatın qurultayının dəqiqləşməsi partiya içində və mətbuat müstəvisində başqanlıq postu ətrafında müzakirələrə güclü təkan verib. Müzakirələrin gedişi göstərir ki, Müsavat yeni başqanın kimliyini həll etməyə hələ də hazır deyil və bu istiqamətdə gərginliklə üz-üzə qalıb. Çünki bu statusa layiq olan və olmayanların soyadı ilə ortaya heç də məhdud sayılmayan qədər iddialı çıxıb. Üstəlik, cənclər öz namizədləri ilə köhnə qvardiyadan daha aktiv bu prosesə qoşulublar. Digər tərəfdən, əsas iddialıların partiya içindən və kənardan geniş dəstəklənməsi simptomları belə, yoxdur. Tək-tük müdafiə xarakterli mövqelər də kimin kimdən daha şanslı olması təəssüratı üçün kifayət etmir. Qeyri-müəyyənliyin bunca davam etməsinin tək səbəbi İsa Qəmbəri öz inadından döndərməyin mümkünlüyünə bəslənən ümidlərlə bağlıdır. Lakin hazırkı başqanı buraxmaq istəməyənlər nəzərə almırlar ki, Müsavat rəhbərliyində bu dəyişiklik gec-tez baş verməlidir və hər kəsin bəlli itkiyə alışmaq məcburiyyəti var.

Başda İsa Qəmbər olmaqla, partiyanın rəhbərliyi, qurultayı, Məclisinin üzərində olan vacib məsələ davamçını düzgün tapmaq, möhürü döğru ələ həvalə etməkdən ibarətdir. Bu, asandırmı? Hal-hazırkı durum sübut edir ki, heç də asan deyil. Təkcə partiya yox, kənar rəylər də bu fikrin üzərinə hökm salır ki, İsa Qəmbərdən sonra Müsavatın lideri ola biləcək, onu perspektivlərə daşıyacaq başqa bir siyasi fiqurun ismi üzərində dayanmaq mümkün deyil. Açıq-aydın görünür ki, İsa Qəmbərdən qeyri-birisinin Müsavata sahib çıxması təşkilatın intriqa yuvasına, tez-tez baş verəcək ixtilaf ocağına çevrilməsinə aparıb çıxaracaq. Neçə vaxtdır, isbat tələb etməyən bu aksioma partiya elitasında və aşağılarda depressiya yaradıb. Nə edəsən ki, bu gerçəklik

içərisində yeni lideri müəyyən etmək, ona Müsavatın gələcəyini tapşırmaqdan başqa variant da yoxdur. Hər halda böyük ehtimal bundan ibarətdir ki, məsələ layiq olma meyarında daşa dirəndiyi üçün, haqqı çatma meyarı ilə öz həllini tələb edəcək. Layiq olma meyarı özündə liderliyi bacarmaq, simpatiyalar nəticəsində partiyanı monolit saxlamağın öhdəsindən gəlmək, onu daim intibaha qaldırmağı ehtiva edir ki, bu, hazırkı iddialıların hamısının məziyyətləri, potensialı xaricindədir. Haqqı çatma kriteriyasına gəldikdə, Müsavatın bir neçə "qara fəhləsi” var ki, məsələnin həlli bu meyarla çözüm metodu olarsa, onlar başqanlıq mübarizəsində öz adlarını rahatlıqla ortaya qoya bilərlər.

Onlardan biri Arif Hacılıdır, konkret olaraq iddiasını gizlətmir, əksinə daha güclü mübarizə aparır. Digəri isə başqanlığa iddialı olmayan, partiyanın idarəçiliyindən uzaq düşən Rauf Arifoğludur. Biri partiyanın siyasi yükünü hər zaman hamıdan daha çox çəkdiyinə, digəri isə, Müsavatın ictimai rəydə çəkisini tək qəzet və özünün müəllif yazıları ilə artırdığına görə, həqiqətən də təşkilatın "qara fəhləsi” hesab edilə bilər. Mübaliğəsiz demək mümkündür ki, 1997-ci ildən 2001-ci ilə qədər Arif Hacılı subardinasiya nöqteyi-nəzərindən Baş Katibdən sonra gəlsə də, işgüzarlıqda, seçkilər hazırlığında, siyasi açıqlamalarında bütün partiya yetkililərini arxada qoymağı bacarırdı. Kütləvi aksiyalarda o, partiya elitasının yanına deyil, tünlüyün içərisinə keçirdi. Nəticədə polis dubinkası da alırdı, həbsxana divarları arasına da düşürdü. Seçkilər kimi ağır və mürəkkəb proses heç də təsadüfən Arif Hacılıya həvalə olunmurdu. O, özünü bu işin uzmanı kimi hər dəfəsində sübut edə bilirdi.

Müsavatın bərpasında təşəbbüskarlardan biri olan Rauf Arifoğlu bir qəzet müstəvisində Müsavata nə qədər dividentlər gətirib, bunu hamı çox gözəl bilir. Demək, haqqı çatma meyarı onların soyadı üzərinə diqqət cəmləyir. Çünki Qubad İbadoğlu, Nüşabə Sadıqlı, Arzu Səmədbəyli, Səxavət Əlisoy, Tural Abbaslının Müsavat üçün etdikləri

tərəzinin gözündə ağır çəki verə bilmir. İş ondadır ki, bu adlar və onların müdafiəçiləri nə A.Hacılının, nə R. Arifoğlunun "qara fəhlə”liyini onların başqanlıq haqqı olaraq qəbul etmək istəyir. Əks halda Hacılının iddiasına dəstək nümunəsi də ortalıqda olardı, Arifoğlunun namizədliyi barəsində təkliflər də. İkincini öz resursları ilə hərəkətə keçməyə vadar edən səbəblər yoxdur, çünki birincilik postuna haqqı çatmış olsa da, iddialı deyil. Birincininsə ən aktiv iddialılardan olması onu müxtəlif üsullara, hətta məkrə belə əl atmağa vadar edə bilər. Arif Hacılı yaxşı başa düşür ki, bu mübarizədə fatalistcəsinə davranmaq ağılsızlıqdır. İsa Qəmbər onun haqqını özünə vermək üçün inzibati üsullardan yararlanmayacaqsa, qurultaya xitab etməyəcəksə, hər şeyi taleyin ixtiyarına buraxmaq deyil, əksinə qurultayın nəticələrinə qabaqcadan ciddi şəkildə hazırlıq aparmaq lazımdır.

Gənclər təşkilatında tez-tez ortaya çıxan giley-güzarların kökünün Arif Hacılıya gedib çıxdığını görməmək mümkün deyil. Aydın məsələdir ki, iqtidar və müxalifət düşərgəsində, hətta dövlət idarəçliyində estafet gənclərə keçir, siyasətin gəncləşməsi sürətlə və qaçılmaz bir proses kimi gedir, Hacılının mütəmadi gənclərlə bir yerdə olması başadüşüləndir. O, gənclərdən dəstək almağa çalışır, gənclər qurumlarında öz tərəfdarlarını möhkəmlədir. Qurultayda gənclərın çoxluq təşkil etməsi istiqamətində planlar cızır. Əgər nazamnamə dəyişib, başqanın seçkisi yeni formalaşacaq Məclisə həvalə olunacaqsa, Hacılı daha çox gəncin bu strukturda yer almasına səy göstərəcək ki, burada da qazanan təkcə o, yox, bir qrup gənc də öz karyerası üçün şans əldə edə bilər. A. Hacılı paralel olaraq, nəzarət etdiyi rayon təşkilatlarında tərəfdarlarının sayını artırmağı da bir kənara qoymur ki, bunlar demokratik seçkidə həlledici amillərdən biri kimi çıxış edir.

Beləliklə, İcra Aparatının rəhbərinin nə əlindəki resurslar, nə də işlətdiyi görünən-görünməz hiylələr digər iddialılarda olmadığı üçün, başqan seçkisi mötəbər statusa daha çox Arif Hacılını yaxınlaşdıra bilər.