“Mən dövlət müşaviri olanda nurçularla kontaktda olmuşam”

Qabil Hüseynli: “Onların dövlət idarəçiliyinə sızmasına imkan vermək olmaz. Bu, ölkəni fəlakətə aparar”


Son günlər gündəmdə olan mözvulardan biri də Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlıdır. Nurçularla bağlı məsələnin Azərbaycanın gündəmini zəbt etməsinə isə Türkiyədəki olayların ölkəmizə sıçraması səbəb olub.

Bir çox ekspertlər hesab edirlər ki, nurçuluq öz təməllərini iqtisadi əsasların üzərində quran yeganə cərəyandır. Ancaq bu iqtisadi əsaslar sadəcə dönərxana açmaqdan ibarət deyil. Onlar Azərbaycan elitasının içərisinə giriblər və daha da dərinə nüfuz etməkdədirlər. Nurçular iddia edirlər ki, Azərbaycanda ən yaxşı təhsili verirlər. Diqqət yetirsəniz, onların təhsil verdikləri və yetişdirdikləri tələbələrin içərisində tək-tük aşağı təbəqənin insanını görə bilərsiniz. Əksəriyyəti məmur və biznesmen uşaqlarıdır. Nurçular bunu məqsədli şəkildə edirlər. Çünki onların əsas hədəfi Azərbaycanın elitasını ələ keçirmək və gələcək elitanı özlərinin formalaşdırmasıdır. Həmin məktəblərin işləmə mexanizminə diqqət edək. Onlar tələbələrin bütün üstün cəhətlərini nəzərə alırlar. Tələbələrin ailələrinə təsir etmək üçün psixoloji vasitələrə əl atırlar. Ən çox da

özünə qapalı tələbələri cəlb etməyə çalışırlar. Ancaq ictimaiyyəti daha çox narahat edən nurçuların təhsilə nüfuz etməsi yox, onların dövlət idarəçiliyində təmsil olunmaları və yüksək vəzifəli insanlarla əlaqə quraraq onları ələ almalarıdır. Məsələni şərh edən politoloq Qabil Hüseynli deyir ki, nurçular öz məqsədlərini güdən və qarşılarına qoyduqları hədəflərə nail olmaq üçün ciddi siyasi və kollektiv iradə nümayiş etdirən güclü bir təşkilatdır: "Mən dövlət müşaviri olanda nurçularla kontaktda olmuşam. Yəni o zamankı təhsil naziri və digər rəsmi qurumlar bu barədə mənə müraciət edib, mən də nurçuların nümayəndələrini qəbul etmişəm. İlk olaraq onlardan soruşmuşam ki, siz burada nə iş görmək istəyirsiniz? Nurçular da bizi əmin edib ki, onların niyyəti sadəcə liseylər açmaq və insanlara təhsil verməkdir. Məsələn, Qafqaz Universiteti, türk liseyləri və "Kubinka”dakı orta təhsil məktəbi o vaxt açılıb. Ancaq biz hökumət olaraq bu məktəblərə ciddi nəzarət etmişik. Ona görə də onlar bizim qərarlardan kənara çıxaraq başqa sahələrə nüfuz edə bilməyiblər”.

Q.Hüseynli hesab edir ki, nurçuların deputatlarla əlaqə qurması, onlar tərəfindən müəyyən vəzifəli adamların ələ alınması çox təhlükəli tendensiyadır: "Nurçuların fəaliyyətinin təhsildən kənara çıxması Azərbaycan üçün risklidir və qəbuledilməzdir. Bir sıra iş adamlarının fəaliyyətinə icazə vermək olar. Amma nurçuların dövlət adamlarını pul və ya digər ideoloji vasitələrlə ələ almasına, ümumiyyələ, onların dövlət idarəçiliyinə sızmasına imkan vermək olmaz. Bu, ölkəni fəlakətə aparar”.