Bakı Metropoliteninin təzə rəisi fəaliyyətinə qadağalarla başladı. Məsəl var, deyirlər, necə başladınsa, sonrası da elə olacaq. Təzə rəis də gələn kimi metropoliten işçilərindən bir kimsənin mətbuata informasiya verməsini qadağan edib. Bu barədə SalamNews-a Bakı Metropolitenindən məlumat verilib.
Metropolitenə müsahibə üçün gedən saytın əməkdaşlarına qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib ki, hazırda mətbuata heç bir informasiya vermək səlahiyyətinə malik deyillər. Çünki hazırda "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin formalaşması istiqamətində iş gedir. Eyni zamanda metropolitenin mətbuat xidmətinin yenidən formalaşması gözlənilir.
Qəribədir. Belə çıxır ki, media dayanıb gözləməlidir ki, "formalaşma prosesi” başa çatsın, sonra hansısa məsələ ilə bağlı sual versin. Əcəb, müasirlik, internet, sürət əsridir. Bəxtəvər jurnalistlər var ki, ABŞ Dövlət Departamentinə sual verib cavab alırlar. Barak Obamanı sual yağmuruna tuturlar. Bizim metro rəisimiz isə mətbuata qadağa qoyur.
Bu da son vaxtların yeni dəbidir. Yeni təyin olunan nazirlər, rəislər nədənsə, ilk öncə mətbuatla "haqq-hesab” çəkirlər. Təhsil nazirimiz də belədir. Sabiq nazir Misir Mərdanovun ölənləri rəhmətlik... Təhsilimizin Mərdanov dönəmində mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadədən savayı nazirliyin bütün digər şöbə müdirləri ilə danışmaq olurdu. Sual verib cavab alırdıq. Nazirliyin şöbə müdirləri Bayram Hüseynzadənin də vəzifəsini üzərlərinə götürmüşdülər. Təhsildə Cabbarov dönəmi başlayan kimi isə ilk qadağa mətbuata qarşı oldu.
Təbii, "sivil” formada; yazılı müraciət edin, sualları elektron poçtumuza göndərin, nə bilim, onlayn müraciət edin və sair. Bu da jurnalist "fırlatmağın” bir üsuludur. Təxminən eyni hal indi də Metropolitenlə bağlı baş verir. Heç olmasa Tağı Əhmədov jurnalistlərin qabağına çıxırdı. Danışırdı, açıqlama verirdi. Jurnalistlərlə münasibətinin rəvan olduğunu demirik, öz sahəsinin adamıydı. Vəzifəyə pilə-pillə qalxmışdı. Metropolitenin Tağı Əhmədovdan qalan mətbuat xidmətinin rəhbəri deyir ki, mətbuata informasiya vermək səlahiyyətinə malik deyil. Onda bəs kimdir, səlahiyyətə malik olan? İctimai nəqliyyatın bu vacib strukturu ilə bağlı hansısa məqamda məlumat almaq zərurəti yaranarsa, media hara, kimə müraciət etməlidir? Yeni rəisin bürokratik üsuli-idarə formasına keçməsinin arxasında nələr dayanır?
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Şərq”ə açıqlamasında bildirdi ki, mediaya qadağa qoymaq məmur qorxaqlığının, bəzi vəzifəli şəxslərin öz funksiyasını bilməməsi və həmçinin ölkədə informasiya siyasətinin düzgün işlənib hazırlanmamasının nəticəsidir:
- Bəzi məmurlar qorxurlar ki, birdən ağızlarından nəsə uyğunsuz bir söz çıxar, qəzəbə gələrlər. Burada vəzifəli şəxslərin öz funksiyalarını bilməməsi də rol oynayır. Ümumiyyətlə isə, ölkədə informasiya siyasəti düzgün işlənməyib. Hər nazirlik media ilə bir cür əlaqə qurur. Kim necə istəyir, özünə necə sərf edirsə, o cür də əlaqə qurur. Bu, dövlət orqanları üçün yolverilməzdir. Son zamanlar bir sıra nazirliklər və dövlət qurumlarının media ilə məsafə saxlaması tendensiyası müşahidə olunur. Əgər hansısa suala həmin anda, yaxud 5 dəqiqə içində cavab vermək mümkündürsə, jurnalist niyə saatlarla, bəzi hallarda günlərlə cavab gözləməlidir? Niyə jurnalist vaxtını elektron yazışmalara sərf etməlidir? Sual var ki, həqiqətən də ona 5 dəqiqə ərzində cavab vermək olar. Sual da ola bilər ki, bəli, araşdırma tələb etsin və buna 1 gün, 3 gün, hətta bir həftə vaxt sərf olunsun. Amma bütün müraciətlərlə bağlı şərt qoymaq ki, mütləq elektron vasitə ilə olsun, bu, yolverilməzdir.
Demokratik təcrübəli ölkələrdə belə hallar mövcud deyil. Media qarşısına şərt qoyan nazirin başı çox ağrıyar. Çünki bu ölkələrdə media ictimai rəy yaradır. Amma bizdə ictimai rəy institutu da düzgün qurulmayıb. Mediaya qarşı bəzi məmurlarda antipatiya var. Jurnalist sual verəndə, elə bilirlər, onlarla dalaşmaq üçün sual verirlər. Jurnalisti düşmən gözündə görürlər. Tamamilə səhv bir yanaşmadır. Heç bir jurnalist istəməz ki, hansısa məmurla konflikti yaransın. Qəzetlər də, elektron KİV-lər də əksinə, dövlət qurumları ilə, məmurlarla normal münasibətdə olmağı,
ünsiyyət saxlanmasını istəyirlər, çünki informasiya mənbəyi həm də, onlardır. Qarşı tərəf də düzgün informasiyanın ötürülməsində maraqlı olmalıdır, buna görə də media ilə isti münasibətlər yaratmalıdır. Ancaq biz daha çox süründürməçiliyin, mediaya inamsızlığın şahidiyik. Dövlət orqanlarının mətbuat xidmətinin rəhbərləri müstəqil cavab vermək iqtidarında deyillər. O dəqiqə "razılaşdırmaq üçün” rəislərinin yanına qaçırlar. Bu da sistemsizlik və təcrübəsizlikdən irəli gəlir.
Konkret metropolitenə gəlincə, yeni təyin olunmuş sədrin əməkdaşlarına media ilə danışmaq qadağası qoyması məncə, bu strukturun formalaşması ilə deyil, sədrin özünün yeni posta uyğunlaşması prosesi ilə bağlıdır. 50 illik metronun bundan sonra nəyi formalaşacaq?! Bu qadağalar ancaq çəkingənliklə əsaslandırıla bilər.
Deməli, özümüzü qadağalara hazırlamalıyıq. Mətbuata informasiya verilməsinə qadağa qoyan təzə rəis, bir də gördün, metroya qəzetlə girişi də qadağan etdi; bir halda ki, metroda qəzet satılmır, hansı formada içəri daşınmasından asılı olmayaraq, qəzetlərin, ümumiyyətlə, metroda nə işi?! Məntiq var?..
Məlahət Rzayeva