Milli Teleradio Şurası mətbəx verilişlərinə əncam çəkmək istəyir. Görünür, bayağı olduğu qədər, həm də ziyanvericilik xüsusiyyəti daşıyan verilişlər MTRŞ-ni da artıq cana doydurub.
MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov Mövqe.az saytına açıqlamasında bildirib ki, "Space” telekanalında yayımlanan "Bizim mətbəx” verilişində söyüş və təhqir dolu ifadələr səsləndiyinə görə, kanala ciddi xəbərdarlıq ediləcək, hətta yüksək məbləğdə cərimə də gözləniləndir.
MTRŞ hələ ki, ədəbi dil normalarının pozulması hallarını araşdırır. Və qarşısına bu cür ədəbsizliklər çıxır. Təsəvvür edək ki, MTRŞ telekanallarımızı zəbt etmiş bayağı şou verilişlərinin məzmun və formasını, verilişlərə ekspert qismində kimlərin dəvət olunduğunu, dava-dalaşların sayını, axıdılan göz yaşlarının "litrini” nəzərə almağa başlasa, vəziyyət necə olar. Onda gərək, özəl telekanalların hamısı qapadılsın. Vəziyyət artıq o həddə çatıb ki, homoseksuallar efirə dəvət olunur, cehiz toplamaqlarından, evlənəcəklərindən danışırlar. Mətbəx verilişləri isə biri-birilə bəhsə girişib. Mətbəx verilişlərinin içində itib-batan telekanalların özü qaynar qazana oxşayır. Bu qazanın içinə salınıb qaynadılansa adət-ənənələr, abır-həya, milli dəyərlərimizdir.
Xatırladaq ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, ölkənin baş aşpazı Tahir Əmiraslanov mətbəx verilişlərini məhkəməyə verəcəyini bir müddət öncə bəyan etmişdi.
T.Əmiraslanov yenə bu mövqeyində qalır:
- "Mədəniyyət haqqında” Qanunun 37-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyətinin icazəsi olmadan Azərbaycan mətbəxinin istifadəsi qadağandır. Azərbaycanın efir məkanına çıxan aşbazların heç biri usta dərəcəsinə və ya 6-cı dərəcəyə sahib deyil. Heç 5-ci dərəcələri də yoxdur. Odur ki, "Mədəniyyət haqqında” Qanuna görə, bu aşpazları efirə buraxan televiziyalar məhkəməyə veriləcək. Qanunda milli mətbəx irsimizlə bağlı ifadələr var və bu artıq onu deyir ki, Milli Məclis öz milli mətbəxinə sahib durmağı qarşıya məqsəd qoyub. "Kulinariya haqqında” qanuna da demək olar ki, birlikdə baxırıq. Qanun Azərbaycan mətbəxinin daha dərindən öyrənilməsi, toplanması, saxlanması, tədqiqatı, tədrisi, təbliği və s. sahələri əhatə edəcək. Təklif etmişik ki, qanun Milli Məclisin Mədəniyyət komitəsindən sonra digər komitələrdə də baxılsın.
Çünki burada insanların sağlamlığı, sosial qidalanma ilə bağlı məsələlər var. Yəqin ki, digər komissiyalar da qanuna baxıb öz rəylərini verəcəklər.
Telekanallarda efirə çıxan aşbazlar heç bişirdikləri yeməyin adını düz bilmirlər. Bir də görürsən ki, "aşbaz” deyir "bu gün blinçik hazırlayacağıq”. "Blinçik” nədir? Fəsəli. Azərbaycan dilində bunun adı fəsəlidir. Dəfələrlə bildirmişik ki, efirdə yemək hazırlayan aşpaz mütləq əlcək geyinməlidir, başına papaq qoymalıdır. Amma "aşbazlar” əti yalın əllə qarışdırır, dırnaqları, başlarının tükü də yeməyin içinə girir. Onların heç biri aşbaz deyil. Biri çıxarıb sertifikatını göstərirmi? Yox. Təbii ki, bu mətbəx verilişlərinin səviyyəsi məni qane edə bilməz. Biz dəfələrlə televiziyalarda peşəmizə, kulinariya incəsənətimizə xələl gətirən, insanların düzgün informasiya almaq haqlarını pozan, kulinariya üzrə peşə savadı olmayan, yaxud aşağı ixtisas dərəcələrinə malik olan mütəxəssislərin iştirak etdiyi, yalnız şou, teleməkanı doldurmaq, reklam qazanmaq xatirinə hazırlanan verilişlərə qarşı bəyanatlar vermiş bu verilişlərin adi qaydada, yaxud məhkəmə yolu ilə dayandırılmasına nail olmuşuq. Bundan sonra da işimizi davam etdirəcəyik.
Məlahət Rzayeva