“Şübhə ilə yanaşıram”

Natiq Məmmədli: “Qabiliyyət imtahanı jurnalistikada böyük keyfiyyət dəyişikliyi yaratmayacaq”


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan Mətbuat Şurasının işçi qruppu ilə birlikdə bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda növbəti müzakirə keçirilib. Bu barədə TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.

Müzakirələrin nəticəsi olaraq jurnalistika ixtisasına bakalavriat və magistratura səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.

Universitetlərin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibəyə qatılacaqlar. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar.

Dəyişikliklə bağlı baş redaktorların qəzetimizə söylədiyi fikirləri fərqli oldu.

"Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, qabiliyyət imtahanı təsadüfi adamların jurnalistika ixtisası üzrə təhsil almasına mane yaradacaq: "Bu da çox mühüm amildir. Təəssüflər olsun ki, bir çox hallarda test yolu ilə imtahanlarda arzuladığı fakültələrə düşə bilməyən abituruyentlər çıxış yolu kimi ən sonuncu variant olaraq jurnalistika fakültəsini qeyd edirlər. Son nəticədə isə istedadlı insanların jurnalistika sahəsinə gəlməsinə sədd yaradır. Hesab edirəm ki, qabiliyyət imtahanının tətbiq edilməsi bu sahədə çox vacibdir. Çünki jurnalistika ilk növbədə istedad və yazmaq bacarığı tələb edir. Digər amillər ikinci plandadır. İkinci planda olanları da zamanla tədris edib, öyrətmək olar. Amma yazmaq bacarığını insana sonradan öyrətmək mümkün deyil. Yazmaq bacarığı Allah tərəfindən insana verilir. Qabiliyyət imtahanının verilməsi məsələsi uzun illərdir müzakirə olunur. Qeyd olunan təklif ilk dəfə Bakı Dövlət Universitetində jurnalistika mövzusunda keçirilən görüşdə gündəmə gətirilib. KİVDF-nin və Mətbuat Şurasının Azərbaycan Mətbuatının mövcud durumu ilə bağlı keçirdiyi bütün tədbirlərdə bu məsələ mütəmadi olaraq qaldırılır. Əgər TQDK bu reallıqları nəzərə alacaqsa, tətbiq olunan dəyişiklik jurnalistikamıza istedadlı şəxslərin gəlməsinə zəmin yaradan faktora çevrilə bilər.

Həmçinin, magistr pilləsinə də tətbiq olunmalıdır. Jurnalistika fakültəsini bitirən insanların bir çoxu magistraturaya daxil olurlar. Magistraturanı bitirən şəxslər elmi fəaliyyətlə məşğul ola bilirlər, söylənilən sahədə dərs deyə bilirlər. Amma jurnalistika sahəsində bu günə qədər qəbul olan şəxslər qabiliyyət imtahanı vermədən daxil olublar. Onların arasında kifayət qədər elmi bilikləri və ayrı-ayrı fənlərlə bağlı nəticələri yüksək olanlar da ola bilər. Bu, onların magistraturaya daxil olmasına imkan verir. Əgər insanın yazmaq bacarığı yoxdursa, o şəxs gələcəkdə yeni jurnalist nəslinin hazırlanmasında necə iştirak edə bilər? Magistr elmi dərəcədir, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Deyilən bütün ehtimallar göz önünə alınmalıdır”.

"Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli tamamilə fərqli düşünür. N.Məmmədlinin sözlərinə görə, qabiliyyət imtahanının tətbiq olunub-olmamasından asılı olmayaraq əsas jurnalistika ixtisasına yiyələnən tələbələrə müasir tələblərə cavab verən dərslərin keçirilməsidir. "Onların tədris-tematik planının yeni standartlara cavab verməsi mühüm məsələdir”.

N.Məmmədli bildirib ki, jurnalistika qabiliyyət tələb edən sahədir: "Ancaq bu, iş prosesində özünü göstərə bilər. O baxımdan jurnalist kadrlarının hazırlanması prosesinə diqqət yetirilməlidir. Kimsə jurnalist olmaq istəyi ilə TQDK-nın xətti ilə söylənilən fakültəyə qəbul olubsa, bu başqa məsələdir, qabiliyyət imtahanı verməlidir.

İnşa yazmaq həmin şəxsin gələcək jurnalist taleyini həll etmir. Jurnalist olmaq onun aldığı mükəmməl təhsildən və o təhsili tətbiq etdiyi sahədən asılıdır. Qabiliyyət imtahanının tətbiq edilməsinin jurnalistikada böyük keyfiyyət dəyişikliyi yaradacağına şübhə ilə yanaşıram. Şəxsən mən bunu başa düşmürəm”.

Vüqar Şahinoğlu