Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmək üçün qrup yaradanlar 12 ilədək azadlıqdan məhrum ediləcəklər. Artıq bununla bağlı qanun layihəsi hazırlanıb. Məcəlləyə əlavə edilən maddədə göstərilir ki, vətəndaşları dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edənlər 9 ildən 12 ilə qədər azadlıqdan məhrum ediləcək.
Belə qruplarda və təlimlərdə iştirak edənlər isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırlanan qanun layihəsinə münasibət bildirən ACP sədri, politoloq Sülhəddin Əkbər nəzərdə tutulan həbs cəzalarının problemin həllinə əhəmiyyətli dərəcədə kömək etməyəcəyini deyib: "Ölümü gözə alaraq ölkəsindən minlərlə kilometr uzağa gedən insanı həbs cəzası ilə qorxutmaq, hədələmək olduqca gülüncdür. Çünki ora gedənlər səbəbindən asılı olmayaraq, hər şeyi gözə alan, həyatdan ümidlərini üzən adamlardır”. S.Əkbərin sözlərinə görə, insanların xarici ölkələrə hansı məqsədlərdən dolayı getdiyini müəyyən etmək də çox çətin bir prosesdir: "Döyüşmək üçün hər hansı ölkəyə gedən və orada terrorist qruplaşmaya üzv olanlar başqa adlarla vuruşurlar. Onlara nəzarət etmək mümkün olmur. Hətta Suriya dövlətinin özünün bunu etməyə imkanı yoxdur. Biz kənardan necə edəcəyik? Bu baxımdan qanun layihəsinin səmərəli olacağına inanmıram. Əlbəttə, dövlət qurumlarının bu məsələdə narahatlığı başadüşüləndir. Çünki sözügedən silahlı qüvvələrdə döyüşənlər Azərbaycan üçün ciddi təhlükə hesab olunur. Zamanında ona görə deyirdik ki, əgər ölkədə iqtisadi vəziyyət düzəlməsə, problemli və avara qalmış adamlar müxtəlif dini cərəyanlara, silahlı qruplaşmalara qoşulacaqlar. Bax indi həmin təhdid reallaşır. Hökumət qurumları isə nə tədbir görəcəklərini bilmirlər”.
İsmayıl