Şəbəkələşmə istənilən dövlət üçün təhlükəlidir

Media dini-ideoloji siyasətin ölkəmizə axınının qarşısını almağa hazırdır


Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Konstitusiyamızda dini etiqad azadlığının qanunla tənzimləndiyini deyib.

Azərbaycanda həmişə dini tolerantlığın olduğunu söyləyən Ə.Amaşov beynəlxalq səviyyədə də bunun qəbul edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan mediası həyata keçirilən dini azadlıq və tolerantlıq siyasətini həmişə dəstəkləyib: "Azərbaycan müstəqillik qazandığı dövrlərdə müxtəlif təriqətlər ölkəyə yol tapıb. Məsələn, bir müddət əvvəl mətbuatda vəhhabiliklə bağlı materiallar yer alırdı. Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanında yaranan vəhhabiliklə bağlı 80 milyard manat xərclənib. Son dövrlər nurçuluqla bağlı yazılar gedir. Azərbaycanda təriqətlərə qarşı mübarizə aparılmır. Dövlət qurumları, QHT-lər və media bu məsələlərə

münasibət bildirmir. Çalışmalıyıq ki, milli və dövlət təhlükəsizliyimiz üçün heç bir təhlükə olmasın. Bu gün tədbirdə də əsas məqsəd son durumu müzakirə etməkdir”.

Azərbaycanda dini etiqad azadlığı və bəzi dini sektaların missionerlik fəaliyyətinin kifayət qədər aktual mövzu olduğunu qeyd edən "Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, Azərbaycanın müstəqillik illərindən, xüsusən də son illərdə qazandığı uğurlarda iqtisadi inkişafla yanaşı, milli birlik və dini tolerantlığın da mühüm rolu var: "Azərbaycanda qanuni formada dini inanclar yerinə yetirilir, hər kəs istədiyi şəkildə ibadət edir. Azərbaycanın ideologiyası bu prinsiplərə tolerant yanaşmaqdır. Xalq həm islama, həm də digər dinlərə sitayiş edir. Ulu öndər Heydər Əliyev Bibiheybət məscidini tikdirdi, İlham Əliyev isə Şamaxıda böyük məscidin bərpa və yenidənqurma işlərini apardı”.

"Azərbaycan”ın baş redaktoru son illərin aktual problemlərindən biri olan azərbaycanlı gənclərin Azad Suriya Ordusunun tərkibində Bəşər Əsədə qarşı döyüşməsi probleminə də toxunub. "Müxtəlif insanlar aldadılmaq yolu ilə Suriyaya aparılıb. Suriyaya aparılıb öldürülən gənclərlə bağlı mediada yanlış mövqe nümayiş etdirilir. Hətta bəziləri onları şəhid kimi təqdim edirdilər. Ancaq hörmətli şeyximiz də bu məsələyə aydınlıq gətirdi ki, şəhid öz torpaqları ilə döyüşdə həyatını itirənlərdir. Xaricə getmək, ayrı-ayrı terror qruplaşmaları ilə bağlı qanunlara da dəyişiklik edilib. Çünki o insanlar geri qayıdıb dövlət üçün təhlükələr yaradırlar”. Bundan əlavə, baş redaktor çıxışı zamanı sözügedən istiqamətdə medianın vəzifə və funksiyaları barəsində də danışıb: "Ölkədəki missionerlərə qarşı mübarizə aparmaq üçün media da məsuliyyət daşıyır. Mətbuat dövlət qanunvericiliyinin tənzimləyicisi rolunu oynayır. Lakin bəzən sensasiya xatirinə mətbuatda dinlə bağlı yazılar gedir”.

"APA Holdinq”in direktoru Vüsalə Mahirqızı "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan postsovet ölkələri içərisində nadir ölkədir ki, dini etiqad azadlığı haqqında qanunu var. Ölkədə 3 səmavi dinə sitayiş obyektləri var, dindarlar öz dini bayramlarını qeyd edir. V.Mahirqızı qeyd edib ki, Azərbaycanda mediada etiqad azadlığı sahəsində problem yoxdur. Lakin missionerlik şəbəkələşməsi istənilən ölkə üçün təhlükəlidir: "Qonşu ölkələrə baxsaq, siyasi medianın edə bilmədiyini dini media edib. Burada şəbəkələşmə özünü göstərir. Şəbəkələşmə istənilən dövlət üçün təhlükəlidir. Belə şəbəkələr öz nümayəndələrini mədəni elitanın, medianın içərisində yerləşdirir. Sosial şəbəkələrdən istifadə edir, özünə tərəfdar toplayır. Azərbaycan mediası bunun üzərinə getməlidir. Nurçuluqla bağlı məsələ müzakirə olundu, məsələ ciddidir. Ona görə də media nümayəndələrinə təlim keçirilməli, belə hallara qarşı mübarizə aparmaq üçün onlar maarifləndirilməlidir”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün müxtəlif sektalar, cərəyanlar islamafob qüvvələr tərəfindən maliyyələşdirilir: "Məsələ o qədər qlobal xarakter alıb ki, bəzi cərəyanlar qonşu ölkələrdə hakimiyyət strukturlarının formalaşmasında söz sahibinə çevrilməyə çalışır. Bu, milli iradə və dövlətçilik maraqlarına ziddir. Azərbaycan mətbuatı ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Mətbuat leqal olaraq fəaliyyət göstərən, qeydiyyatdan keçmiş sektaların məhz həmin istiqamətdə fəaliyyət göstərməsinə ictimai nəzarəti həyata keçirməlidir”.

Nurçuluğun Azərbaycan dövləti üçün potensial təhlükə mənbəyi olduğunu deyən "Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev isə bildirib ki, qonşu Türkiyədə hökumət müstəqil qərar çıxarmaq istəyəndə ölkədə qarışıqlıq yaradılır: "Mən Türkiyədə olan zaman baş nazirin köməkçiləri, bu ölkənin ictimai fikrinə təsir edə bilən insanlarla görüşdə də dedim ki, Türkiyəni böyük fəlakət gözləyir. Azərbaycanda isə bu gün üçün belə hal yoxdur. Lakin bu ölkə üçün potensial təhlükədir. Sələfilik kimi nurçuluq da bizə tamamilə yad ideoloji cərəyandır. Türkiyə üçün də bu cərəyan yaddır və onlar getdikcə bunu dərk edirlər. Bu, əslində siyasi firqədir. Mən mətbuatda bununla bağlı yazıları təqdir edirəm. Demokratik çərçivədə mübarizə aparılmalıdır. Ancaq dövlətin əsaslarını sarsıdacaq heç bir şeyə icazə vermək olmaz”.

O bildirib ki, bir zamanlar ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu veriblər: "2007-ci il idi. Sabiq deputat Gülər Əhmədova mənimlə görüşdü. O, mənə Milli Məclisin komitə sədrlərinin birinin Fətullah Gülənlə çəkdirdiyi şəkli təqdim etdi. Həmin

şəkli yaymadım, çünki həmin dövrdə vəziyyət fərqli idi, təzyiqlər çox olurdu. Həm də o zaman nurçuluqla bağlı real təhlükə olmadığı üçün həmin şəkli yayımlamadım. Ancaq indi potensial təhlükə var”.

Nurçuluqdan danışan E.Fətullayev Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin işçisinin dövlət əleyhinə olan fəaliyyətindən və jurnalistləri təhqir etməsindən də söz açdı: "Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin bir işçisi var. Adı Heydər Mirzədir. Nurçuluqla bağlı yazılanlara görə dünən "facebook”da jurnalistlərin ünvanına belə bir ifadə işlətdi: "Cındır jurnalistlər”. Bu nə deməkdir? Dövlətin strateji maraqlarını qorumalı olan bir insanın yazdıqlarına fikir verirsinizmi?”

E.Fətullayev bildirib ki, Azərbaycanda dövlətinin əsasını sarsıdacaq ideologiyaya - nurçuluğa yer olmamalıdır: "Bu məsələlər Azərbaycan hökuməti tərəfindən təhlil olunmalı və müvafiq qərar verilməlidir”.

Şəymən