BDU, özünü qatarın altına atan tələbəsi ilə bağlı açıqlama verdi

“Ailə problemi olub”


Bakı Dövlət Universiteti intihara cəhd etmiş tələbə ilə bağlı araşdırma aparıb. BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovadan aldığımız məlumata görə, müvafiq strukturların araşdırmasından sonra məlum olub ki, Bakı Metropoliteninin "Ulduz” stansiyasında qatarın altına yıxılan gənc universitetin Sosial elmlər və psixologiya fakültəsinin sosiologiya ixtisasının 1-ci kurs tələbəsi Həsənov Dövran Mübariz oğludur.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən Həsənov Dövran fakültə və tələbə yoldaşları tərəfindən sakit tələbə kimi xarakterizə olunur. Tələbə yoldaşlarının bildirdiyinə görə, o, 2013-2014-cü tədris ilinin 1-ci semestrində bütün dərslərdə iştirak etsə də, 2-ci semestrdə (fevralın 17-dən) dərslərə gəlməyib. Dövran Həsənovun ailə problemi olub və baş vermiş hadisə də bununla bağlı ola bilər. Tələbə yoldaşları onun psixoloji problemlərinin olduğunu və psixoloq yanında müalicə aldığını da bildiriblər. Tələbə yoldaşları, universitetin prorektoru, fakültənin dekanı, dekan müavinləri və əməkdaşları bir neçə dəfə xəstəxanada onu ziyarət ediblər. Xəstə ilə intensiv əlaqə saxlanılır.

Xatırladaq ki, Dövran Həsənov 5 mart 2014-cü il tarixində özünü "Ulduz” stansiyasında "Nərimanov” stansiyasından gələn qatarın altına atıb. Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb. İntihara cəhd etmiş tələbə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Zərərçəkənin sağ qolu amputasiya olunub, qopmuş dili isə yerinə tikilib. Lakin tələbənin vəziyyəti hələ də ağırdır.

Məlahət