Azər Mirzəyev: «Məni xəstəxanadan 4-5 adamın qucağında evə gətiriblər»

«Bircə ürəyim işləyirdi»



Hər kəsin bir nağılı var. Biri vardı, biri yox kimi… Onun da maraqlı olduğu qədər qəmli nağılı var. Bir aktyorun ömür nağılı. Onun nağılında da biri var, biri yox. O nağılı hamı da bilmir. Çünki ömrünün nağılından danışmaq istəməyib… Amma biz bu dəfə onun ömür yolunu siz oxucularla bölüşmək istərdik. Söhbət xalq artisti Azər Mirzəyevdən gedir. Onunla söhbətimizi əvvəlcə evində aparmağı planlaşdırsaq da, həyətlərinə çatanda Azər müəllimlə elə orda rastlaşdıq. Xanımı onun qoluna girib, havaya çıxartmışdı. Əslində ilk məqamdan çox təsirli bir səhnə ilə üz-üzə durmuşduq. Düzü, seyr etmək ağır oldu. Axı hələ uşaqlığımdan efirdən, mavi ekrandan onu həmişə şux, gümrah görməyə alışmışdım. Uşaqlığımın tanınmış ulduzunu indi belə görmək təsirli idi. Nə isə, Azər müəllim sən demə, hər axşamçağı həyətdə belə hava almağa çıxırmış. Biz də onunla elə həyətlərinin qarşısındakı «bisetka»da söhbət etmək qərarına gəldik. Hər halda bunun da öz marağı var idi.

- Necəsiz, Azər müəllim. Xoş gördük…

- Xoş gününüz olsun. Şükür Allaha, yaxşıyam. Siz necəsiz? Mən əvvəllər qəzet oxumağı xoşlamırdım, amma son vaxtlar, xəstə olduğum vaxtlarda qəzet oxumağa alışdım. Əvvəllər ancaq dövlət qəzeti oxuyurdum. Xəstə olanda bir çox qəzetlər oxudum, gördüm ki, qəzet yazarlarının əməyi daha üstündü. Çünki araşdırırlar, yazıları maraqlı olur. «Şərq»i də son vaxtlar çox oxuyuram. Bilirsiz, biz sənətçilərə sizin qəzetiniz dəyər verir, axtarırsız, maraqlanırsız (bu məqamda Azər müəllim əlindəki papağı başına qoydu ki, soyuqdu. Ay qızım, papaqla oturacam, üzrlü say, bir az hava soyudu deyəsən).

- İndi özünüzü necə hiss edirsiz? Deyəsən, bir az hamını qorxutdunuz səhhətinizlə…

- İndi yaxşıyam. Bilirsiniz, bu günə qədər məndən heç kim eşitməyib ki, mən pisəm deyim. Məni qucaqda yuxarı qaldırıblar, yeriyə bilməmişəm, danışa bilməmişəm, amma yenə şikayətlənməmişəm.

- Bəs bu vəziyyətlərinizdə heç kim maraqlanmıyıb sizinlə? Axı illərinizi bu sənətə həsr etmisiz?

- Niyə ki? Maraqlanıblar. Sağ olsunlar, dostlar, teatr. Məni darıxmağa qoymayıblar, kimsəsiz qoymayıblar, tək qoymayıblar. Mən xeyli müddət gəzə bilmirdim. Məni xəstəxanadan 4-5 adamın qucağında evə gətiriblər. Bircə ürəyim işləyirdi. O da yaxşı deyildi. Məni niyə əməliyyat eləmədilər? Çünki qorxulu idi.

- Ürəkdən əməliyyat olunmalı idiniz?

- Ürəkdən əməliyyat olunmalı idim. Amma edə bilmədilər.

- Yəni bizdə əməliyyat edə bilmədilər, ehtiyat etdilər?

- Bəli, burda əməliyyat etmədilər.

- Xaricə getməyə imkanınız olmadı?

- Yox, bilirsiz necə, hər yerin yaxşı, pis həkimi var. Xaricin adı çıxıb. Orda da yaxşı həkimin əlinə düşməlisən. Bizdə Rəşad doktor sağ olsun, yaxşı həkimdi. O mənim həkimim olub. O mənə əməliyyatı məsləhət görmədi. Onun bir məsləhətçisi də var idi. İtaliyadan gələn mütəxəssis idi. Onlar bir neçə gün aralarında müzakirə apardılar, sonda belə nəticəyə gəldilər ki, əməliyyata girməyim. Məni müalicə ilə sağaltsınlar. İndi müalicə alıram. Yavaş-yavaş prosedur gedir. Dedilər müalicə uzun çəkəcək. Əməliyyat riskli ola bilərdi. Məndə iki etapda əməliyyat olmalıydı. 1 dəfə olunacaqdı, əgər uğurlu alınsaydı, ikinci dəfə də əməliyyata salınardım. Amma yenə risk idi. Rəşad doktor uzun götür-qoydan sonra dava-dərmanla müalicə etməyi boynuna götürdü.

- Dəyişiklik varmı? İstər fiziki, istər mənəvi, psixoloji mənada?

- Təbii ki, dəyişiklik var. Amma psixoloji mənada dəyişiklik yoxdu. O mənada ki, mənim xarakterim var. Heç bir psixoloji baxımdan özümü sınıq hiss etməmişəm. Deyəsən, özümü çox təriflədim. Amma bəzi şeylər var ki, bunları demək lazımdı. HAmma demək istəyirəm ki, mən heç vaxt ağlamağı xoşlayan insan olmamışam. Ağlayanlardan da xoşum gəlmir. Həyatdı da. Bu gün belə ola bilər, sabah dəyişiklik ola bilər. Əsas insan əqidəsini itirməsin. Dünən qaça bilirdimsə, bu gün qaça bilmirəm. Bununla da barışmaq lazımdı (bütün bunları söyləyərkən aktyorun üzündə olan ifadəni sadəcə görmək lazım idi. Orada o qədər dərin, mənalı baxış var idi ki… Həyat mənimlə oynayır demək istəyirdi sanki…)

- Həyatın bütün çətinliklərinə də hər adam dözmür. Elə sizin bir çox həmkarlarınız da tez-tez sızlayırlar, şikayət edirlər.

- Yox, elə sənət adamları var ki, onlar ağrısalar da, çətin yaşasalar da, heç vaxt bunu dilə gətirmirlər. Bunu özlərinə sığışdırmırlar. Siyavuş Aslan da son nəfəsinə qədər kömək istəmədi.  Yenə deyirəm, qüruru olan insan heç vaxt heç kimin qabağında ağlamaz…

- Heç sənət dostlarınızdan sizi axtaran, evə gəlib sizə baş çəkən olur?

- Olur. Allah dostlarımın canına dəyməsin. Əksəriyyəti mənimlə maraqlanır, zəng vurur.

- Ailə dostunuzdan söhbət gedir…

- Ailə dostum sənət aləmindən deyil. Onlar başqa sahədədilər. Ailə dostum Cabir müəllimdi. Həm dostum, həm qonşumdu.

- Yəni maddi baxımdan sizə kömək edən insandan söhbət gedir…

- Həm maddi, həm də mənəvi baxımdan mənə dəstək olan insandı. Tək maddiyyatla ölçmək lazım deyil də. İkisi bir arada olanda qoşa qanaddı da. İnsanı göyə qaldırır, uçursan. Bir dostum da var, Hüseynağa. Ona suda-quruda yaşayan deyirik.

- Yəni dənizçidi?

- Arif adamsız vallah. Dərhal sözümü tutdunuz. Onunla zarafat edərik ki, sudasan, quruda? O da çox yaxın dostumdu.

- Sənətdən dostunuz olmadı sanki?

- Yox, niyə ki? Sənətdən, teatrdan da yaxşı dostlarım var. Birinin adını çəkib, digərini unutmaq istəmirəm.

- Bəs nazirlik necə, sizinlə maraqlanıbmı? Bir çox həmkarlarınız nazirlikdən gileylik edirlər?

- Mən nazirlikdən razıyam. Bilmirəm dediklərimi yazacaqsız, ya yox? Nazirlik bir dənədir. Mən özüm də nazirlikdə işləmişəm. Mən bilirəm ki, onların üzərində nə qədər problemləri var. Onların hər birinə vaxt ayırmağa imkanları yoxdu. Həvəsləri var, imkanları yox. Məsələn, bu gün nazirliklə danışmışam. Zəng vuran kimi əldən-ayaqdan gedirlər ki, necəsən, nə edək səninçün? Öz teatrımızın rəhbəri Mübariz müəllim də mənimlə danışdı ki, bəs, Əliqismət müəllimlə danışmışıq, gələk sənə baş çəkək. Yəni dostlar maraqlanırlar. Sağ olsunlar.

- Amma bir məsələ də var da… Quru-quru qurbanın olum.

- Heç elə deməzdim. Onlarda quru-quru deyil. Ürəkdən narahatdılar.

- Sanki heç kimi özünüzdən incik salmaq istəmirsiz deyə, çox məsələlərə yumşaq yanaşmağa çalışırsız….

- Mən heç kimi incik salmaq istəməzdim. Hərdən incimək lazım gələndə, ancaq özümdən inciyirəm.

- Özünüzdən incidiyiniz vaxt çox olur?

- O qədər…

- Nəyə görə?

- Elə hər şeyə görə.

- Siz sovet vaxtında çox məşhur olan sənətçilərdən olmusuz. İllərini sənətə verən insan, arxaya çönüb baxanda nə itirib, nə qazanıb?

- Diqqətlə oturub baxanda görürsən ki, itirdiklərin qazandıqlarından qat-qat çoxdu. Çox şey itirmişəm. O qədər şeylər itirmişəm. O qədər imkanlar itirmişəm. O da mənim təxminimdir ki, bunu belə etməsəydim, belə alınmazdı. Amma bilmək olmaz, başqa cür yolla getsəydim, nə olacaqdı. Mən aktyorluqdan ayrılanda da risk etdim. Ümumiyyətlə, mən addım atanda risk etməyi sevirəm, cəsarətli isan olduğuma əminəm. Sevirəm kişi cəsarətli addım ata bilsin. Mən teatrdan ayrılıb nazirliyə işə gələndə fikirləşdim ki, bu belə məsləhətdisə, belə olsun. Harda çalışmağımdan asılı olmayaraq bir şeyə önəm vermişəm. Atamın, anamın tərbiyəsini və gözlədiklərini doğruldum. Mən maddiyyat arxasınca qaçıb mənliyimi itirməmişəm.

- Həyatınızda böyük səhvləriniz olub?

- Böyük səhv deyəndə ki, insanıq da, səhvlərim o qədər olub ki… Amma onlar bayaq dediyim cəsarətlə bağlı məsələlər olub.

- Var-dövlət yığa bilməmisiz sanki. Yoxsa yanılıram…

- Yox, elə düz bilmisiz. Mən heç vaxt var-dövlət acı, pul xəstəsi olmamışam. Özümüzü aldatmayaq ki, yaxşı dolanmaq istəməmişəm. Bu yalan olar. Heç kim pis yaşamaq istəmir.

- Ən azı övladlarınız üçün yaxşı yaşamaq istəyiniz olub yəqin…

- Olub… Hamı istəyir ki, uşaqları üçün, ətrafı, dost-tanışı üçün gərəkli olsun. İnsan tək özü üçün yaşamır axı. Onda evlənmək nəyə lazım idi, dünyaya uşaq gətirmək nəyə lazım idi. Elə hamı tək özü üçün yaşasa, heç kimin dərdi olmaz. Həyat mürəkkəb bir mexanizmdi. Həmişə də hamını sevindirmir…

- Sizi sevindirməyib?

- Sevindirdiyi anlar da olub, sevindirmədiyi vaxtlar da. Bəzən səhərə qədər yata bilməmişəm, düşünmüşəm. Sonra günahı ancaq özümdə görmüşəm. Heç vaxt başqasında günah axtarmamışam. Mənim üçün bir günahkar olub, o da mən özüm. Öz yükümü heç kimin üzərinə qoymağı da sevməmişəm. Bir çətinliyim olanda onu heç kimə demirəm ki, onun da öz dərdi var, bir də mənimki ona yük olmasın (bunları deyəndə yenə doluxsundu. Bir az susaraq. Dayandı). Bəzi sənət dostlarımız var ki, onlar ağlamağı sevirlər. Mən belə deyiləm. Məndən nə vaxt soruşublar, necəsən, demişəm yaxşı. Heç kimə yalvaran deyiləm, xahiş edən deyiləm. Onsuz da hərənin öz dərdi olur.

- Yəqin ki, bu illər ərzində imkanlarınız çox olub, amma bunlardan istifadə etməmisiz...

- İstifadə etməmişəm deyəndə ki, sui-istifadə etməmişəm münasibətlərdən. İstifadə etmişəm, bilirsiz, necə? Mən bu günlərdə Süleyman Ələsgərovun yubileyinə getmişdim. Onun həyatını mən yaxşı bilirəm. 80 illik yubileyinin də ssenarisini mən yazmışdım, hazırlamışdım. Uşaqlarının, Tahirlə, Cabirin xahişi ilə mən keçirdim. Bilirsiniz ki, mən həm də ssenarilər yazıram. Aktyorluqdan əlavə tərcümə əsərlərim var. Yəni böyrümü yerə verib yatan olmamışam. O mərasimdə bir xatirə danışıldı Süleyman müəllimdən. O vaxt Süleyman müəllim bir katibin yanına gedir, ev xahişi üçün deyirlər ki, siz gəlmisinizsə, həll edəcəm. Amma sizin öz eviniz varmı? Mən elə bilirdim ki, siz öz xahişinizi etməyə gəlmisiz, Süleyman müəllim deyir ki, mənim də ev problemim var, mənim də evə ehtiyacım var. Katib deyir ki, öz xahişinizi niyə etmirsiz, başqası üçün ağız açırsız. Deyir ki, ona məndən daha çox o ev lazımdı. Yəni insan belə olsun. Başa düşməlisən ki, problem tək səndə deyil, hamının bir problemi var. Kiminki daha ağırdı, çoxdu, bu başqa məsələdi.

- Neçə övladınız var?

- İki oğlum var...

- Yerbəyer etməmisiz də onları? Yəni evləndirməmisiz?

- Yox hələ. Düz deyirsiz, evləndirmək də yerbəyer məsələsidir də. Hələ yox. İkisi də oxuyur.

- Bir evdə yaşayırsız?

- Mən istəmirəm bu məsələyə toxunaq...

- Niyə?

- İstəmirəm... Bu bir az mənim yaralı yerimdi. Bu barədə danışmaq istəmirəm.

- Sabah gəlin gətirsəniz qapınıza, ev problemi yaranacaq yəqin?

- Yəqin köçüb gedərik bir yerə də...

- Heç bu problemlərlə üzləşəndə peşman olursuz ki, kaş vaxtında uşaqlarıma gün ağlayaydım, nə bilim, əlavə ev alaydım..

- Hərənin həyata bir baxışı olur da. Mən heç vaxt var-dövlət hərisi olmamışam. Amma bu gün görürəm ki, etməliydim. Təbii ki, valideynin borcudur ki, vaxtında uşaqlarına ev-eşik qursun, imkanlarından istifadə etsin. Mən edə bilmədim, bunu etiraf edirəm...

- Uşaqlarla söhbətləriniz olur ki, ay ata, vaxtında imkanların çox idi. Niyə sabah üçün bir gün ağlamadın?

- Uşaqların istəyi həmişə o olur ki, ataları onlar üçün yaxşı şərait yaratsın. Bu, hər uşağın arzusudu. Əgər biz ona cavab verə biliriksə, nə xoş halımıza, cavab verə bilməyəndə məyus oluruq. (Gözləri dolur... Amma yenə özünü toparlayaraq) Bu günümüzə də şükür...

- Yəni bu illər ərzində qazandığınız bir ev olub onda...

- Bu məsələni saxlayaq. Bu, doğrudan yaralı yerimdi... Bu haqda danışmayaq... Nə isə qəliz dünyadı..

- Peşman olmusuz heç?

- Yox, niyə peşman olum ki? Yaxşı dostlarım var. Allah canlarına dəyməsin. Yaxşı həyat yaşamışam da...

- Sevib ailə qurmusuz? Sizin kimi tanınmış isanlarla ailə qurmaq, yaşamaq da asan deyil.

- Əlbəttə, mənlə yaşamaq da çətindi, ömür sürmək də... Belə mülayimliyimə baxma. Həm də mən həyat yoldaşımla qonşu olmuşam.

- Qonşu qızı sevmisiz?

- Hə. Amma biri-birimizi tanımamışıq. Qohumum nişan verib, görüşdürüb, mən də bir könüldən ona aşiq olmuşam. Bu günə qədər də o sevgi yaşayır.

- Yəni sevgiyə inanmısız? Neçə ildi ailə qurmusuz?

- 25 ilə yaxındı...

-Dediniz ki, ailədə qəliz insansız... Onda xanımınız güclü qadındı ki, sizə dözüb? 

- Həqiqətən hər qadın bunu bacarmazdı.

- Evdə ulduzluq etmisiz?

- Evdə qətiyyən. Mən özümdən çox başqasını düşünən insanam. Ailə quranda da o bilirdi kiminlə ailə qurub. Çünki uşaq yaşlarından tanınırdıq, efirdə idim...

- Qısqanmırdı sizi? Axı vaxt olub ki, sizin məşhurluğunuzun zirvəsi olub. Pərəstişkar qadınlar da yəqin ki, çox olub.

- Onu özü daha yaxşı bilər. Amma əgər elə çox qısqanclıq olsaydı, 25 il bir yerdə necə yaşayardıq?

- Pərəstişkar məktubları olmurdu?

- Olurdu. Bir məktub gəlmişdi. Mən də təzə evlənmişdim. Mən efirdən veriliş vaxtı bir sual verdim. Biz nəyi sevək? Diqqətlə qulaq asın. Kimi yox, nəyi sevək? O zaman televiziyaya çox məktub gəldi. Bir məktbuda da yazılmışdı ki, sizin bu sualın yalnız bir cavabı var. Nəyi yox, kimi sevək? Sizi sevək. Dedilər biz səni sevirik. Mənim də əsib-coşan vaxtım idi. Sevgini qazanmaq asan deyildi. Sevən çox idi. Azər isə tək idi. Onsuz da Azər onların hamısına ər, sevgili olan deyildi. Mənim bir sevgilim var idi, o da yanımdadı.

- Yəni qısqanmırdı sizi?

- Ola bilər qısqanıb da, amma büruzə vermirdi.

- Uşaqlarınız hansı sahədədi?

- Əsas odu bizim sahədə deyillər.

- Yəni bu sahənin çətinliklərini görüblər.

- Əlbəttə ki, bu sahə çox çətindi. Çox çətin, bir də ruslar demiş "ne blaqodarnıy” sənətdi. Bu sənət çəkdiyin əziyyətin qarşılığını vermir. Nankor sənətdi! Dəyərsiz sənətdi...

Dəyər verirlər e... Siz mətbuat nümayəndələri, sadə tamaşaçılar...

- Bəs kim vermir dəyəri?

- Verməyənlər də olur.

- Neçə ildi bu həyətdə yaşayırsız? Tanıyırlar ki, siz burda yaşayırsız? Qonşuluq edirsiz?

- Burda mən təzəyəm. Kirayədə qalıram.

- Bayaq deyəndə ki, ev barədə danışmaq istəmirəm, buna işarə vururduz?

- Yəni elə baxırsan çox adam var ki, səninlə oturmaq istəyir, danışmaq istəyir. Bütün günü həyətdə otururlar, nərd, domino oynayırlar. Yəni yaşlarının bu dövrünü elə yaşayırlar.

- Siz də onlara qoşulursuz?

- Yox, mən qoşulmuram. Mənim yuxarıda bir masam var. Yazı yazıram. Başımı qarışdıran çox şey var.

- Bəlkə dərdinizi unutmaq üçün kağızlarla bölüşürsüz problemlərinizi?

- Nə bilim. Hər halda boş qalmağı sevmirəm.

- Bayaq da ev haqqında danışanda, sanki qaçdınız söhbətdən. Evinizi səhhətinizə görə satmısız?

- Əlbəttə ki, insana səhhəti daha vacibdi. Can hər şeydən önəmlidi.

- Sizin kimi böyük bir sənətkar bu gün evsiz, kirayələrdə yaşayır? Nazirlik, teatr bilir ki, siz evsizsiz?

- Bilsələr nə dəyişər, bilməsələr nə olacaq?

- Elə həmkarlarınız var ki, dönə-dönə evsiz, imkansız olduqlarını vurğulayırlar. Hətta evi olanlar ikincisini istəyir. Bu günə qədər də heç bir yerdə açıqlama verməmişdiz ki, evsizsiz?

- Lazım da deyil.

- Bəs bayaq təriflədiniz ki, teatrdan, nazirlikdən diqqət görürsüz.

- Mən həmişə tərifləmişəm.

- Axı siz demirsiz evsiz olduğunuzu...

- Gərək mən deyim ki, bilsinlər də.

- Sizin yaxın sənət dostlarınız var. Ola bilməz ki, onlar sizin kirayələrdə qaldığınızı eşitməsinlər.

- Onlar mənim xasiyyətimi bilirlər. Kömək etmək ayrı şeydi. Dost gəlib əl tutar, kömək edər. Amma dilə-düşə salmaq ayrı şeydi. Ağlamaq başqadı.

- Yenə burda qürur özünü göstərir.

- Əlbəttə ki, mənliyi olan insan heç vaxt sınmamalıdır.

- Bəs övladlarınızı düşünmürsüz?

- Onlar da istəməzlər axı ataları sınsın. Mənim yadımdadı uşaqlığım. Atam xalq müəllimi olub. Sabirabadda ədəbiyyat dərsindən adla tanınırdı. Mən orta məktəbdə oxuyurdum. Dedim ata, camaat, uşaq götürüb, hazırlaşdırır. Sən də hazırlaşdır, pul qazan... Mənə dedi ki, oğul, mən heç vaxt kimdənsə 5 manat alıb, ona dərs öyrətmərəm ki, sabah mənə desin ki, sənə mən çörək verirdim. Mən atamdan kişilik öyrənmişəm. Kişi ağlamaz, sınmaz. Mən atamın müəllim dostlarından birini bir dəfə Kislovodskidə piştaxtanın arxasında dəmir-dümür satan gördüm. O məni gördü üzünü çevirir ki, tanımayım onu. Bax, bu utanmaq çox ağır olur. Mən onda başa düşdüm ki, atam ağıllı adam olub. O bizə bir yağlı tikə yetizdirsin deyə, mənliyini, insanlığını pula satmayıb. Mən də onun oğluyam... Ot kökü üstə bitər.

- Burda, ac ol, kişi ol prinsipi önə çıxdı.

- (Gülür) Hə, tam düz dediniz.

- Amma bu gün ac qalmaq, ac olmaq da çox çətindi. Zaman əvvəlki zaman deyil...

- İndi həqiqətən zaman da, həyata baxış da başqadır. Sizin həyata münasibətiniz bu gün, on il əvvəlki kimi deyil. Tək ona görə yox ki, siz artıq tanınırsız, jurnalissiz. Deməli, zaman dəyişir, tanıdıqların da dəyişir. Etibar az qalıb.

- İmansızlar qarşınıza çox çıxıb.

- Əlbəttə olub. O qədər.

- Yolunuzu kəsənlər necə?

- Mənə gücləri çatmayıb.

- İstəyiblər, amma gücləri çatmayıb.

- Bir nəfər o vaxtlar iki il mənim haqqımda yuxarılara, Moskvaya məktublar yazırdı ki, ay qıvrımsaçam, qaşları çatmayam, nə bilim, tipik Azərbaycan simasındayam.

- Bildiniz kim yazıb?

- Əvvəl bilmirdim. Sonralar tapıldı. Elşad Quliyev AzTV-də müavin olanda o qızı tapdırdı və işdən çıxartdı. O qadın erməni idi. Yəni belə şeylər olub.

- Bəs qadın kimdi sizin üçün?

- Qadın başımızın tacıdı. Qadınlarsız bir günümüz olmasın. Qadınsız həyat sönük olar. Elə filmlər var ki, mən bəzən orda savaşdan başqa heç nə görməyəndə, bu filmləri izləyə bilmirəm. Qadın olmayan film maraqsız olur. Qadın bizim dünyamızdı.

- Sizi sevənlərə sözünüz varmı?

- Var. Elə sözüm ancaq onlara var. Mən bayram ərəfəsi hər birinizi təbrik edirəm. Mən ancaq insanlara sevgi arzulayıram, vətənə sevgi var, övlada, ata-anaya sevgi var, qadına sevgi var. Ola bilər, bir az fəlsəfi çıxdı. Amma bu həqiqətdi. Mən bircə onu sevənlərimə, xalqıma arzulayıram ki, sevgi hissi onlarda azalmasın.

Tahirə Məmmədqızı