Həmsədrlər yalnız müharibənin qarşısını alırlar
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ümid edir ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq. Bu barədə C.Uorlik öz "Twitter” səhifəsində yazıb.
C.Uorlik qeyd edib ki, prezidentlər sülh prosesinin ən vacib məsələlərini müzakirə edə bilərlər. Prezidentlərin nəzərdə tutulan növbəti görüşünü şərh edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli isə baş tutacağı təqdirdə budəfəki təmasların da ənənəvi görüşlərdən biri olacağını və heç bir effekt verməyəcəyini vurğulayıb: "C.Uorlikin də həmsədri olduğu ATƏT-in Minsk Qrupu 20 illik vasitəçilik missiyası dövründə özlərinin cəmi bir fəaliyyətlərindən məmnundurlar. Onlar gizlətmədən etiraf edirlər ki, əgər ATƏT-in Minsk Qrupu olmasaydı, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər, tərəflər hərbi əməliyyatlara yenidən keçid edərdilər. Məhz onların "səmərəli” fəaliyyəti regionda müharibə ocağının yenidən alovlanmasına imkan verməyib. Bu cür etiraflardan da göründüyü kimi həmsədrlərin əsas niyyəti Dağlıq Qarabağda hərbi əməliyyatların başlanma təhlükəsini neytrallaşdırmaqdır. Yəni ATƏT həmsədrləri Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllini deyil, sanki hərbi əməliyyatların başlanmasının qarşısını almağı özlərinin başlıca missiyası kimi görürlər”. ATƏT həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinə bu cür yanaşmasının həddindən artıq anormal olduğunu deyən politoloq bildirib ki, həmsədrlər özlərinin bu vəzifəsini prezidentlər səviyyəsində görüşlər təşkil etməklə reallaşdırmaq istəyirlər: "ATƏT-in Minsk Qrupunun səyi nəticəsində 1999-cu ildən üzü bu yana 47 dəfə Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqları baş tutub, nəticə isə gördüyünüz kimi sıfıra bərabərdir. Ermənistan tərəfinin gün ərzində atəşkəsi 200 dəfədən çox pozması nəticəsində Minsk Qrupu üzvləri fərqinə vardılar ki, Dağlıq Qarabağ münaqişəsi heç də dondurulmuş münaqişə deyil və hərbi əməliyyatlar hər an başlaya bilər. Ona görə də hər atəşkəs pozulmasının artması fonunda həmsədrlərin də fəaliyyətində bir aktivlik hiss olunur. Bildiyiniz kimi, martın 3-də Parisdə həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Eyni zamanda martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriblər. Bu gün (dünən) isə onların Moskvaya səfər edəcəyi barəsində məlumatlar yer almaqdadır. Ermənistan mətbuatı da Nalbandyanın Moskvaya səfər edəcəyini yayımlayıb. Bundan əlavə, martın 13-də erməni XİN başçısının yenidən Parisə səfəri gözlənilir. Bu səfər çərçivəsində o, fransalı həmkarı Loran Fabiusla görüşəcək. Bütün bunlar da göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı intensivlik var və bu intensivliyin məntiqi nəticəsi olaraq həmsədrlər prezidentlərin görüşünə nail olmaq istəyirlər. Bu yaxınlarda növbəti dəfə Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüş baş tutsa belə, həmin danışıqlardan münaqişənin sülh həlli istiqamətində hər hansı bir irəliləyiş gözləməyə dəyməz. Çünki biz Ermənistan tərəfindən verilmiş bəyanatlarda hər hansı bir kompromisə meyllilik, münaqişənin həlli ilə bağlı konstruktiv bir mövqenin ortaya çıxması kimi tendensiyaların şahidi deyilik”. Beləliklə, mövcud
şəraitdə və münasibətlər fonunda Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli istiqamətində keçirilən prezidentlər səviyyəsində görüşdən problemin həlli ilə bağlı nikbin proqnoz vermək üçün ortada ciddi fakt və arqument olmadığını deyən E.Nəsirlinin sözlərinə görə, həmsədrlərin görüş naminə təşkil etdiyi görüşlərin bizə heç bir faydası yoxdur: "Ortada imzalanması gərəkən real bir sənəd olduğu zaman yüksək səviyyəli görüşlər keçirsinlər. Əgər tərəflər arasında nəyisə razılaşdırıblarsa, həmin məsələ Böyük Sülh Sazişində öz əksini tapsın və təkrar- təkrar həmin məsələlərə qayıdılmasın. Çünki sonradan inkar etmək Ermənistanın praktik gedişidir. Azərbaycanın prezidenti İlham Əliyev də öz açıqlamalarında dəfələrlə qeyd edib ki, Ermənistan prezidenti ilə bir görüşdə hər hansı bir məsələ ilə bağlı razılıq edirik, amma növbəti görüşdə o özünü elə aparır ki, sanki heç belə bir razılaşma olmayıb. Bütün bunlar isə bizdə ancaq təəssüf hissi doğurur. Yaxşı olar ki, həmsədrlər mənasız və nəticəsiz görüşlərin sayını artırmaqdansa, bu cür problemli məsələlərə ciddi diqqət yetirsinlər və ortaya real nəticə qoysunlar”.
Şəymən