Müdafiə naziri orduda yoxlamalar aparır

Ekspert hərbi hissələrə səfərlərin üç başlıca səbəbini açıqlayır


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, MN rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.

Eyni zamanda müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub. Müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib. Hərbi ekspert Azad İsazadə isə yeni nazirin təmas xəttində həyata keçirdiyi yoxlamaları bir neçə səbəblə əlaqələndirib. İlk olaraq bu cür səfərlərin normal olduğunu deyən ekspertin sözlərinə görə, onun cəmiyyətdə təəccüb doğurması indiyə qədər sabiq nazirin cəbhə xəttində çox az hallarda yoxlamalar aparması ilə bağlıdır: "Sabiq nazir Səfər Əbiyev də təmas xəttinə səfər edir, müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olurdu. Sadəcə o, bu cür yoxlamaları çox az hallarda apardığı üçün Zakir Həsənovun bu aktivliyi cəmiyyət tərəfindən normal qəbul edilmir. Əslində isə müharibə şəraitində yaşayan bir ölkənin müdafiə nazirinin tez-tez cəbhə bölgəsinə baxış keçirməsi çox normal bir haldır”. A.İsazadənin sözlərinə görə, yeni nazirin cəbhə bölgəsinə tez-tez səfər etməsinin bir səbəbi də onun bu sahəyə yad olması ilə bağlı ola bilər: "Zakir Həsənov daha öncə, bu sahədə fəaliyyət göstərmədiyi üçün hər şeyi baxıb, öyrənmək istəyir. Yəni o, rəhbərlik etdiyi orqanın bütün fəaliyyətinə yaxından bələd olmaq üçün bu qədər səfərlər edir, təmas xəttində tez-tez yoxlamalar həyata keçirir. Bu da çox təbii bir haldır”. Ekspertin sözlərinə görə, müdafiə nazirinin təmas xəttinə baxışı son zamanlar regionda yaşanan aktivlik və gərginliklə bağlı olması da istisna deyil: "Bütünlükdə Qara dəniz regionunda heç də xoş olmayan hadisələr baş verməkdədir. Daha doğrusu, bu regionda vəziyyət bir xeyli gərgindir. Bu aktivlik xüsusən də, Ukraynada yaşanan hadisələrlə bağlıdır. Azərbaycan da həmin bölgəyə daxil olduğu üçün gələcək təhlükələrdən özünü sığortalamalıdır. Sözsüz ki, bölgə ətrafında közərməkdə olan ocaq alovlansa, od Azərbaycana da keçəcək. Bizdə alovlanma nöqtəsi məhz, təmas xətti olduğu üçün nazir qabaqlayıcı tədbirlər həyata keçirməklə həmin ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışır”. Son olaraq isə hərbi ekspert müdafiə nazirinin düşmənlə təmas xəttindəki hərbi hissələrdə mövcud vəziyyətlə tanış olmasının, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirməsinin yaz yoxlanışına hesablandığını da əlavə edib.

Şəymən