Müsavatçıların üstünə it saldılar

Arif Hacılı və Gülağa Aslanlı Krıma çata bilmədilər


Krıma getmək istəyən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinləri Arif Hacılı və Gülağa Aslanlının Rusiya Federasiyası ərazisində saxlanılmasının təfərrüatları bəlli olub.

Onlarla birgə Krıma gedən "Yeni Müsavat”ın əməkdaşı Emil Salamoğlu deyib ki, ilkin "sürpriz”lə Azərbaycan ərazisindən Rusiya ərazisinə daxil olarkən sərhəddə qarşılaşıblar: "Səhərə yaxın Rusiya sərhədində bizi yoxladılar. Yoxlama xüsusi idi, it də gətirmişdilər. Çantalarımızı alt-üst etdilər, hətta Gülağa Aslanlının "noutbuk”unu açıb orada olan məlumatlara da baxdılar. Amma bizi sərhəddən buraxdılar. Səhər saat 11-də Mahaçqala vağzalında olduğumuz kupeyə 10-a yaxın mülki geyimli və polis işçiləri gəldi. Çox sərt və kobud şəkildə hədələməklə bizi kupedən çıxarıb heç bir səbəb göstərmədən polis idarəsinə apardılar. Orada da dedilər ki, guya, qonşu kupedə kimisə narahat etmişik. Özümüzə də dedilər ki, çantalarınızdan nə istəsək çıxararıq, hal şahidləri dəvət edəcəyik. Hiss olunurdu ki, bizi qorxutmaq istəyirlər”. Rusiya ərazisində saxlanılan A.Hacılı da Rusiyada başına gələnlərdən danışıb: "Məsələləri diqqətdə saxlayacağıq. Ukraynada proseslərin episentri Krım olduğu üçün xeyli əvvəl Krıma getməyi düşünürdük. Amma təyyarə ilə Krıma getmək qeyri-mümkün olduğu üçün qatarla getməyi qərara aldıq. Bu səfəri mətbuatdan da gizli saxlamışdıq. Rusiya ərazisində bizi ciddi şəkildə yoxladılar. Hətta köpək də gətirdilər. Onlar bizim əvvəlcədən Krıma getdiyimizi bilirdilər. Amma buna baxmayaraq sorğu-sual edirdilər. Mahaçqala şəhərinə çatanda isə olduğumuz vaqona basqın etdilər. Bizi mülki geyimlilər qatardan çıxarıb, yaxınlıqda olan polis idarəsinə apardılar. Psixoloji təzyiqlər olsa da, fiziki təzyiqlər olmadı. Onlarla xeyli müzakirə apardıq. Bizə orada dedilər ki, erməniləri Qarabağda yaşamağa qoymursuz. Biz də onlara ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini bildirdik. Rusiyada özümüzü əsir kimi hiss edirdik. Bizə cinayət işi açmaq istəyirdilər. Deyirdilər ki, tez-tez Moskvadan sizə görə zəng vururlar, siz nə iş görmüsüz. Sonra protokol tərtib etdilər, 500 rubl cərimələndik, cəriməni ödədikdən sonra bizi geri qaytardılar”.

İsmayıl