35 minlik mərasim: Ərdoğan Abdullah Gülü qızının toyuna çağırdı

Prezident sabiq prezidenti şəxsən özü zəng edərək dəvət edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qızı Sümeyye Ərdoğanın toy mərasiminə hazırlaşır. Bu həftəsonu baş tutacaq mərasimdə iştirak etmək üçün artıq qonaqlar dəvət edilib. Onların arasında bir çox siyasi ictimai xadim, o cümlədən 11-ci Türkiyə prezidenti Abdullah Güldə var.
ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, Ərdoğan sabiq prezidenti şəxsən özü zəng edərək dəvət edib.
Sümeyye Ərdoğanla Secuk Bayraktarın toy mərasimi mayın 14-də İstanbulda yerləşən Yəhya Kamal Beyatlı Sərgi Mərkəzində baş tutacaq.
İstanbulun ən böyük sərgi mərkəzlərindən biri olan məkan 3 il bundan əvvəl istifadəyə verilib. 30 hektarlıq ərazidə tikilən və Küçükçəkməcə bələdiyyəsinə aid olan mərkəzdə idman turnirləri, teatr, film nümayişləri konsertlər keçirilir. Mərkəz 35 min izləyici tutumuna malikdir. Sərgi salonu Avropanın ən mükəmməl səsə və işıq effektləri ilə təchiz edilib.
Sümeyye Ərdoğan Pilotsuz Uçan Aparatlar istehsal edən şirkətin sahibinin oğlu Selçuk Bayraktarla ailə həyatı quracaq. Sümeyye Erdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.
Cütlüyün nişan mərasimi bir neçə gün öncə baş tutub.
Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Abdullah Gülün oğlu Əhməd Munir Gülün toyu ötən ilin avqustunda baş tutub. Mərasimdə bir çox tanınmış simalar, siyasətçilər, ictimaiyət nümayəndələri ilə yanaşı Ərdoğanda iştirak edib. O, nikahda bəyin şahidlərindən biri olub. Digər şahidlər isə baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz idi.