Rafiq Hüseynov:“Bütün bədənim ağrıyır”

“Bu dəfə kimyaterapiyanı çox pis keçirdim”


Məşhur diktor, Azərbaycanın Xalq artisti Rafiq Hüseynov növbəti kimyaterapiya müalicəsi almaq üçün səfər etdiyi İstanbuldan qayıdıb. Bu barədə "Şərq”ə məlumat verən Rafiq Hüseynov özünü bir az yaxşı hiss etmədiyini dedi:

- Budəfəki müalicə nəsə, bir az ağır oldu. Kimyaterapiyanı çox pis keçirdim. Əvvəlki müalicə kursları da yüngül olmamışdı. Amma bu dəfə bir az da ağır keçdi. Həkimlər deyir ki, belə vəziyyət kimyaterapiya kursları üçün ənənəvidir. Adətən, bədən onu ağır keçirir. Nə bilim... Bütün bədənim ağrıyır.

Buna baxmayaraq, R.Hüseynov əməliyyat olunmuş nahiyədə metastaz olmamasından məmnundur: 

- Əsas odur ki, şişi kəsilib götürüləndən sonra metastaz verməyib. Kimyaterapiyanın sonuncu bir kursu qalıb. Aprelin 14-də təkrar İstanbula qayıtmalıyam. Sonuncu müalicə kursunu da keçim, sonra müayinə olunacağam, görək həkimlər nə deyəcək. 

R.Hüseynov İstanbuldakı şəraitdən razılıq etdi:

- Sağ olsunlar. Hörmət edirlər, avtomobil qarşılayır, klinikaya aparır, oradan çıxanda da aeroporta gətirir. İki günə gedib qayıdıram.

Qeyd edək ki, R.Hüseynov ağ ciyərində şiş aşkarlanması səbəbilə İstanbul klinikalarından birində əməliyyat olunub. Sonrakı mərhələ üçünsə ona kimyaterapiya kursu təyin edilib. Türkiyə həkimləri R.Hüseynovun səhhəti ilə bağlı müsbət rəy verir.

Məlahət