Ermənilər daha bizi eşitməyəcək

Orduda kriptolu telefonlardan istifadə ediləcək


Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb. Yeni telefonlar Müdafiə Nazirliyinin rəhbərliyinin istifadəsinə bu yaxınlarda qəbul edilib.

CASSİDİAN markalı bu telefonlar dünyanın tanınmış müdafiə firmalarından olan EADS korporasiyasının istehsalıdır. Bu telefonlardan yalnız hər iki istifadəçidə olduqda onların öz arasında kriptolu danışması mümkündür. Yeni telefonun TETRA rabitəsini dəstəklədiyi də bildirilir. Ehtiyatda olan hərbi-polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, müharibə şəraitində olan ölkələrin silahlı qüvvələrində kriptolu telefonlardan istifadə zəruridir: "Milli ordumuzun kriptolu telefonlardan istifadə məsələsi nazirin Bərdədə keçirdiyi müşavirədən sonra daha da aktuallaşdı. Çünki həmin müşavirənin bütün detallarının mənfur düşmənlərimizə bəlli olması barədə xəbərlər yayıldı. Məhz bu səbəbdən də hərbi rəhbərliyimiz belə bir qərar qəbul etməli oldu. Əslində Azərbaycan Silahlı Qüvvələrində dinlənilməyən telefonlardan istifadə ilə bağlı çoxdan qərar verilməli idi. Çünki müharibə şəraitində olan ölkələr üçün bu, lazımlı bir sistemdir”.

21-ci əsrin texnologiyalar əsri olduğunu vurğulayan hərbi ekspertin sözlərinə görə, rabitə sistemi ilə ehtiyatlı davranmaq lazımdır: "Hətta aparıcı dünya dövlətlərinin başçıları belə bu gün telefon dinləmələrindən sığortalana bilmirlər. Odur ki, biz düşmənlə üz-üzə olduğumuz üçün ordu rəhbərliyimiz son dərəcə tədbirli davranmalıdır. Bilirsiniz ki, yeni nazir hərbi birləşmələrin və hərbi birliklərin komandirlərində 24 saat operativ idarəetmə üçün model rabitə sistemi tətbiq edib. Komandirlər harada olmasından asılı olmayaraq qısa vaxt ərzində həmin zənglərə cavab verməlidir. Dinlənilməyən telefonların da tətbiqi məhz problemli sahələrə diqqətin göstəricisidir. Ordu rəhbərliyinin bu addımını normal qiymətləndirirəm və tətbiqini vacib hesab edirəm”.

Şəymən