Bəzi QHT-lər təhlükə mənbəyidir

Ukraynanı çökdürənlərin izi Azərbaycana da gəlib çıxır


"Haqqın.az” saytının rəhbəri, jurnalist Eynulla Fətullayev Ukrayna hadisələri ilə bağlı qələmə aldığı yazıda bu ölkədəki çevrilişin arxasında qərbin maliyyə qurumlarının dayandığını iddia edib. Jurnalist yazısında qeyd edib ki, "demokratiya” adı altında Ukraynaya sızan və ayırdığı külli miqdardakı qrantlarla qeyri-hökumət təşkilatlarını ələ alan həmin qərb dairələri bu üsulla öz məkrli niyyətlərini həyata keçiriblər.

E.Fətullayev araşdırma yazısında da iddia edir ki, Ukraynanı çökdürən beynəlxalq fondlar eyni ssenarini Azərbaycanda da reallaşdırmaq istəyiblər. Jurnalistin yazdığına görə, 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Yəni müxalifətə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Qərbin yüzlərlə digər fondları tərəfindən ayrılan qrantları da bunun üstünə gəlsək, necə böyük bir məbləğin yarandığını təsəvvür etmək olar. E.Fətullayev əsas diqqəti bütün postsovet ölkələri inqilablarının əsas pul mənbəyi hesab edilən təşkilat Açıq Cəmiyyət İnstitutuna (Soros fondu) yönəldib. Juranlistin sözlərinə görə, Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləyib.

E.Fətullayev yazır ki, bir vaxtlar Bakının ən nüfuzlu "qrant salonu” olan Açıq Cəmiyyət İnstitutunun Lixtenşteyn filialı tərəfindən açılmış Azərbaycan nümayəndəliyinin binasında indi qəbiristanlıq sükutu hökm sürür. Bütün əməkdaşlar işdən gedib, bütün kabinetlər boşalıb, bir vaxtlar şöhrət qazanan təşkilatın şərəfini indi iki yaşlı qadın qoruyur. O yazıqlar da qorxu içindədir. Hər dəqiqə Vergilər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının gəlib yoxlama aparacağını gözləyirlər. Bu qorxunun səbəbini anlamaq olar. Açıq Cəmiyyət İnstitutunun rəhbərliyi qurumun Azərbaycan nümayəndəliyini bağlamaq ərəfəsində bəzi izləri nəyə görəsə itirməyə başlayıb. Bakı ofisinin saytı qəfildən yoxa çıxıb.

Burada haqlı bir sual yaranır. "Soros”un London, Nyu-York və İsveçrədə məşhur ofisləri ola-ola onun təşkilatının Bakıdakı nümayəndəliyi Açıq Cəmiyyət İnstitutunun niyə məhz Lixtenşteyn filialı tərəfindən açılıb? Ağır sualdır. Açıq Cəmiyyət İnstitutu nümayəndəliyinin direktoru Fərda Əsədovun rəhbərliyi dövründə burada korrupsiyanın və "otkat”ların çiçəklənməsi barədə də Bakının az qala hər tin-bucağını belə böyük şayiələr bürüyüb. Bu şayiələr gedib Nyu-Yorka da çatıb. Nəticədə F.Əsədov direktorluqdan çıxarılıb. Amma "Soros”un Bakıdakı işləri arasında aydınlaşdırılası xeyli məqam var. İnstitutun mühasibatlıq sənədlərinin yoxlanılması məsələsini müvafiq orqanların öhdəsinə buraxaq. Bizi medalın o biri üzü daha çox maraqlandırır. E.Fətullayev vurğulayıb ki, "Soros” Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu və qardaşı Vüqar Bayramovdur. Onlar birgə Azərbaycan qrant mafiyasının "xaç ata”larından sayılırlar. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bu isə təxminən Yanukoviçi devirməyə göstərilən birinci cəhd üçün ayrılan məbləğ qədər vəsait deməkdir.

C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alıb. İqtisadçı-ekspertlər Azər Mehtiyev və cəbhəçi Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), Sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s. Jurnalist qeyd edib ki, "Soros”un missiyası Amerika xarici siyasətinin məqsəd və arzularını dollarla dəstəkləməkdən ibarətdir. Onun sözlərinə görə, "Soros” Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Hədəfdə olan ölkələrdə sabitliyi pozmaqla iqtisadiyyatda inkişafın qarşısı alınır. Beləliklə, aydın olur ki, vətəndaş cəmiyyətinə dəstək adı altında fəaliyyət göstərən bu institutların timsalında gerçək məqsəd xaos yaratmaq cəhdləridir və bu kontekstdə "demokratiya”, "insan haqları” kimi dəyərlərdən siyasi vasitə kimi istifadə olunmaqdadır. Nümunələrdən görünür ki, xüsusilə də antimilli dairələr bu prosesdə canfəşanlıqla iştirak edir, külli miqdarda maliyyə vəsaiti mənimsəyirlər. Nəticə etibarilə görünən odur ki, bəzi güc mərkəzləri tərəfindən "vətəndaş cəmiyyətinə dəstək” adı altında xaos və anarxiya yaratmaq cəhdləri edilir. Ayrı-ayrı ölkələr siyasi qarşıdurma meydanına çevrilir. Azərbaycana yönəlik bu cür planlarda bəzi QHT-lər və ölkəmizdəki "beşinci kolon” xüsusi fəallıq göstərir.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı qeyd edir ki, xarici donor təşkilatlar Azərbaycan dövlətçiliyinin taleyüklü məsələləri ilə bağlı layihələrinə dəstək vermirlər, maliyyə ayırmırlar: "Məsələn, Qarabağ probleminin həllinə dəstək, məcburi köçkünlərin problemləri, milli vətənpərvərlik hissinin inkişafı ilə bağlı layihələr heç bir xarici donor tərəfindən maliyyələşdirilmir. Xarici qurumlarla işləyən nüfuzlu QHT-lər var ki, onlar Azərbaycanın milli və dövləti maraqlarını nəzərə alırlar. Onların bir çoxu dövlətçiliyə də dəstək verir. Amma bəzi QHT-lər də var ki, onlara üzdəniraq QHT-lər demək lazımdır. Onlar Azərbaycan haqqında reallığı əks etdirməyən, donor sifariş və maraqlarına söykənən hesabatlar hazırlamağa yönləndiriliblər. Onlar Azərbaycanın milli maraqlarını satırlar. Hər halda onlara qarşı hüquq-mühafizə orqanları, müvafiq qurumlar qanunvericiliyin tələblərindən irəli gələrək tədbir görməli, şəffaf hesabatlar tələb etməlidirlər. Bu cür QHT-lər müvafiq qurumlara heç bir hesabat vermirlər. Fəaliyyətlərini cəmiyyətdən gizlətməyə çalışırlar. Onlar hansısa xaricdə oturmuş bir donor təşkilatının hesabına Azərbaycanda layihə həyata keçirirlər və ancaq həmin donora hesabat verirlər. Bu, QHT-lər haqqında qanuna da ziddir. Sonra da deyirlər ki, şəffaflıq lazımdır, demokratiklik lazımdır. Onlar özləri bu baxımdan qeyri-şəffaf və demokratik aşkarlığa zidd fəaliyyət göstərirlər. Belə qurumları biz pisləyirik və bu cür təşkilatlara qarşı bütün vətəndaşlar imkanları daxilində mübarizə aparmalıdırlar. Dövlət strukturları da bu sahədə qanunun sərt üzünü onlara göstərməlidirlər”.

Biz görürük ki, Azərbaycandakı siyasi sabitliyi gözü götürməyən, dövlətimizin inkişafını istəməyən qüvvələr, daxildəki ayrı-ayrı xəyanətə meyilli qüvvələr vasitəsilə zərərli işlər görməyə cəhd göstərirlər. Amma bu cür cəhdlər Azərbaycanda təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyə zərrə qədər də təsir etməyəcək. Çünki həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir”.

Anar Bayramoğlu