“Ədəbiyyat”ı dəyişmək mümkün ola biləcəkmi?”

Aqşin Yenisey: “Əgər Elçin Hüseynbəyli “Ədəbiyyat”ı xilas edə bilsəydi, səs-sədasını eşidərdik”
Qismət: “Ədəbiyyat”a gənc, enerjili yazarlar cəlb olunsa, müəyyən müvəffəqiyyətlərə nail olmaq mümkündür”


Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ədəbiyyat” qəzetinin Elçin Hüseynbəylinin baş redaktorluğu ilə ilk sayı nəşr olunub. Yeni sayda Xalq yazıçıları Anar, Çingiz Abdullayev, şair Qulu Ağsəs və digər müəlliflərin yazıları yer alıb. E.Hüseynbəyli isə ilk səhifədə oxuculara müraciət xarakterli baş məqalə yazıb:

"Sayğılı oxucular, həmkarlar, zəngin ənənəsi olan (el dilində desək, qədim-qayım) "Ədəbiyyat qəzeti”nin məsuliyyət yükü "altına girmək” hər oğulun işi deyil. İndiki zamanda qəzet elə bir gündədir ki, onu anlatmaq həm vaxt aparar, həm də kiminsə qəlbinə dəyə bilər. Bircə onu demək olar ki, atlant tək olmur. Ona kömək olmasa nəinki göy qübbəsini, heç qarğı kümü də (daxmanı da) saxlaya bilməz. "Ədəbiyyat qəzeti”nin tarixində təlatümlü olaylar çox olub, amma burada çalışanlar və çap olunanların əksəriyyəti həmişə həqiqətin yanında olublar. Çalışacağıq ki, o nümunəvi ənənələri davam etdirək”.

"Ədəbiyyat” qəzetinin Elçin Hüseynbəylinin baş redaktorluğu ilə nəşr olunan ilk sayını dəyərləndirən gənc yazarların isə Elçin Hüseynbəylinin "Ədəbiyyat”ı dəyişdiyinə dair fikirləri birmənalı deyil.

Gənc şair Aqşin Yenisey "Ədəbiyyat” qəzetinin Elçin Hüseynbəylinin rəhbərliyi ilə oxuculara təqdim olunan sayı ilə tanış olmadığını deyib və həmçinin şair müsbətə doğru heç bir irəliləyiş gözləmədiyini vurğulayıb: "Elçin Hüseynbəyli 5 ilə yaxın "Ulduz” jurnalına rəhbərlik edib, amma buna rəğmən ortalığa bir şey çıxara bilmədi. Hesab edirəm ki, "Ədəbiyyat” qəzetində də diqqəti cəlb edən bir şey edə bilməyəcək. Əslində problem baş redaktorda yox, sistemdədir. Onlar bu sistemi elə qurublar ki, orada yeniliyə yer yoxdur. Heç kəs üçün sirr deyil ki, "Ədəbiyyat” qəzetinə yuxarıdan nəzarət edilir. Həmin qəzetin rəhbərliyi tamam başqa əldədir. Baş redaktor orada formal bir strukturdur. Elçin Hüseynbəyliyə də nə diktə etsələr, onu edəcək. Sözügedən baş redaktor "Ulduz” jurnalına rəhbərliyi zamanı ədəbiyyatımızın xeyrinə nə iş görübsə, indi də həmin fəaliyyətini davam etdirəcək. Bu mənada "Ədəbiyyat” qəzeti kimin baş redaktorluğu ilə çıxır-çıxsın, heç bir yenilik və inkişaf gözləmirəm. Həmin qəzeti almıram, bundan sonra da almaq kimi bir niyyətim yoxdur. Hesab edirəm ki, hazırda onlar ədəbiyyatla yox, meyit yarmaqla məşğuldurlar. Daha doğrusu, "Ədəbiyyat” qəzetində öldürdükləri ədəbiyyatın meyidini yarırlar. Əgər Elçin Hüseynbəyli "Ədəbiyyat”ı xilas edə bilsəydi, səs-sədasını eşidərdik. İstənilən halda, bir adam yeni işə başlayan zaman onun gördüyü işlər, gətirdiyi yeniliklər, ortaya çıxardığı nəticələr 3-5 gündən sonra bəlli olur. Elçin müəllimin 5 il ərzində çıxardığı "Ulduz”u kim aldı ki?”.

Qəzetdə aparılan kadr dəyişikliklərinə gəldikdə isə Aqşin Yenisey deyib ki, bu proses sadəcə olaraq aidiyyəti təşkilatın görüntü və özünün şəxsi məqsədləri naminə oynadığı bir oyundur. Bunu burdan çıxardıb, ora qoyur. O birisini də bunun yerinə. Amma onlar bir şeyi anlamalıdır ki, toplananların yerini dəyişdikdə, cəm dəyişmir.

Gənc şair Qismət isə "Ədəbiyyat”ın inkişafı ilə bağlı ümidlidir: "Ədəbiyyat” qəzetinin son nömrəsi ilə tanış deyiləm. Həm də ki, hələ Elçin Hüseynbəylinin baş redaktorluğu ilə qəzetin cəmi bir sayı işıq üzü görüb. Hələ təzədir. Hesab edirəm ki, bir-iki nömrə ilə rəy vermək çox çətindir. Ancaq aradan bir müddət keçəndən sonra əvvəlki saylarla yeni saylar arasında nə dərəcə fərq olduğunu görmək mümkündür. Hər halda, Elçin Hüseynbəylini təbrik edirəm və ümid edirəm ki, onun rəhbərliyi altında "Ədəbiyyat”da hər şey yaxşı olacaq. O, qəzetə baş redaktor təyin olunandan sonra müsahibələrinin birində "Ədəbiyyat”ın maddi-texniki bazası ilə bağlı problemlərdən və gələcək

planlarından danışmışdı. Hesab edirəm ki, həmin problemlər öz həllini tapsa, planlar yerinə otursa və "Ədəbiyyat”a gənc, enerjili yazarlar cəlb olunsa, müəyyən müvəffəqiyyətlərə nail olmaq mümkündür”.

Yazar Qan Turalı isə "Ədəbiyyat” qəzetinin əvvəlki nömrələrinə baxanda Elçin Hüseynbəylinin baş redaktorluğu ilə çıxan sonuncu sayında müəyyən mənada inkişafın olduğunu deyib: "Qəzetlə tanış oldum. Xeyli irəliləyiş hiss olunur. Ən əsası isə qəzetə sanki demokratik əhval-ruhiyyə gəlib. Hələlik ciddi inkişaf olmasa da, kifayət qədər hiss olunur”.