Qəzaya düşən zəvvarlara yiyə duran yoxdur

Elşad Miraləm: “Bu bizim səlahiyyətimizdə deyil”
Müqəddəs Payızov: “Əgər biz onları göndərsəydik, maraqlanardıq”


Azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də baş verib. Avtobus qəzası Azərbaycan vətəndaşları Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman olub.

Qəza nəticəsində yanğın baş verən avtobusda 31 sərnişin olub. Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb. Onlar təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların hələlik ad və soyadları açıqlanmayıb. Digər sərnişinlər isə avtobusdan təxliyə olunublar.

Sonradan APA-nın İranın "Səhər” telekanalına istinadən verdiyi məlumata görə, məsələ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin işə qarışması ilə öz həllini tapıb. Belə ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib. Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat sözçüsü Elşad Miraləm "Şərq”ə məsələnin onların səlahiyyətində olmadığını söyləyib: "Bu barədə heç nə deyə bilmirəm. Bu, Xarici İşlər Nazirliyinin səlahiyyətində olan bir məsələdir”.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ziyarətə yollanan zəvvarların QMİ-nin xətti ilə getmədiklərini bildirib: "QMİ İraqa heç bir zəvvar göndərmir. Çünki biz və İraq tərəfi də onların təhlükəsizliyinə zəmanət vermir. Biz göndərməmişik. Əgər biz onları göndərsəydik, maraqlanardıq. Ona görə də məsuliyyət daşımırıq. Kimsə bir avtobus tutub, viza alaraq insanları toplayıb gedir. QMİ buna nə edə bilər və niyə tədbir görməlidir? Məşhəd ziyarətinə göndəririk, o da hələ gedən yoxdur”.

Vüqar Şahinoğlu