Zakir Həsənovun İran səfərində maraqlı detallar var

Zahid Oruc: “Rəsmi Bakı təhlükəsizlik arxitekturasında İranla əlaqələrə normal yanaşır”
Üzeyir Cəfərov: “Bu çox vacib və lazımlı səfərlərdən biri sayıla bilər”


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana səfəri başa çatıb. Tehranda iki günlük səfərdə olan müdafiə naziri dünən Bakıya dönüb. Xəbər verdiyimiz kimi, səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb. İki ölkə arasındakı əlaqələrin genişlənməsinə dair fikirlər səsləndirilib.

Ona görə də səfər ikitərəfli münasibətlərdə müsbət tendensiyaların inkişafı kimi də dəyərləndirilir. Ekspertlər bildirirlər ki, islahatçı Həsən Ruhaninin prezidentliyi dövründə Qərblə əlaqələr fonunda Azərbaycana da münasibətdə pozitiv dəyişikliklər olub. Hətta iranlı həmkarı Hüseyn Dehqanla birgə keçirdiyi mətbuat konfransında Z.Həsənov deyib ki, heç bir super gücə Azərbaycan torpaqlarından istifadə edərək qonşu ölkələrə hücum etməyə icazə verilməyəcək. Nazir onu da bildirib ki, ərazimizdən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Buna icazə verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir. Həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik”. İranlı nazir də öz növbəsində regional məsələlərlə bağlı İranla Azərbaycanın mövqelərinin üst-üstə düşdüyünü qeyd edib: "Görüşdə hərbi, təhlükəsizlik, siyasi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Məmnuniyyətlə deyə bilərəm ki, fikrimiz eynidir”. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, H.Dehqan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladıb.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də İrana rəsmi səfər etmişdi.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc səfərləri belə şərh edib: "İ.Əliyevin səfəri bir daha Azərbaycanın regionla bağlı sülhpərvər niyyətlərini və xoş məramını ifadə etdi. Bu, bölgədə formalaşmış təhlükəsizlik atmosferinə yalnız müsbət təsir edir”.

Deputat söyləyib ki, H.Ruhaninin prezident seçilməsindən sonra cənub qonşumuzla gələcək normal əməkdaşlığa zəmin yaranıb: "Bu cür səfərlər onu sübut edir ki, Azərbaycan bir tərəfdən İranın Ermənistanla əlaqələrinin hər hansı şəkildə azalması və ya neytrallaşdırılmasının tərəfindədir. Bununla yanaşı, rəsmi Bakı müxtəlif formalarda bölgədə formalaşa biləcək təhlükəsizlik arxitekturasında İranla əlaqələrə normal yanaşır. Bu, heç bir halda üçüncü ölkənin əleyhinə, Qərbə qarşı bir şantaj elementi kimi dəyərləndirilə bilməz. Azərbaycan Qərb strukturları ilə yaxın əlaqələrə malikdir. İranın məlum qüvvələri Azərbaycanın Avroatlantik məkanla əlaqələrini özlərinin milli maraqlarına zərbə sayırlar. Amma onlar əmin ola bilər ki, Azərbaycan bu əlaqələrdə üçüncü dövlət əleyhinə xüsusi niyyət güdmür. Z.Həsənovun səfərini normal qarşılamaq lazımdır. Beynəlxalq maraqlara və hərbi məqsədlərimizə zərbə vurmur. İranın Azərbaycanın hərbi müttəfiqi ola bilməməsinin səbəbi hər kəsə bəllidir. Bunun üzərində dayanmağa dəyməz”.

Hərbiçi-ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov düşünür ki, ölkə rəhbəri İlham Əliyevin bu günlərdə Tehrana rəsmi səfəri çərçivəsində bir sıra vacib məsələlər barəsində aparılan danışıqlar sırasında hərbi əməkdaşlıq məsələləri də olub: "Müzakirə edilən vacib məsələlərdən biri də ölkəmizlə İran arasında hərbi sahədə əməkdaşlıq məsələləri idi. Biz onu uzun illərdir müşahidə etmirdik. Bəzi dövlətlərin İranla əlaqələrə məhdudiyyət qoymaları da səbəb olmuşdu. İndi isə Azərbaycan müstəqil şəkildə bu məsələlərdə qərarlar qəbul edir. Öz müdafiəsi və təhlükəsizliyi üçün vacib saydığı məsələləri önə çəkir. Şübhəsiz ki, rəsmi İranla mehriban qonşuluq siyasəti, regional

əməkdaşlıq və hərbi sahədə birgə fəaliyyət üçün yolları arayıb tapır. Bu istiqamətdə qarşılıqlı fayda kəsb edən sazişlər imzalayır. Z.Həsənov İrana səfərə gedir ki, hərbi sahədə perspektiv məsələləri detallar şəklində müzakirəyə çıxarıb lazım olan hüquqi prosedurları həll etsin. Fikrimcə, bu çox vacib və lazımlı səfərlərdən biri sayıla bilər”.

Ayyət Əhməd